Bakıda “Türkdilli Dövlətlərin Rəssamları” sərgisi və kataloqunun təqdimatı keçirilib

Bakı şəhərində yerləşən SedetART Gallery-də, 17 oktyabr 2026-cı il tarixində “Türkdilli Dövlətlərin Rəssamları” adlı kitab-kataloqun təqdimatı və eyniadlı təsviri sənət sərgisi keçirilib.

kultur.az xəbər verir ki, tədbirdə rəssamlar, ziyalılar, elm və incəsənət xadimləri, eləcə də media nümayəndələri iştirak edib.

Uluslararası Aktivist Sanatçılar Birliyinin təşkilatçılığı, Uluslararası Barış Rəssamı Nəvai Metinin təşəbbüsü ilə reallaşan tədbir Türk dünyasının zəngin mədəni irsinin və incəsənətinin təbliğinə, türkdilli xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. “Dünyanı Sənət Xilas Edəcək” şüarı altında təşkil olunan layihə müxtəlif ölkələri təmsil edən sənət adamlarını vahid mədəni platformada bir araya gətirib.

Tədbiri giriş sözü ilə layihənin təşəbbüskarı və təşkilatçısı Nəvai Metin açaraq layihənin əhəmiyyətindən, incəsənətin xalqlar arasında dostluq və sülh münasibətlərinin inkişafındakı rolundan danışıb. Daha sonra sözü tədbir iştirakçılarına verib.

Çıxış edənlər arasında psixoloq Misgər Məmmədov, iş adamı Qəvvas Əhmədov, şairlər Firudin Orucov, Dayandur Sevgin, Mahmud Vəli, eləcə də rəssamlar Xatirə Həsənzadə, Validə Əliyeva, Minayə Feyzullayeva, Ayiba Sahad, Naqiyə Nağıyeva və başqaları olub. Natiqlər belə layihələrin Türk dünyasının ortaq mədəni dəyərlərinin tanıdılması, sənət adamları arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi və xalqlar arasında dostluğun möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Təqdim olunan kitab-kataloqda və sərgi ekspozisiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türkdilli dövlət və topluluqları təmsil edən rəssamların əsərləri yer alıb. Tablolarda Türk dünyasının tarixi, adət-ənənələri, mənəvi dəyərləri və müasir incəsənət düşüncəsi əksini tapıb.

Tədbirin sonunda kataloqda əsərləri yer alan rəssamlara sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

“Türkdilli Dövlətlərin Rəssamları” layihəsi Türk dünyasının sənət irsinin təbliği, rəssamların yaradıcılığının tanıdılması və beynəlxalq mədəni əməkdaşlığın inkişafı baxımından əlamətdar hadisə kimi yadda qalıb.

 

 

 

Yazıya 31 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.