ƏDƏBİ TƏNQİDİN MÜZAKİRƏSİ

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsində, 28 oktyabr 2026-cı il tarixdə ““Xəzan” jurnalı və onun perspektivləri” mövzusunda müzakirə keçirildi. Müzakirədə ədəbi tənqid şöbəsinin müdiri və əməkdaşları, eyni zamanda “Xəzan” jurnalının baş redaktoru və redaksiya heyətinin bəzi üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli yığcam nitq söylədi. O, dedi:

-Bu gün 11 ildir ki, fəaliyyət göstərən “Xəzan” ədəbi-bədii jurnalı bizim müzakirədə təhlil olunacaq. Məlumdur ki, Azərbaycanda jurnal ənənəsi ötən əsrin əvvəllərindən (söhbət XX əsrdən gedir) yaranıb. Bizdə ən “qocaman” ədəbi-bədii jurnal “Azərbaycan” jurnalıdı. 1923-cü ildən nəşr olunan bu jurnal “Azərbaycan ədəbiyyatının güzgüsü” adlandırılır. “Ulduz” jurnalı isə 60 ilə yaxındır ədəbi gəncliyi təmsil edir. Müstəqillik illərində bir sıra yeni jurnallar da nəşr olunmağa başladı. Lakin onların əksəriyyəti ya maliyyə üzündən, ya da oxucu tələbatına uyğun gəlməməsi səbəbindən nəşrlərini dayandırdılar. “Xəzan” jurnalı isə 11 ildir fəaliyyət göstərir, onun öz oxucu auditoriyası var. Bu jurnalda ədəbi-bədii yazılar üstünlük təşkil edir. Tanınmış şair və yazıçıların sırasında çox az tanınan yazarlar da bu jurnalda dərc olunurlar. Əsasən bölgələrdə yaşayan yazarların yazılarına daha çox yer verilir. Olsun ki, “Xəzan”da dərc olunan bədii materialların zəif və ortabab nümunələri də diqqətdən yayınmır. Bu da təbiidir. Jurnalın redaktoru Əli bəy Azəridir. Onun naşirlik qabiliyyətini təqdir edir, uğurlar arzulayıram. Buyursun!

“Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri jurnalın yaranma zərurəti, nəşri, ölkənin bölgələrinə yayılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qələm adamları ilə əlaqə və s. barədə geniş məruzə etdi. O, dedi::

-Hörmətli Vaqif Yusifli! Hörmətli tədbir iştirakçıları!

Bizim üçün çox məsuliyyətli bir gündə sizi səmimi qəlbdən salamlayıram. Eyni zamanda bir jurnal redaktoru olaraq Mirzə Cəlil, Əli bəy Hüseynzadə irsinin davamçısı kimi sizi salamlamaqdan qürur duyuram. İlin əvvəlində – jurnalın nəşrə başlamasının on ili tamam olanda keçdiyimiz keşməkeşli yol haqda “Baş redaktorun qeydləri” adlı məqalə yazıb saytlarda yerləşdirdim. İstədiyiniz vaxt həmin məqalə ilə tanış ola bilərsiniz. Bununla belə bəzi məqamları qeyd etməyi özümə borc bilirəm.

Bu gün “Xəzan” ədəbi-bədii jurnalı on birinci ildir ki, davamlı olaraq çıxır. Noyabr ayında jurnalın 77-ci nömrəsi nəşr olunacaq. Jurnal Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən 16 yanvar 2016-cı ildə müvafiq qeydə alınmış və mövcud qanunvericiliyin şərtlərinə uyğun nəşrinə icazə verilmişdir. İlk gündən mənim redaktorluğum altında çıxmışdır.

Jurnalın nəşri iki ayda bir nömrə nəzərdə tutulmuşdur. Konkret səhifə sayı müəyyənləşdirilməmişdir. Ən az səhifəsi olan nüsxə 84, ən çox səhifəsi olan nüsxə 160 səhifədən ibarət olmuşdur. Son iki ildir ki, jurnal konkret olaraq 104 səhifə ilə çıxır. Ən az tiraj 100, ən çox tiraj 200 olmuşdur. Beləliklə, bu gün ölkə ərazisində jurnalın səkkiz mindən çox nüsxəsi mövcuddur.

Vicepediya saytında jurnalın səhifəsi yaradılmış, orada müvafiq məlumatlar yerləşdirilmişdir. M.F.Axundov (indiki Milli Kitabxana) və AMEA Elmi Kitabxana ilə əməkdaşlıq qurulmuş, jurnalın bütün nəşrlərindən nüsxələr verilmişdir. Hər iki kitabxana jurnalın tam külliyyatının PDF variantını katoloqa qəbul etmişdir. Bundan əlavə, jurnalın böyük bir hissəsindən Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, İsmayıllı, o cümlədən ölkənin digər şəhər və rayonlarının mərkəzi kitabxanalarına verilmişdir.

Jurnal nəşrə başladığı gündən bir sıra nüfuzlu şair və yazıçıların diqqətini çəkmiş, onların təbliğatı sayəsində əhatə dairəsini genişləndirmiş və bu gün də genişləndirməkdədir. İlk nömrələrdə materialların toplanmasında Hikmət Məlikzadə, Vahid Məhərrəmli, Sahib Abdullayev, Mahir Cavadlı öz dost köməyini əsirgəməmişdir. İsmayıllıda yaşayan şair Şahməmməd Dağlaroğlu isə ilk gündən jurnalla əməkdaşlığa necə qoşulmuşsa, bu gün də eləcə davam etməkdədir.

2018-ci ildən jurnalın nəşrinə daha bir nəfər qoşulmuşdur. O, uzun müddət Mingəçevirdə yaşamış, sonra Bakıya köçmüş şairdir. Aşıqların dilindən düşməyən el arasında daha çox məşhur olan “Baş sarıtel” mahnısının müəllifi Ramiz İsmayıl həm də “Bir şair ayrılır Mingəçevirdən” misrası ilə tanınır. Ramiz İsmayıl jurnalın baş redaktorunun müavini kimi nəşrə canı-dildən köməklik göstərir.

Jurnalın nəşrinə zərurət ədəbi mühitdə yazıb-yaradanların çoxluğundan və mövcud ədəbi dərgilərdə yazı məhsullarını operativ şəkildə çap etdirə bilməməklərindən yarandı. Bədii ədəbiyyat qloballaşan informasiya bolluğunda publisistikadan geriləsə də cəmiyyət arasında öz funksiyasını itirməmişdir. Vaxtında çap olunmuş və yayılmış ədəbi materialın təsiri heç də informasiya resursunun yaydığı məlumatdan zəif deyil, hətta bəzən üstünlüyü də öz üzərində saxlamış olur.

Müxtəlif illərdə jurnalda Əli bəy Azərinin “Generalın yefreytor vəkili”, hissə-hissə “Adsız döyüş” romanları, Əli bəy Azərinin Şəfaqət Cavanşirzadə ilə birlikdə yazdığı “Şən dullar” filminin ssenarisi, Ayaz İmranoğlunun hissə-hissə “Sevgilimin oğlu qardaşımdır”, “Uşaq ferması”, Şiringül Musayevanın “Mən Nəsimiyəm” və Natella Nurun “Allahın hədiyyəsi” mini-romanları, Ramiz İsmayılın Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun döyüş yolundan bəhs edən irihəcmli “Gözü yolda qalan var” povesti hissə-hissə çap olunmuşdur. Bundan əlavə onlarla povest və poemalar da jurnalın müxtəlif nömrələrində yer almışdır.

Hər il jurnalın son – noyabr, dekabr nömrəsində ilin yekunu verilmişdir. Burada il ərzində çap olunmuş materialların adlı siyahısı yerləşdirilib. Yekundan aydın olur ki, jurnalda çap olunanlar arasında elm adamlarına, müxtəlif peşə sahiblərinə rast gəlmək mümkündür. Ədəbi məqalələr, əsərlər haqqında rəylər, resenziyalar, şair və yazıçıların həyat və yaradıcılıqları haqqında məqalələr bədii əsərlərlə birlikdə jurnalı daha maraqlı və oxunaqlı edir.

Şair və yazıçıların yubiley yaşlarının qeyd olunması jurnalın həyatında bir ənənəyə çevrilmişdir.

Jurnal Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün bölgələrini əhatə etmişdir. Elə bir rayon tapılmaz ki, oradan bir nəfər yaradıcılıq məhsullarını jurnalda çap etdirməsin.

Jurnalda xaricdə yaşayan Azərbaycan qələm sahiblərinin əsərləri ilə birlikdə həmin ölkələrin şair və yazıçıların əsərlərindən tərcümələrə də yer verilib və verilməkdədir. Bu günədək Almaniyada, ABŞ-da, Böyük Britaniyada, Rusiyada, Türkiyədə yaşayan soydaşlarımız rahatlıqla jurnalda çap olunmuşlar. Onlara jurnal nüsxələri göndərə bilməmişik, jurnalın elektron versiyasını – PDF-ni göndərməklə kifayətlənmişik.

2019-cu ildən “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Xəzan” jurnalının internet üzərindən yayılması, operativ olaraq jurnal barədə məlumatların yerləşdirilməsi və s. internet işlərini öz üzərinə götürmüş və şərəflə yerinə yetirməkdədir.

Müxtəlif vaxtlarda başkir, tatar, qazax, qırğız və türk, o cümlədən Dağıstanda yaşayan xalqların şair və yazıçılarının əsərlərindən tərcümələr jurnalda çap olunmuşdur. Burada özbək şair və yazıçılarının fəallığını, Azərbaycana, onun ədəbiyyatına, eyni zamanda “Xəzan” jurnalına maraqlarını xüsusi olaraq qeyd etmək istərdim. Son beş-altı ildə onlar daha çox fəallıq göstərirlər. Bunun nəticəsi olaraq jurnalın bir nömrəsi onların əsərlərinə həsr olunmuş, 2025-ci ilin may nömrəsində ancaq özbək şair və yazıçıların əsərləri yerləşdirilmişdir.

Bir sözlə, jurnal qarşısına qoyduğu məqsədə çatmaq üçün var qüvvəsi ilə çalışır. Heç bir ədəbi dərgi ilə rəqabət aparmır. Birincilik uğrunda mübarizəyə qoşulmur. Mövcud qanunvericiliyə uyğun olaraq ölkədə fəaliyyət göstərən dövlət himayəsində olan və müstəqil fəaliyyət göstərən bütün dərgilərlə paralel olaraq öz nəşrini davam etdirir. Ümidvarıq ki, ədəbi proseslərdə hansı səviyyədə iştirakını ədəbi tənqid müəyyənləşdirəcəkdir.

Məruzəni bitirdikdən sonra Əli bəy Azəri ədəbi tənqid şöbəsi əməkdaşlarının suallarını cavablandırdı.

İlk suallar filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Mustafayevadan gəldi:

-“Xəzan” jurnalının hər hansı bir müəssisəyə, təşkilata bağlılığı varmı?

-Xeyr. – deyə Əli bəy Azəri bildirmişdir. – Jurnal müstəqildir. Əsərləri ilə Azərbaycan xalqına və ədəbiyyatına xidmət göstərən yaradıcı insanların ixtiyarındadır.

-Məruzənizdə qeyd etdiniz ki, “Xəzan” jurnalı heç bir ədəbi-bədii jurnalla rəqabət aparmır. – deyə Aynurə Mustafayeva növbəti sualını səsləndirdi. – Bu gün ədəbi proses mətbu orqanların və ədəbi dərgilərin rəqabətsizlik mühitindən əziyyət çəkir. Sizin jurnal öz fəaliyyətində niyə rəqabət aparmamaq yönünü seçib?

-Hazırda Azərbaycan ədəbi mühitində “Yurd”, “Ədəbi ovqat”, “Xarı bülbül” kimi müstəqil, “Azərbaycan”, “Ulduz”, “Xəzər”, “Literaturnıy Azerbaydjan” və s. hansısa təsisata bağlı jurnallar davamlı nəşr olunurlar. Onların hər birinin öz əhatəsi və mövcud auditoriyası vardır. Onlardan hansı iləsə rəqabət aparmaq münasib sayılmır. “Xəzan” jurnalının konkret hədəfləri var və jurnal fəaliyyətini həmin hədəflərə çatmaq yolunda davam etdirir.

-“Xəzan”ın fəaliyyəti ilə tanışam. Jurnalda bədii nümunələrlə yanaşı şair və yazıçıların həyat və yaradıcılıqları barədə yazılar dərc olunur. Hətta tənqidi məqalələr də rastıma çıxıb. Bu yaxşı haldır. Birincisi, istərdim ki, tənqidi məqalələr peşəkarların qələmindən çıxsın. İkincisi, jurnalın inkişafı üçün siz niyə “Azərbaycan” jurnalı ilə rəqabət aparmayasınız? – deyə Qürbət Mirzəzadə sual verir.

-Azərbaycan Yazıçılar Birliyinin orqanı olan, konkret maliyyə dəstəyi ilə təminata malik, çoxsaylı işçiləri məvaciblə təmin edən, müəlliflərə qonarar ödəyən bir jurnalla ictimai əsaslarla fəaliyyət göstərən jurnalın rəqabətə girməsi heç bir halda münasib sayıla bilməz.

Sonra AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı yazıçı Əzizağa Elsevər ““Xəzan” jurnalında nəsr əsərləri” mövzusunda çıxış etdi. O, çıxışında dedi:

-Xəzan deyəndə gözümüzün qabağına qızılı-çəhrayı rəngli payız gəlir. Payız – təbiətin düşüncəli, müdrikləşən çağıdır. Payız həm də bolluq-bərəkət, toy-düyünlü günlər deməkdir. Bir də durna qatarı kimi köçüb gedən həsrət, nisgil dumanının gecə şehi kimi otların, çiçəklərin yanağından asılıb günəş güzgüsündə muncuq-muncuq parlamasıdır. Payızla yorulub, qışla qocalan çayların içinə çəkilib qəmli-qəmli sızlayan çağıdır. Qara zurnanın haray salıb ellərə, obalara toy-düyün gətirən payız. Mənim tanıdığım “Xəzan” jurnalı bu ovqatdan köklənib işıq-işıq ömrümüzdən, günümüzdən boylanır. Jurnalın bir neçə nömrəsində gedən nəsr əsərləri, xüsusən də hekayələrlə tanışam. Bir-birinə bənzəməyən hekayələr jurnala yaraşıq gətirir, onu daha da oxunaqlı edir. Ədəbi tənqidin “Xəzan”ı dəyərləndirməsini çox yaxşı hal kimi qiymətləndirirəm. Əlbəttə, tənqid uğurun başlanğıcıdır. Ümidvaram ki, burda deyiləcək haqlı iradları jurnalın məsul baş şəxsi kimi Əli bəy Azəri qəbul edəcək və nəticə çıxardacaq.

Onun ardınca “Xəzan” jurnalının redaksiya heyətinin üzvü Zeynəb Cəmaləddin ““Xəzan” jurnalında poeziya və tərcümə” mövzusunda çıxış etdi. O, dedi:

-Bugünkü ədəbi mühitdə “Xəzan” jurnalının öz yeri, öz çəkisi vardır. Jurnal həm içərisində yer alan materialların mövzu və janr genişliyinə görə, həm də dizayn və tərtibatına, keyfiyyətinə görə fərqlənir. Artıq on birinci ildir ki, “Xəzan” jurnalı günümüzün ədəbi mühitində balanslı şəkildə öz sözünü deyə bilən mətbuat vasitəsidir. “Xəzan”ın diqqətçəkən cəhətlərindən biri də odur ki, tanınmış qələm sahibləri ilə yanaşı yaxşı qələmi olub yeni tanınan, yaxud kölgədə qalan müəllifləri də öz auditoriyasına gətirir, yaradıcılığına işıq salır və oxucularına fərqli nəfəsdə ədəbi nümunələr təqdim edir. Poeziya, nəsr, publisistika, ədəbi-tənqidi yazılar jurnalın səhifələrində bir araya gəlir və bu ədəbi formalar jurnalda ayrı-ayrı guşələrdə yer alır. Jurnalın bugünkü potensialından çıxış edərək gələcək perspektivləri ilə bağlı bir neçə məqama toxunmaq istəyirəm.

Bu gün “Xəzan” jurnalı öz oxucularına başqa xalqların ədəbi nümunələrindən tərcümələr də təqdim edir. Bununla həm mədəniyyətlər arasında ədəbi körpünü möhkəmləndirir, həm də Azərbaycan oxucusunu fərqli coğrafiyaların ədəbiyyatı ilə tanış edir. Gələcəkdə də bu ənənəni davam etdirməklə “Xəzan” xalqlar arasındakı ədəbi və mədəni körpülərin möhkəmlənməsinə xidmət etmiş olacaq.

“Xəzan”ın səhifələrində doğma dilimizdə mütəmadi olaraq özbək ədəbiyyatından poeziya və nəsr nümunələri tərcümə edilərək təqdim olunur. Bunlardan Səlim Babullaoğlunun tərcüməsində Rəhmət Babacanın şeirlərini, Rəhmət Babacanın tərcüməsində Şəhla Şükrullaqızının, Reyhanə Dövranovanın və Xaliyar Səfərovun şeirlərini, Şahməmməd Dağlaroğlunun tərcüməsində Zöhrə Acalovanın və Zülfiyyə Möminovanın şeirlərini, professor Yaşar Qasımbəylinin tərcüməsində Erkin Vahidovun şeirlərini nümunə kimi göstərmək olar.

Rus klassiklərindən Puşkinin, Lermontovun, Yeseninin və Rəsul Həmzətovun yaradıcılığından nümunələr, həmçinin çağdaş Rusiya Yazıçılar Birliyinin üzvləri olan dağıstanlı şairlər Patimat Ştançayevanın və Miyasat Muslimovanın yaradıcılığından nümunələr mənim tərəfimdən Azərbaycan dilinə tərcümə olunub. Yenə də türk əsilli şotland şairi Qraham Riçard Smitin böyük qələbəmiz, şəhidlər, Xocalı faciəsi barədə, habelə Azərbaycan, Bakı, Yardımlı haqqında ərsəyə gətirdiyi şeirlər tərəfimdən Azərbaycan dilinə tərcümə olunaraq “Xəzan” jurnalının platformasından təqdim olunub.

Bölgələrdəki istedadlı gənclərin ruhunu, nəfəsini jurnalın səhifələrinə gətirməklə və yeni imzalara yer ayırmaqla “Xəzan”ın ədəbi əhatə dairəsini daha da genişləndirmək olar.

Ədəbiyyatın inkişafı yalnız tərifdən keçmir. Dəyərli tənqidçilərin obyektiv iradlarının və müəlliflərə verilən ciddi ədəbi təkliflərin uzun bir tərifdən daha faydalı olduğunu inkar etmək olmaz.

Məncə, gələcəyin “Xəzan”ı həm də çap jurnalını elektron imkanlarla birləşdirən bir ədəbi platforma ola bilər. Jurnalın hər sayı elektron arxivdə əlçatan olsa, ayrı-ayrı yazılar sosial media vasitəsilə geniş auditoriyaya çatdırılsa, müəlliflərlə müsahibələr, müzakirələr, video təqdimatlar təşkil edilsə, “Xəzan”ın səhifələri yalnız jurnalın özündə qalmayıb, daha geniş oxucu çevrəsinə yayıla bilər.

Mən “Xəzan”ı bugünkü uğurlarını təqdir etməklə yanaşı gördüyü işlərə görə təşəkkürümü bildirmək istəyirəm və gələcəkdə daha inamlı addımlarla irəliləməsini, ədəbiyyatımız üçün daha böyük işlər görməsini arzu edirəm.

Çünki mənim fikrimcə, yaxşı jurnal öz dövrünü yalnız əks etdirmir – öz dövrünün ədəbi yaddaşını yaradır.

Növbəti çıxışçı “Göyçay” qəzetinin baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Adil Məmməd oldu. O, “Bölgələrdə yaşayan şair və yazıçıların əsərləri “Xəzan” jurnalında”  mövzusunda çıxış edərək bunları söylədi:

-Paytaxt ədəbiyyatı, bölgə ədəbiyyatı kimi dilimizdə, həm də təfəkkürümüzdə yer almış bölgülərin əlehinəyəm. Vahid bir ədəbiyyat var: Azərbaycan ədəbiyyatı. Bu ədəbiyyata xidmət edənlər paytaxtda, böyük şəhərlərdə rayon mərkəzlərində də yaşaya bilərlər, ən ucqar kəndlərdə də. Harda yaşamağın fərqi yoxdur, təki bədii ədəbiyyata, İlahidən gələn sözə xidmət etsinlər, onun keşiyində dursunlar. Bu da bir danılmaz həqiqətdir ki, paytaxtda yaşayan qələm sahibləri üçün ədəbi qəzet və jurnallar daha əlçatandır. Həm də ədəbi cameənin ən elitar təbəqəsi də paytaxtda yaşayır, fəaliyyət göstərir. Əli bəy Azəri “Xəzan” jurnalını yaradaraq paytaxtda fəaliyyət göstərsə də bölgədə yaşayanları unutmadı, istedadlı olanların qələm məhsullarının jurnalda yer almasına şəffaf şərait yaratdı. Hər hansı bir jurnalda olduğu kimi, “Xəzan” jurnalında da müəlliflər arasında kifayət qədər yaxşı tanınanlarla yanaşı az tanınanların, bəzi hallarda heç tanınmayanların imzalarına, yazılarına rast gəlmək mümkündür. Əli bəy Azəri tanıdığımız kimi peşəkar hərbçi olmuş, təqaüdə çıxandan sonra yaradıcılığını davam etdirmiş, paralel olaraq ədəbi jurnal nəşr etdirmək qərarına gəlmişdir. İndi onu istedadlı yazıçı, obyektiv, səriştəli jurnal redaktoru kimi də tanıyırıq. Hərbçi zabit kimi nə qədər ciddi və tələbkar olsa da bir o qədər də demokratik ziyalıdır. Jurnalda polemikaya, geniş müzakirəyə yol açan yazıların nəşr olunması bunu bir daha sübut edir. Jurnalda maraqlı, əsl istedadın və zəhmətin məhsulu olan poeziya, nəsr nümunələri ilə yanaşı publisistikanın da yer alması təqdirəlayiqdir. Çünki publisistika xalqa, oxucu ilə ən tez “dil tapan”, onlara daha yaxın olan bir janr kimi həmişə diqqət mərkəzində olub və olmaqda davam edır. Məncə, “Xəzan” jurnalı ötən dövr ərzində xeyli iş görüb, ədəbiyyatımıza şərəflə xidmət edib, neçə-neçə istedadlı qələm sahibinin üzə çıxmasında oxucu tərəfindən “kəşf olunmasında” əsaslı rol oynayıb, müəlliflərlə oxucular arasında mənəvi körpü qurub. İnanırıq ki, növbəti illər ərzində “Xəzan” jurnalı öz müsbət keyfiyyətlərini qoruyub saxlamaqla daha böyük uğurlara imza atacaqdır.

“Yazarlar” jurnalının baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Zaur Ustac sonuncu çıxışçı olaraq “Qloballaşma şəraitində “Xəzan” jurnalının fəaliyyətində ana dilinin geniş imkanlarından dünya miqyasında istifadə texnologiyası” mövzusunda əhatəli məruzə edərək bildirdi:

-Müasir qloballaşma dövründə ana dilinin qorunması, milli ədəbiyyatın təbliği və mədəni irsin dünya informasiya məkanına çıxarılması mühüm vəzifələrdəndir. Müasir texniki vasitələrin inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Azərbaycan dilinin zəngin ifadə vasitələrindən, poetik ahəngindən və bədii imkanlarından səmərəli istifadə etmək milli sözümüzün beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.

“Xəzan” ədəbi-bədii jurnalının fəaliyyəti ənənəvi çap nəşri ilə rəqəmsal texnologiyaların uzlaşdırılması baxımından diqqətəlayiqdir. Jurnalın “Yazarlar.az” platformasında PDF formatında yayımlanması onun coğrafi sərhədlərdən kənara çıxmasına, əvvəlki nömrələrin qorunmasına və müxtəlif ölkələrdə yaşayan oxucular üçün əlçatan olmasına şərait yaradır.

Birinci istiqamət — iqtisadi müstəqillik. “Xəzan”ın nəşr fəaliyyətinin davam etdirilməsi müstəqil ədəbi nəşr modelinin əhəmiyyətini göstərir. Redaksiya müstəqilliyi, yaradıcı məqsədlərə sadiqlik, müəllif-oxucu etimadı və qənaətli təşkilati yanaşma bu modelin əsas dayaqlarıdır. Maliyyə dayanıqlılığının dəqiq qiymətləndirilməsi üçün gəlir və xərclərin sistemli uçotu vacibdir.

İkinci istiqamət — ənənəvi çap və yayım. Kağız nəşr milli mətbuat ənənələrini yaşadır, ədəbi nümunələri fiziki formada qoruyur və jurnalın kitabxanalara, şəxsi kolleksiyalara çatdırılmasına imkan verir. Çap və elektron formatların paralel inkişafı müxtəlif oxucu qruplarını əhatə etməyə kömək edir.

Üçüncü istiqamət — müəllif və oxucu dəstəyi. Yetmişdən artıq nömrənin nəşri jurnalın davamlı fəaliyyət tarixini nümayiş etdirir. Müəllif və oxucu dəstəyi nəşrin yaşamasında mühüm rol oynayır. Bu etimadın qorunması üçün keyfiyyətli redaksiya işi, maliyyə şəffaflığı və oxucularla davamlı əlaqə əhəmiyyətlidir.

Dördüncü istiqamət — rəqəmsal yayım. “Yazarlar.az” saytında jurnalın müxtəlif nömrələrinin PDF formatında toplanması elektron arxivçilik və beynəlxalq əlçatanlıq baxımından mühüm addımdır. Gələcəkdə arxivin sistemləşdirilməsi, mobil oxu imkanlarının genişləndirilməsi, sosial şəbəkələrdən istifadə və ingilis, rus dillərində təqdimatların hazırlanması jurnalın tanınmasına əlavə töhfə verə bilər.

Beşinci istiqamət — beynəlxalq auditoriya və ana dili. ABŞ, Rusiya, Avropa ölkələri, Orta Asiya, Azərbaycan, Türkiyə və Afrika ölkələrindən qeydə alınan internet müraciətləri jurnalın mümkün oxucu coğrafiyasının öyrənilməsi baxımından maraqlıdır. Bununla belə, 50–80 milyon nəfərlik potensial auditoriya göstəricisi real oxucu sayı kimi təqdim edilməzdən əvvəl statistik metodologiya ilə dəqiqləşdirilməlidir. Səhifə baxışları, unikal istifadəçilər, PDF yükləmələri və avtomatlaşdırılmış müraciətlər bir-birindən fərqləndirilməlidir.

Gələcək inkişaf üçün elektron statistikanın müntəzəm təhlili, müəllif hüquqlarının qorunması, diaspor təşkilatları və xarici ədəbi qurumlarla əməkdaşlığın genişləndirilməsi, mətnlərin keyfiyyətinin yüksəldilməsi vacibdir.

Nəticə etibarilə, “Xəzan” jurnalının təcrübəsi ənənəvi nəşriyyat mədəniyyəti ilə müasir rəqəmsal imkanların birləşdirilməsinin əhəmiyyətini göstərir. Burada əsas məqsəd yalnız jurnalı yaymaq deyil, Azərbaycan dilində yaradılmış ədəbi sərvəti qorumaq, yeni oxuculara çatdırmaq və milli sözün dünya informasiya məkanında görünüşünü artırmaqdır.

Texnologiya vasitədir, ana dilinin və milli ədəbiyyatın yaşadılması isə başlıca məqsəddir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova çıxış edərək jurnalla tanışlığından bəhs etdi və jurnalın daha da mükəmməl, yüksək peşəkar səviyyədə nəşrini davam etdirməsi üçün bildirdi:

-“Xəzan” jurnalı müasir ədəbi prosesimizdə öz adını, yerini təsdiq etməyə nail olmuş bir dərgidir. Jurnalın redaktoru Əli bəy Azərinin dərginin ərsəyə gəlməsi ilə yanaşı təbliği üçün də böyük əmək sərf etdiyini mütləq qeyd etmək lazımdır. Müasir qlobal, texnoloji dünya kontekstində ədəbiyyatın, ümumən mənəvi məqamların təbliği ilə bağlı istənilən addım böyük, yaxud kiçikliyindən asılı olmayaraq, mühüm əhəmiyyət daşıyır və təqdir edilməlidir. “Xəzan” jurnalı da bizim ədəbi proses üçün bu cür addımlardandır. Jurnalı vərəqləyərkən ədəbi prosesimizin istisnasız mənzərəsinin yaradılmasına cəhd edildiyinin şahidi oluruq. Dərgidə həm tanınan imzalar, həm gənclər, həm bölgədə yaşayan müəlliflər, həm də digər ölkələrdə yaşayan azərbaycanlı şairlər, yazıçılar təmsil olunur. Müəyyən tövsiyyə xarakterli tənqidi qeydlərimi də bildirmək istərdim. Jurnalda materiallar “Redaktor guşəsi”, “Publisistika”, “Poeziya”, “Tərcümə”, “Nəsr” bölmələrində təqdim edilsə də müəyyən qədər xaotiklik də müşahidə olunur. “Publisistika” bölməsində həm elmi araşdırmalar, həm oçerklər, həm maraqlı məlumat kimi təqdim edilə biləcək materiallar, həm də yubileylərdən reportajlar, xatirələr, təbriklər bir yerdə təqdim edilir. Əgər bu materiallar müvafiq başlıqlar üzrə qruplaşdırılsa oxucu ona lazım olan materialı daha tez tapar, jurnalın konteksti və məramı daha aydın görünər. Jurnalda həm yaşlı nəslin, həm də gənc imzaların təqdimi təqdirəlayiqdir, lakin gənc, yaradıcılıqda ilk addımlarını atan yazarların “Yeni səslər” yaxud “Debüt” başlığı altında təqdim edilməsi daha məqsədəuyğun olar. Son olaraq qeyd etmək istərdim ki, “Xəzan” jurnalı ədəbi mühitin güzgülərindən birinə çevrilmək niyyəti ilə çıxdığı bu yolda əzmlə addımlamaqda qərarlıdır. Bu yolda ona uğurlar arzu edirəm.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin elmi işçisi Əsmər Hüseynova çıxış edərək jurnalın nəşrinin daha da təkmil formada davam etdirilməsi üçün  təkliflərini söylədi. O, dedi:

-Bu gün qonağımız “Xəzan” ədəbi-bədii jurnalıdır. “Xəzan” 11-ci ildir ki, yol gəlir. Bu yolun çətinlikləri haqqında redaksiya heyətinin maraqlı və təsirli məlumatını dinlədik. Jurnal missiyası Azərbaycan ədəbiyyatına təmənnasız xidmət edən fədakar bir platforma təsirini bağışladı. Mən də bir neçə ildir ki, “Xəzan” jurnalının oxucusuyam. Biz jurnalın yeni sayları ilə şöbə müdiri Vaqif Yusiflinin masasında tanış oluruq. Diqqət etdiyim qədər, redaksiya heyəti hər zaman tənqidə açıq və konstruktiv təklifləri nəzərə alır. Hər bir yaradıcılıq sahəsində olduğu kimi, iş olan zaman nöqsan və işin müsbət keyfiyyətləri də qaçılmazdır. Jurnal həm tanınmış, həm də ilk qələm təcrübəsi olan gənc yazarlara səxavətlə yer ayırır və kiçik bir redaksiya heyətinin fədakarlığı üzərindən idarə olunur. Bir nüansı da qeyd etməyi özünə borc bilirəm. Jurnalı vərəqləyərkən hiss olunur ki, elmi və ədəbi tənqid məsələlərinə az, yubiley yazılarına, dost rəylərinə və publisistik təbriklərə daha çox üstünlük verilir. Bu göstəricilər isə ədəbi prosesi tənqidi şəkildə yönləndirmək baxımından funksiyasını zəiflədir. Tərif və publisistik yazılar elmi-bədii tənqidi üstələyir. Jurnalda çap olunan bir neçə elmi məqalələrə diqqət yetirdim. Təklif edirəm ki, müəlliflər digər elmi jurnalların tələblərinə uyğun hazırladıqları məqalələri “Xəzan”a da eyni məsuliyyətlə təqdim etsinlər. Yəni ki, jurnalı vərəqləyən hər bir oxucu kiçik bir səhvi etinasızlıq kimi dəyərləndirməsin. Baş redaktor Əli bəy Azərinin cəsur və maraqlı çıxışlarını sosial şəbəkələrdən izləyirəm. Bu qətiyyətin şəxsi keyfiyyətlərdən irəli gəldiyini və doğulduğu torpağın bir insanın xarakterinin formalaşmasında böyük rolu olduğunu düşünürəm. Nümunə kimi jurnalın bu ilin birinci sayında dərc olunmuş “Ünvansızlar” adlı yazıya diqqət etmək kifayətdir.

“Xəzan”a yeni yaradıcılıq uğurları, daim oxucu rəğbəti və yeni nailiyyətlər arzu edirəm!

Jurnalın baş redaktoru Əli bəy Azəri iştirakçılara təşəkkürünü bildirdi, iradların qəbul edildiyini söylədi, təklifləri həyata keçirməyə çalışacağını dedi.

Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli tövsiyyələrini söyləyib müzakirəyə yekun vurdu.

-Bugünkü müzakirə çox canlı və səmimi keçdi. “Xəzan” jurnalının 11 illik fəaliyyəti – həm müsbət mənada, hə də qüsurları ilə birgə… çıxışlarda öz əksini tapdı. Deyim ki, jurnalda axtarışlar davam etdirilməlidir. Zəif, istedadı kəm şairlər çap olunmamalıdır. Əli bəy Azəri təkbaşına işləməməlidir, onun yaxın bir redaktora ehtiyacı var. İctimai əsaslarla olsa da normal, işlək redaksiya heyəti yaradılmalıdır. Jurnalda Azərbaycan ədəbi mühitinin əks-sədası hiss olunmalıdır. Əlbəttə, mənim bəyəndiyim yazılar da çoxdur. Ümid edirəm ki, “Xəzan” jurnalında bugünkü Azərbaycan oxucuları üçün maraqlı olan yazılara daha çox yer veriləcək. Xüsusən bu ədəbi-bədii jurnalda gənc yazarlara geniş yer verilməlidir. Mən “Xəzan” jurnalına və onun bundan sonrakı fəaliyyətinə uğurlar diləyirəm.

Sonda şöbənin əməkdaşları ilə jurnalın redaksiya heyətinin üzvləri xatirə şəkili çəkdirdilər.

 

 

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.