Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında misirli yazıçı, şair, tərcüməçi və Asiya Jurnalistlər Assosiasiyasının prezidenti Əşrəf Dalinin “Şəmaus” romanının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ədəbiyyat, elm və mədəniyyət xadimləri, yazıçılar, şairlər və media nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir mərasim haqqında qısa məlumat verdikdən sonra ilk sözü AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə verib. Çingiz Abdullayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Əsəd Cahangir “Şəmaus” romanı haqqında qısa məlumat verib və əsərlə bağlı ətraflı danışmaq üçün sözü kitabın redaktoru və ön söz müəllifi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərə təqdim edib.
Adilə Nəzər çıxışında romanın məzmunu, bədii xüsusiyyətləri və qaldırdığı ictimai-mənəvi problemlər barədə məlumat verib.
Tədbirdə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor Tariq Məhəmməd Əbul-Futuh da iştirak edib. O, çıxışında Azərbaycan-Misir ədəbi və mədəni əlaqələrinin əhəmiyyətindən danışıb. Professor romanın Azərbaycan dilinə tərcüməsinə və nəşrinə verdikləri töhfəyə görə tərcüməçi Təranə Məmmədə və redaktor Adilə Nəzərə Mərkəzin sertifikatlarını təqdim edib.
Tədbirdə çıxış edən tərcüməçi Nəriman Qasımoğlu mərasimdə iştirak edə bilməyən müəllif Əşrəf Dalinin şeirlərindən nümunələr səsləndirib. O, şeirləri həm ərəb dilində, həm də Azərbaycan dilində, öz tərcüməsində təqdim edib.
Mərasimdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, yazıçılar Əlabbas Bağırov, Meyxoş Abdulla, Lətifə Oruc, Qəni Camalzadə, şairlər Rəfail Tağızadə və Yusif Nəğməkar, Əməkdar jurnalist Zemfira Məhərrəmli, kərküklü jurnalist Leyla xanım və digər ziyalılar iştirak ediblər.
Tədbirin diqqətçəkən məqamlarından biri də rəssam-şair Aygün Akınayın öz rəsm əsərini Tariq Məhəmməd Əbul-Futuha hədiyyə etməsi olub.
Sonda kitabın ərəb dilindən Azərbaycan dilinə tərcüməçisi Təranə Məmməd çıxış edərək əsər, onun tərcümə prosesi və nəşri barədə fikirlərini bölüşüb. O, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, “Şəmaus” romanı Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında nəşr olunub. Layihənin ideya müəllifi Mərkəzin sədri Əsəd Cahangirdir.
Yazıya 12 dəfə baxılıb



















