Zemfira Məhərrəmlinin “Nəfs” romanının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin “Nəfs” romanının (Qanun Nəşriyyatı, 2026, 208 səh.) təqdimat mərasimi keçirilib.

Ədəbi görüşdə tanınmış ziyalılar, yazıçılar, şairlər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirin aparıcısı, yazıçı-tənqidçi Əsəd Cahangir yeni nəşr haqqında ətraflı məlumat verib, müəllifin yaradıcılıq xüsusiyyətlərinə diqqət çəkib. O qeyd edib ki, Zemfira Məhərrəmli bu dəfə oxuculara sayca iyirmi ikinci kitabı olan “Nəfs” romanını təqdim edir. Müəllif yaradıcılıq missiyasına sadiq qalaraq, əsərində həyatın enişli-yoxuşlu yollarına, insan talelərinin mürəkkəbliyinə, gerçək dünyanın əzəli-əbədi dəyərlərinə toxunur. Romanda müxtəlif xarakterli insanların, dürüstlükdən dönməyənlərin və nəfsinin əsirinə çevrilənlərin həyat hekayələri bədii əksini tapır.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin  birinci katibi Çingiz Abdullayev,  AYB-nin sədr müavini Rəşad Məcid, professor Asif Rüstəmli, yazıçılar Qəni Camalzadə, Arzu Nehrəmli, şairlər Güləmail Murad, Təranə Məmməd, Yusif Nəğməkar və digər natiqlər kitabın ədəbi-bədii məziyyətlərindən, müəllifin yaradıcılıq yolundan söz açıblar.

Çıxışlarda Zemfira Məhərrəmlinin ədəbi fəaliyyətinin müxtəlif istiqamətləri təhlil olunub, onun əsərlərindəki səmimiyyət, sadə təhkiyə, həyat müşahidələrinin dərinliyi və insan xarakterlərinin inandırıcı təsviri xüsusi vurğulanıb.

Ədəbi görüşün sonunda Zemfira Məhərrəmli çıxış edərək AYB rəhbərliyinə, təqdimat mərasimində iştirak edənlərə, onun yaradıcılığına diqqət və ehtiram göstərənlərə təşəkkürünü bildirib.

Səmimi söhbət və xatirə fotoları ilə yadda qalan təqdimat mərasimi xoş ovqatda başa çatıb.

 

 

Yazıya 3 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.