AYB-də İmran Güllübulaqlının 65 illik yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında şair, publisist, filoloq və pedaqoq İmran Güllübulaqlının 65 illik yubileyi və onun “Qaranlığa işıq saçır sözlərim” kitabının təqdimatı keçirilib.

kultur.az xəbər verir ki, tədbirdə ziyalılar, yazıçılar, şairlər, oxucular və media nümayəndələri iştirak ediblər. Yubiley mərasimində İmran Güllübulaqlının həyat və yaradıcılığı, ədəbiyyata verdiyi töhfələr, şairlik dünyası və yaradıcılığının əsas xüsusiyyətləri ətrafında söhbət aparılıb.

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir çıxışında İmran Güllübulaqlının poeziyasının məzmun və forma xüsusiyyətlərinə toxunaraq onun şeirlərində insanın mənəvi dünyasının, həyat həqiqətlərinin, zaman və insan münasibətlərinin bədii ifadəsini önə çəkib. Ədəbi tənqidçi şairin sözə həssas münasibətini, poetik düşüncəsinin özünəməxsusluğunu və yaradıcılığında duyğu ilə düşüncənin vəhdətini vurğulayıb. O, qeyd edib ki, İmran Güllübulaqlının poeziyasında söz yalnız hisslərin ifadə vasitəsi deyil, həm də insanı düşündürən, mənəvi axtarışlara sövq edən bir qüvvə kimi çıxış edir. Əsəd Cahangir yubilyarın ədəbi fəaliyyətinin onun fərdi yaradıcılıq dünyasını əks etdirdiyini bildirərək şairə yeni yaradıcılıq uğurları arzulayıb.

Çıxışının sonunda Əsəd Cahangir Beynəlxalq İssık-Kul Forumunun prezidenti Askar Aytmatovun Bişkekdə imzaladığı  “Çingiz Aytmatov” medalını yubilyara təqdim edib.

 

Yazıya 5 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.