AYB-də İqbal Nəhmətin 50 illik yubileyi və kitab təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair-publisist İqbal Nəhmətin 50 illik yubileyi və “Sözdən sonrakı sabah” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ziyalılar, yazıçılar, şairlər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Təqdimat mərasimini şair, tərcüməçi, esseist, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu aparıb. O, qonaqları salamladıqdan sonra İqbal Nəhmətin yaradıcılığı haqqında ətraflı danışıb, şairin poeziyasını yüksək dəyərləndirərək onun yaradıcılıq xüsusiyyətlərinə diqqət çəkib və yubiley münasibətilə təbriklərini çatdırıb.

Ardınca Səlim Babullaoğlu AYB sədri, Xalq yazıçısı Anarın imzası ilə hazırlanmış Fəxri Diplomu yubilyara təqdim edib.

Tədbirdə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı İqbal Nəhmətin xalqın içindən gələn, xalqın dilində danışan şair olduğunu vurğulayıb. O, çıxışında deyib: “İqbal xalqın dilində yazır, xalqın dilini yazır, xalqa müraciət edir. Ona görə də onun şeirlərini xalq çox sevir”.

Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Mərdan Seyidbəyli də tədbirdə çıxış edərək şairin yaradıcılığına münasibətini bildirib və çıxışının sonunda yubilyara cəmiyyət adından  təşəkkürnamə təqdim edib.

Professorlar Telman Məlikzadə və Qulu Məhərrəmli, Hacı Firudin Cəfərov, Rəfail Həbiboğlu, Faiq Balabəyli, Xatirə Fərəcli, Gülnarə Camaləddin və digər çıxışçılar İqbal Nəhmətin yaradıcılığı, poeziyasının məziyyətləri və yeni nəşr olunan kitabı barədə fikirlərini bölüşüblər.

Müəllifin şeirlərindən nümunələrin səsləndirilməsi mərasimə xüsusi bədii çalar qatıb.

Sonda İqbal Nəhmət çıxış edərək tədbirin təşkilinə görə AYB rəhbərliyinə, mərasimdə iştirak edən ziyalılara, qələm dostlarına, yaradıcılığına diqqət və ehtiram göstərən hər kəsə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Sözdən sonrakı sabah” şeirlər kitabı İqbal Nəhmətin oxucularla üçüncü görüşüdür.

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.