Əzizağa Elsevər – Biz dilimizə niyə hörmət edə bilmirik?!

Esse

Dil bizim milli varlığımızdır. O, bizim milli kimliyimizin pasportudur. Ululardan ulu əcdadlarımızdan bizə yadigar qalan və daim inkişaf edib yeniləşən, zənginləşən ən qiymətli sərvət, mirasdır. Nənələrimizin oxşamalarında, analarımızın laylarında, babalarımızın, atalarımızın öyüd və nəsihətlərində ruhumuzu oxşayan ilahi bir səsdir, duyğudur. Bizim bütün varlığımızı özündə yaşadan Tanrı ruhudur, içimizdən boylanan və bizi biz eləyən əbədiyyət işığı, ölməzlik eşqidir. Biz dil açanda onun cığırından keçıb ağ bir şərid kimi uzanan dünya yoluna çıxmışıq. Nəhəng simalarımız bizim kimliyimizi dünyaya daşıyıb, Şərqdən Qərbə, Cənubdan Şimala işıq-işıq cahana meydan oxuyublar. Salamına gəliblər, özlərinə ustad, müəllim sayıblar, kəlamlarına sığınıb insanlığa insanlıq dərsi keçiblər. “Kitabi-Dədə Qorqud”umuz, qızıla, lələ-cəvahirata tutulan bayatılarımız, dar günümüzün ağıları, xoş günümüzün oxşamaları, qəhrəmanlığımıza  güzgü tutan “Koroğlu”, “Qaçaq Nəbi” və yüzlərlə sevgi, məhəbbət dolu “Leyli və Məcnun”, “Əsli və Kərəm” dastanlarımız, sonunda göydən düşən üç almanın şirinliyi ilə yuxumuza şəkər qatan “Məlikməmməd”, “Cırtdan” nağıllarımız bizə nələr deməyib?! Nizamimiz, Xaqanimiz, Füzulimiz, Sabirimiz, Səmədimiz, Şəhriyarımız … daha yüzlərlə kimlərimiz, kimlərimiz ürəyini şama döndərib bu dilin işığında bu fani dünyayla  dərdləşməyiblərmi?! Bu dil əmanətdir, əmanətə də xəyanət, biganəlik olarmı?! Mən qorumasam, sən qorumasan, Xəzər kimi, Urmu gölü kimi dilimiz də  çəkilib varlığına kölgə salmazmı?!  Vətən oğlu, Vətən qızı çox fatehlər gələr-gedər, necə ki, gəldilər , çəkilib də getdilər. Sənin dilini əlindən ala bilmədilər. Çünki sən öz varlığından, öz kökündən boy atmısan! Öz varlığında inam var, ümid var, əqidə var. Qəlbində işıq, dilində şərbət, anaların südü kimi halal torpağın, Yurdun var. Vətən deyib sığındığın, gözəlliyindən vəcdə gəldiyin, Alahın əmanət etdiyi Torpağın, Suyun var! Sən halalıq içində dünyaya göz açmısan. Sənin dilin bu halalığın sürudu, şərqisi, nəğməsidir. Bəs niyə, niyə bu dilin  qədrini bilə bilmirik? Axı nədir bu dilin günahı?!

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması müəyyən edilmişdir. Bu maddəyə əsasən, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və Azərbaycan dilinin bütün sahələrdə istifadəsi, onun qorunması və inkişafı Azərbaycan Respublikasının vəzifəsidir.

Azərbaycan Respublikasının sabiq prezidenti, mərhum H.Əliyev 2002-ci il sentyabrın 30-da ( № 365 //Q)  ayrıca “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanun”nu da qəbul etmişdir. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Həmin Qanunun 1-ci maddəsində aydın şəkildə deyilir: “ Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konsitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.”

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 2025-ci il noyabrın 3-də keçirilən Azərbaycan MEA-nın 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda bu məsələyə xüsusi önəm vermiş və dilimizə hər sahədə hörmət və sayğı ilə yanaşmağı irəli sürmüşdür. Ancaq çox təəssüf ki, məmurlarımızın çoxu buna əməl etmir və özünə aid olan bu sahədəki işə , nədənsə, səhlənkarlıq və məsuliyyətsizlik göstərirlər. Bunun da əsas səbəbi odur ki, məmurlarımızın əksəriyyəti rus təhsillidir və bir az da açıq desək, bəlkə də çoxusunda milli qürur, milli dövlətçilik hissi zəifdir.

Dilimizin dövlət dili olması barədə Qanun var, Prezident də çıxışlarında dəfələrlə bu barədə söyləyir, ancaq əməli iş ortada çox zəifdir. Məgər ölkə başçısı buna əməl olunub-olunmamasına da hər gün nəzarət etməli, yoxlamalıdırmı?! Bəs məmurun vəzifəsi nədir?

Paytaxtımız  Bakı şəhəri bu gün dünyanın bütün dillərində sanki reklam şəhərinə çüvrilib. Kim nə istəyir o dildə də yazır və o dildə də təbliğatını aparır. Mağazalar, mehmanxanalar qabağında rəngarəng işıqlarla bəzədilmiş yad kəlmələr adamı lap iyrəndirir, milli mənliyimizə şübhə yaradır. Sual olunur: Bəs hanı dövlət dilimiz, niyə bu özbaşınalığa nəzarət edən, qanunsuzluğa yox deyən tapılmır?!

Hər dəfə Hüseyn Cavid prospektinin Azərbaycan Ağsaqqallar Şurasının önündən keçən Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə kəsişməsindəki avtobus dayanacağında avtobus gözləyəndə bir ziyalı kimi dilimizə göstərilən hörmətsizlikdən utanıram. Bir baxın: Qarşı tərəfdə , yolun o üzündə yazılıb: Evromoda, FLO, Florensiya, Motorkare, Pharma store. Arxa tərəfdə Kigilı, Zandor Zell. Sol tərəfdə: Bottega. Sağ tərəfdə: Roşe Butik, Qutlet Ballanı.

Bu eybəcərlik şəhərin qismətinə yazılan çox kiçik bir hissəsidir. İndi təsəvvür edin ki, şəhər nə gündədir. Bunları görəndən sonra öz-özümə sual verirəm: Mən hansı ölkədə yaşayıram, bəs hanı bizim dilimiz, niyə dilimizə axı hörmət edə bilmirik?!

Bakı şəhəri, 16.11.2025.

 

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.