İradə Aytel – Nifrət edirəm bayramlara!

1743566_617623511639125_2006650601_n

Facebook səhifəm gül şəkilləri ilə dolub. Sankı, məzarımın üstüdü, əksim yuxarı başda və ətrafım əklillərlə dolu. Diri günümdə bircə gün qayğıma qalmayanlar yığışıb vida edirlər mən mərhuməyə. Hərə də özünəməxsus bəlağətli çıxışlarıyla. Və burada mən yaddan çıxıram bəzən, adamlar öz natiqliq məharətlərini nümayiş etdirmək üçün fürsət bulublar. Bu fürsət də 8 Mart gününə təsadüf edib.

İstəmirəm!

Məni təbrik etməyin!

Lütfən susun, cənablar!

Tənha kəslər üçün bayram onun tənhalığını gözünə soxmaqdan, içində qaysaq tutmağa macal tapmayan yaralarını göynətməkdən başqa bir şey deyil.

Nifrət edirəm bayramlara!

Susun, bəylər!

Hə, deyəcəksiniz, 8 Mart Beynəlxalq Qadınlar Günüdür, deyilımi? Deyəcəksiziz, bu gündə sizi təbrik etməliyik, deyilmi? Hansı üzlə təbrik etmək istəyirsiniz? Qarabağdan çıçək dərib telimizəmi düzəcəksiniz? Qara yaylıqlı anaların ağ saçlarına sığalmı çəkəcəksiniz? Düşmən qoynunda qovrulan qız-gəlinlərimizin namusunumu qaytaracaqsınız? Ayaqlarını və bəkarətini Xocalıda qoyub “gələn” fidanlara ayaq və bəkarətmi hədiyyə edəcəksiniz? Qayğılardan beli bükülən gəlin yaşda qarılara sevginizimi izhar edəcəksiniz? Ərinin, atasının alovunda “isinən”, ömrü boyunca da göynəyə-göynəyə “isinəcək” qadınların ürəyindəki atəşimi söndürəcəksiniz?!

Lütfən, susun, bəylər!

Bizi təbrik etməyin!

Bu gün bütün qadınların bayramı deyil!

Bu gün kişilərə toy tuta-tuta toy tutan civilərin bayramıdır!

Bu gün atası məmur, anası məmur arvadı olan ətcəbala, lütcəbalaların bayramıdır.

Bu gün barları gülüşünə, kişiləri öpüşünə qərq edən “maska”ların bayramıdır!

Bu gün evdə ərindən, çöldə sevgilisindən (saxlayanından) hədiyyə gözləyənlərin bayramıdır!

Bu gün qadınların bayramı deyil!

Bu gün bizim bayramımız deyil!

Yazıya 2013 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.