Xalq yazıçısı Çingiz Abdullayevin “Ümid yuva salan ev” adlı kitabı qazax dilində işıq üzü görüb. Müəllif Qazaxıstandakı çoxsaylı oxucularının olmasından qürur duyduğunu bildirərək əsərin tərcüməsində və nəşrində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.
Yazıçı qeyd edib ki, təxminən iki həftə əvvəl Astanadan ona növbəti bağlama göndərilib. Bağlama Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri, general Yermek Aldaberqenoviç Saqimbayev tərəfindən yollanıb.
Müəllifin sözlərinə görə, general vaxtilə onun kitablarının təsiri ilə Dövlət Təhlükəsizlik Komitəsində işləməyə qərar verdiyini söyləyib. Yazıçı bildirib ki, generalın göndərdiyi hədiyyələr və bağlamalar onu hər dəfə dərindən duyğulandırır.
Müəllif Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrinə və bu ölkədəki bütün dostlarına dərin minnətdarlığını ifadə edib, Qazaxıstanla ədəbi və dostluq əlaqələrinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Yazıya 5 dəfə baxılıb











