Daş divarlar nəfəsi kəsir, pəncərədən düşən tək zolaqlı solğun işıq zərrəsi isə yalnız tozun dənəvər rəqsini göstərirdi. Əlləri qabarlı, barmaqları isə söz axtarmaqdan yorulmuşdu. Masanın üzərindəki o saralmış kağız parçası, qırılmış uclu qələm və içində qaynayan, lakin dilə gəlməyən milyonlarla duyğu… Bunlar onun sonuncu tənha yoldaşları idi.
Çöldə həyat axıb gedirdi. Yaz gəlirdi, ağaclar çiçəkləyirdi, uşaqların qaçış səsi daşların arasından süzülüb zindanın dərinliyinə qədər çatırdı. Amma o, burada zamanın dayandığı, divarların hər gün bir az daha da daraldığı bu səssizlik qəfəsində yazmaq istəyirdi. Təkcə yazmaq yox, içindəki o üsyanı, o böyük həqiqəti kağıza köçürmək istəyirdi. Qələmi əlinə alanda isə sözlər quş kimi qaçırdı. Cümlələr bir-birini izləmir, düşüncələr duman kimi qarışır, ağappaq vərəq üzərində sanki qara bir ləkə kimi donub qalırdı.
İçindəki istirab dözülməz idi. Bir yazıçının qələmini itirməsi, daha doğrusu, qələmi əlində ola-ola içindəki bulağın quruması zindanın özündən də ağır zindan idi. O düşünürdü: “Görəsən, azadlıq elə sözün özümü idi? Məni həbs edən bu daş divarlar yox, məhz bu dilsizləşən ruhumdurmu?”
Hər gecə qaranlıq çökəndə o əzab daha da böyüyürdü. Beynində səslər qopur, qəhrəmanları qapını döyür, hekayələri sonluq tələb edirdi, amma o, bu səsləri sətrə çevirə bilmirdi. Sanki yaddaşı silinmişdi, sanki illərlə yığdığı bütün xatirələr, bütün insani duyğular bir göz qırpımında boşa çıxmışdı. Gözlərindən süzülən isti yaş kağıza damlayır, o qurumuş mürəkkəbi isladırdı. Amma gözyaşı da yazmırdı, yalnız ağrı çəkirdi.
O, başını daş divara söykəyib pıçıldadı: “Yazmaq yaşamağın tək sübutudur. Yazmıramsa, demək, artıq yoxam.”
Amma hələ nəfəs alırdı, demək, ümid hələ ölməmişdi. O, titrək barmaqları ilə yenidən qələmi sıxdı, vərəqə doğru əyildi. Bəlkə bu dəfə o qaranlıq düşüncələr, bəlkə bu dəfə tək bir cümlə də olsa zindanın divarlarını yıxıb çölə çıxardı…
Zindanın küncündəki o dilsiz sükut nəhayət qırıldı.Qələm vərəqə toxundu və mürəkkəb daş divarların üzərində deyil, azadlığın öz oxunda axmağa başladı.
Gecə yarısı idi. Keşikçilərin səsləri dəhlizdə yavaş-yavaş uzaqlaşır, yerini divarlardan süzülən rütubət damcılarının birbəbir düşən monoton pıçıltısına verirdi. O, saralmış vərəqin üzərində yenidən əyildi, amma bu dəfə qələm onun barmaqları arasında bir yük deyil, çəkisiz bir lələk kimi yüngül idi. İçindəki o illərlə toplanmış tıxanmışlıq, bəndini yaran çay kimi birdən-birə axmağa başlamışdı.
O, yazırdı:
“Biz azadlığı qapıların açılmasında, qıfılların paslanıb düşməsində axtarırıq. Elə bilirik ki, azadlıq çöldəki o geniş küçələrdir, günəşin maneəsiz şüalarıdır, ya da ayaqlarımızın altında uzanan sonsuz yollardır. Lakin mən bu dörd daş divar arasında anladım ki, insanı zindana salan dəmir barmaqlıqlar deyilmiş, onun öz susqunluğudur.
Çöldə gəzən neçə-neçə insan var ki, ruhları mənim bu dar hüceyrəmdən də qaranlıq zindanlara məhkumdur. Onlar nəfəs alırlar, amma danışmırlar. Onlar görürlər, amma həqiqəti görməzdən gəlirlər. Onlar yaşayırlar, amma öz düşüncələrinin qorxusuna əsir olublar. Əsl köləlik – fikrin zəncirlənməsidir. Əsl həbsxana – susmağa məcbur edilən vicdandır.
İndi mənim bədənim bu dar hüceyrədədir. Amma bu qələmin ucu vərəqə dəydiyi an, mən artıq burada deyiləm. Mən o pəncərədən süzülən ilk səhər işığındayam, küçədə qaçışan uşaqların gülüşündəyəm, xəzri küləyinin dəniz üzərində qaldırdığı dalğalardayam. Düşüncəni daş divara çırpıb öldürmək olmaz. Sözü həbs etmək mümkünsüzdür. Söz bir dəfə doğuldusa, o artıq kainatındır.
Əgər bir gün bu vərəqlər buradan çölə çıxsa və kimisə öz daxili qorxusundan azad etsə, demək, mən heç vaxt zindanda olmamışam. Mən yazdıqca azadam, yazdıqca varam…”
Mürəkkəb bitdi, sonuncu nöqtə kağızın üzərinə bir damla kölgə kimi düşdü. Çöldə artıq dan yeri sökülür, pəncərədən düşən işıq zolağı bir az da genişlənirdi. O, başını qaldırdı, dərin bir nəfəs aldı. Üzündəki o əzabsız, dinc təbəssüm divarların qaranlığını yarıb keçirdi. Qapı qıfılı yenidən şaqqıltı ilə açılsa da, artıq gec idi – o, çoxdan azad idi.
Tural İbrahim,
Yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyinin , Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü
Yazıya 23 dəfə baxılıb











