11 noyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində Azərbaycanlı rəssam və beynəlxalq sənət layihələrinin təşkilatçısı Nəvai Metin Məmmədoğlunun müəllifi olduğu “TÜRKDİLLİ DÖVLƏTLƏRİN RƏSSAMLARI” beynəlxalq kataloqunun təqdimatı keçiriləcək.
Türk dünyasının rəssamlarını vahid sənət platformasında birləşdirməyi, ortaq mədəni dəyərləri təbliğ etməyi və ölkələr arasında yaradıcı əməkdaşlığı genişləndirməyi hədəfləyən bu layihə beynəlxalq sənət əlaqələrinin inkişafı istiqamətində növbəti mühüm addımdır.
Tədbirdə Özbəkistan Rəssamlar İttifaqının nümayəndəsi də iştirak edəcək. Təqdimat çərçivəsində Nəvai Metin Məmmədoğlu beynəlxalq sənət fəaliyyətinə, rəssamlığın təbliğinə, beynəlxalq kataloqların nəşrinə, sərgi layihələrinin təşkilinə, xalqlar arasında dostluq və sülh ideyalarının sənət vasitəsilə təşviqinə verdiyi töhfələrə görə Özbəkistan Rəssamlar İttifaqının Qızıl medalı ilə təltif olunacaq.
Nəvai Metin Məmmədoğlu bu təltifi uzun illər ərzində həyata keçirdiyi beynəlxalq sənət fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirir.
O, Özbəkistan Rəssamlar İttifaqının rəhbərliyinə və mükafatın təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edir ki, bu mükafat yalnız şəxsi uğur deyil, həm də Azərbaycan sənətinin beynəlxalq miqyasda təmsil olunmasına verilən dəyərdir.
Onun rəhbərlik etdiyi “DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK” layihəsinin əsas məqsədi sənət vasitəsilə sərhədləri aşmaq, xalqları yaxınlaşdırmaq və dünyaya sülh mesajı çatdırmaqdır.
Yazıya 9 dəfə baxılıb












