2026-cı ildə Azərbaycan təhsil sistemində diqqət çəkən yeniliklərdən biri dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində yeni mexanizmin tətbiqinə başlanmasıdır. Sentyabrın 24-də qəbul edilmiş qərara əsasən, 2026-2027-ci tədris ilindən etibarən dövlət məktəblərinin maliyyələşdirilməsində adambaşına maliyyələşmə prinsipinə mərhələli keçid nəzərdə tutulur.
Bununla bağlı Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimov şərh verib. O deyib: “Bu dəyişiklik təhsil sistemində maliyyə resurslarının bölüşdürülməsinə yeni yanaşmanın formalaşması baxımından əhəmiyyətlidir. Yeni mexanizmə əsasən, məktəblərə ayrılan vəsaitdə şagirdlərin sayı əsas meyarlardan biri olacaq. Eyni zamanda, məktəblərin növü və təhsil səviyyələri nəzərə alınmaqla düzəliş əmsallarının tətbiqi planlaşdırılır. Bu modelin əsas üstünlüyü maliyyələşmənin real təhsilalan sayına və göstərilən xidmətlərin həcminə daha sıx bağlanmasıdır. Belə yanaşma məktəb rəhbərliyindən maliyyə planlaşdırmasının, xərclərə nəzarətin və idarəetmə məsuliyyətinin artırılmasını tələb edəcək”.
M.Rəhimli daha sonra deyib ki, burada mühüm bir məqamı nəzərə almaq lazımdır. Məktəblərin maliyyələşdirilməsini yalnız şagird sayına bağlamaq düzgün olmazdı. Xüsusilə ucqar kəndlərdə fəaliyyət göstərən, şagird sayı az olan məktəblərin saxlanılması sosial və regional əhəmiyyət daşıyır. Buna görə də yeni modeldə ərazi xüsusiyyətləri, infrastruktur xərcləri və təhsilalanların xüsusi ehtiyacları obyektiv şəkildə nəzərə alınmalıdır.
İctimai Birlik sədri hesab edir ki, təhsilin maliyyələşdirilməsində əsas məqsəd ayrılan hər bir manatın təhsilin keyfiyyətinə xidmət etməsini təmin etmək olmalıdır.
Yazıya 13 dəfə baxılıb










