Ədəbi mühit sözün, düşüncənin və mənəvi dəyərlərin qorunduğu məkan olmalıdır. Burada fikir müxtəlifliyi, tənqid və müzakirə təbii qarşılanmalı, lakin bütün bunlar qarşılıqlı hörmət və peşə etikası çərçivəsində həyata keçirilməlidir. Təəssüf ki, bəzən sözün azadlığı ilə şəxsi təhqir, tənqidlə qarayaxma, fikir mübadiləsi ilə qarşıdurma arasındakı sərhəd unudulur.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəfələrlə gələn Sevil Gültənin davranışları, əməkdaşlarla münasibəti və iş prosesinə müdaxiləsi kollektivimizdə ciddi narazılıq yaradıb. O, Mərkəzə hər gəlişində əməkdaşların fəaliyyətinə müdaxilə edir, iş prosesimizi pozur, aqressiv və qeyri-etik davranışı ilə iş mühitinə mənfi təsir göstərir. Onun əməkdaşların ünvanına təhqiramiz ifadələr işlətməsi, şəxsi həyatlarına toxunması və sosial şəbəkələrdə Mərkəzin fəaliyyəti haqqında həqiqətə uyğun olmayan məlumatlar yayması ciddi narahatlıq doğurur.
Məsələ yalnız bir kollektivə münasibətlərlə məhdudlaşmır. Sevil Gültənin sosial şəbəkələrdə çoxsaylı şəxsləri tənqid və təhqir etməsi, tanınmış və nüfuzlu insanların şərəf və ləyaqətinə toxunan ifadələr işlətməsi, müxtəlif şəxslərlə mübahisələrinin məhkəmə çəkişmələrinə qədər uzanması adi hal alaraq onun həyat tərzinə çevrilib. Son günlərdə Azərbaycan şairi, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, AYB İdarə Heyətinin üzvü, Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü, əsərləri 20-dən çox dilə tərcümə olunmuş, 200-dən artıq kitabın tərtibçisi, redaktoru, tərcüməçisi və naşiri, bir sıra nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülmüş Səlim Babullaoğlu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. Paylaşımında Azərbaycan ədəbiyyatını dünyada və dünya ədəbiyyatını Azərbaycanda tanıdan nüfuzlu bir söz adamını, təkbaşına bir institutun gördüyü işi görən ziyalını nəinki tənqid, hətta təhqir edib.
Tənqid hər bir insanın hüququdur. Lakin tənqid fakt və arqumentlərə söykənməli, şəxsiyyətin alçaldılmasına, əsassız ittihamlara, böhtan və təhqirə çevrilməməlidir. Sözün azadlığı başqasının hüquq və ləyaqətini pozmaq azadlığı demək deyil.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi olaraq hesab edirik ki, sağlam yaradıcı mühitin qorunması, əməkdaşların hüquqlarına və peşəkar ləyaqətinə hörmət edilməsi vacibdir. Şəxsi mübahisələrin institusional fəaliyyətə mane olmasına yol verilməməli, yaranmış narazılıqlar hüquqi və etik normalar çərçivəsində həllini tapmalıdır.
AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi
Yazıya 29 dəfə baxılıb










