AYB-də Zəfər ruhu ilə “Şuşa, salam!” deyildi

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında  Zəfər savaşımızın 6-cı ildönümünə həsr olunmuş “Şuşa, salam!” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AYB rəhbərliyi, tanınmış ziyalılar, yazıçılar, Vətən müharibəsinin iştirakçıları, qazilər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca tədbirin aparıcısı, şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Sonra aparıcı ilk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verib.

AYB sədri xalqımızı Zəfər münasibətilə təbrik edərək bu qələbənin milli ruh və yaddaş baxımından əhəmiyyətini vurğulayıb. “Bu zəfər millətin qürur, əminlik hissinin qaytarılması idi”, – deyən yazıçı kitabın ərsəyə gəlməsində əməyi olanları təbrik edərək minnətdarlığını bildirib.

Daha sonra Səlim Babullaoğlu xalqımızı Zəfər Günü münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Təqdimat zamanı aparıcı nəşr haqqında ətraflı məlumat verib. Zərdabi Nəşriyyatında çap olunan kitab Azərbaycan Yazıçılar Birliyinin “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları İctimai Birliyi ilə birgə hazırladığı layihədir. Nəşrdə Şuşanın tarixi, mənəvi dəyəri və Zəfər ruhu öz əksini tapıb. Kitabın layihə müəllifi və redaktoru Səlim Babullaoğlu, məsləhətçisi isə ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovdur.

Səlim Babullaoğlu çıxışında kitabın yaranma ideyası və layihənin həyata keçirilmə mərhələləri barədə danışıb. O bildirib ki, 44 gün ərzində dünyanın 30-a yaxın ölkəsindən 44 şair Şuşaya həsr olunmuş şeirlər səsləndirib. Azərbaycan ədəbiyyatı və mediası tarixində ən uzun şeir marafonu kimi dəyərləndirilən bu layihədə Türkiyə, ABŞ, Pakistan, İtaliya, Yaponiya, Rusiya və digər ölkələrin şairləri iştirak edərək Şuşaya və Azərbaycan xalqına dərin ehtiramlarını ifadə ediblər.

Qeyd olunub ki, həmin marafon təkcə ədəbi layihə deyil, həm də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində Şuşaya qovuşmağımızın mənəvi ifadəsi olub.

Tədbirdə kitabın məsləhətçisi, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, katib Elçin Hüseynbəyli, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir, Qərbi Azərbaycan İcmasının sədri Məhəmməd Rəsuloğlu, yazıçı Seyran Səxavət, polkovnik Səlim Tağıyev, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Hamlet İsmayılov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov və başqaları çıxış ediblər.

Çıxış edənlər xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib, kitabın ideya-bədii məziyyətlərindən, Şuşanın milli-mənəvi həyatımızdakı müstəsna yerindən və nəşrin gələcək nəsillər üçün daşıdığı əhəmiyyətdən danışıblar.

Tədbir çərçivəsində Səlim Babullaoğlu kitabda yer alan şeirlərdən nümunələr səsləndirib. Mərasim onun ifasında Xalq şairi Rəsul Rzanın nəşrdə yer almış “Şuşam mənim” şeirinin səsləndirilməsi ilə başa çatıb.

Bu gününlə sevinirəm.

Fərəhinlə fərəhliyəm.

Yorulmaram,

gəlhagəlli,

incə telli

büsatından yüz gün deyəm.

Şuşam mənim!

Mətanətlə, dəyanətlə

səxavətlə qoşam mənim!

Yazıya 30 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.