Mayın 24-də Tovuz Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri, cəmiyyətin sədr müavini, “Tərəqqi” medallı mühəndis Namazəli Məmmədovun 65 illik yubileyi və onun mənalı ömür yoluna həsr olunmuş “Şərəflə yaşanan ömür” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, sədrin müavini Çingiz Abbasov, TXC İdarə heyətinin üzvü Vidadi Əhmədov, Ədalət Partiyasının sədri Mütəllim Rəhimli, Bakı Alman dili məktəbinin rəhbəri Mikayıl Bozal, Bakı Dövlət Universitetinin professoru Nazim İmamverdiyev, Dədə Ələsgər ocağının rəhbəri Xətai Ələsgərli, tanınmış iş adamı Rəşid Süleymanov, Azərbaycan Yazıçılar Birliyi Poeziya şöbəsinin müdiri İbrahim İlyaslı, şair Rəfail İncəyurd, Milli Məclisin əməkdaşı, “Alaş” Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, şair Ehtiram İlham və digər qonaqlar iştirak ediblər. Roman Azaflı və Elməddin Məmmədlinin sazlı-sözlü çıxışları mərasimə rəng qatıb.
Çıxışlarda Namazəli Məmmədovun Azərbaycanda xeyriyyəçilik sahəsində gördüyü işlər, Tovuz ictimai mühitində qazandığı hörmət və insanlara göstərdiyi diqqət xüsusi vurğulanıb. Natiqlər onun uzun illər ərzində həyata keçirdiyi xeyriyyə fəaliyyəti və ictimai təşəbbüslərinin əhəmiyyətini qeyd ediblər.
Mikayıl Bozal tədbir çərçivəsində Məmməd İsmayıl ədəbi birliyinin təsis etdiyi “Məmməd İsmayıl ödülü”nü, Xətai Ələsgərli “Dədə Ələsgər” fəxri-fərmanını, Əkbər Qoşalı isə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlarla İş Komitəsinin sədri Fazil Mustafanın təbrik məktubunu yubilyara təqdim edib.
Sonda yubilyar tədbir iştirakçılarına göstərilən diqqət və dəyərə görə təşəkkür edib, ona həsr olunmuş “Şərəflə yaşanan ömür” kitabını imzalayaraq qonaqlara təqdim edib.
Qeyd edək ki, “Şərəflə yaşanan ömür” kitabının tərtibçisi və redaktoru şair Ehtiram İlhamdır. Kitabda Namazəli Məmmədovun dostları, yaxınları, ziyalılar, elm adamları və şairlərin ona həsr etdikləri yazılar toplanıb.
Yazıya 68 dəfə baxılıb






















