Nurzadənin Həyatı – Nurlanə Cərulla qızı

(hekayə)

Gözəl yaz fəsilinin gəlişi hər tərəfi olduğu kimi Bakıda da hiss olunurdu. Bu şəhərdə də, sözün həqiqi mənasında, damarında qan donduran sərt soyuqlar indi yerini ruh oxşayan ilıq yaz havasına vermişdi. Səhərdən axşamadək çoxu hara getdiyini bilmədən yol boyu sürətlə şütüyən maşınların qulaqbatıran uğultusuna, hündür ağacların təpəsində özlərinə payıza qədər yaşamaq üçün yuva quran quşların da səsi əlavə olunmuşdu.

Gözəl şənbə gününün günorta saatları idi. Jurnalist Fəridə Əfəndiyeva müxbiri olduğu “Büllur” qəzetində qaraçıların həyatını işıqlandırmaq üçün Sabunçu qəsəbəsində yerləşən qaraçı məhəlləsinə doğru gedirdi. Birdən o, məhəllənin girişində ayaq saxladı, çünki əvvəllər bu məhəllə haqqında yaxşı söz eşitməmişdi. Məhəlləyə girən kənar şəxslərə qaraçılar tərəfindən hücum edildiyini, hətta döyülüb qovulduğunu da eşitmişdi. Buna görə də o, məhəlləyə girməyə tərəddüd edirdi. Üzünü çevirib geriyə qayıtmaq istəyirdi ki, bu zaman əynində ipəkdən qara don olan hicablı bir qadının əlil arabasında ona tərəf irəlilədiyini gördü.

Qadın gəlib düz Fəridənin qarşısında dayandı və özünü ona tutub mülayim səslə:

– Salam, nə lazımdır? – söylədi.

Fəridə qadının bu tövründən ürəkləndi və:

– Salam, “Büllur” qəzetinin müxbiriyəm. Məhəllənizə həyatınızı işıqlandırmaq üçün gəlmişəm, – deyərək çantasından vəsiqəsini çıxarıb göstərdi.

– Hə, lap yaxşı, xoş gördük sizi, – qadın gülümsədi. – Buyurun, gedək.

– Bilirsiniz, əslində çox qorxuram, – Fəridə bir neçə saniyə sonra tərəddüdlə dilləndi.

– Nədən? – qadın dərhal maraqlandı.

– Məsələ burasındadır ki, əvvəllər bu məhəllə haqqında yaxşı söz eşitməmişəm. Deyirlər ki, bu məhəllədə yaşayanlar məhəlləyə girən kənar şəxsləri döyüb qovurlar…

– Qulaq asın, xanım, – qadın cavabında dilləndi. – Özünüzün də bildiyiniz kimi burada yaşayanlar Roman tayfasına mənsubdurlar. El dilində desək, qaraçıdırlar. Qaraçıların əksəriyyəti düşünülənin və deyilənlərin əksinə, pis adamlar deyillər. Onların da içində xeyirxah, insanpərvər, qonaqsevən insanlar var. Bir də ki, pis adamların dini, milləti olmur. Mən düz on altı ildir ki, bu məhəllədə bu insanların içində yaşayıram. Heç birindən zərrə qədər də pislik görməmişəm. Əksinə, hamı mənimlə mehriban davranıb, sevgi və qayğı ilə yanaşıblar.

– Necə yəni, siz qaraçı deyilsiniz? – Fəridə maraqla soruşdu.

– Yox, – qadın dilləndi. – Axısqa türküyəm.

– Bəs necə olub düşmüsünüz bura? – Fəridə yenə sual verdi.

– Görün nə deyirəm: həm nahar, həm də namaz vaxtıdır, gəlin gedək bizə. Namazımı qılım, sonra da birlikdə nahar edək. Həm qaraçıları yaxından tanıyın, həm də sizə dəhşətli həyat hekayəmi danışım.

– Yaxşı, buyurun, gedək, – Fəridə razılaşdı.

Qaraçı məhəlləsinə aparan yol torpaq, sakinlərinin yaşadığı evlər isə taxtadan idi. Günorta vaxtı olmasına baxmayaraq, yolda üst-başı çirk içində bir neçə uşaq var idi. Uşaqların bəziləri topla oynayır, bəziləri isə yolun kənarında, divar dibində qalaqlanmış, üfunət qoxulu zibil topalarının içində nəsə axtarırdılar. Birdən uşaqların içindən, təxmini on-on iki yaşlarında olan bir oğlan üzünü Nurzadəyə tutub mehriban səslə dilləndi:

– Salam, Nurzadə xala, necəsiz?

– Salam, Yaqub, yaxşıyam, oğlum, sən necəsən? – Nurzadə gülümsəyərək cavab verdi.

– Yaxşıyam, çox sağ olun, – uşaq dilləndi.

– Uşaqlar zibillikdə nə axtarırlar, Nurzadə xanım? – Fəridə uşaqlardan aralanan kimi maraqla soruşdu.

– Satmaq üçün metal, plastik qab, qutu və sair, – Nurzadə söylədi.

– Bəs onlar məktəbə gedirlər? – Fəridə təkrar sual verdi.

– Bəziləri yox, – Nurzadə cavab verdi.

– Yazıq uşaqlar, – Fəridə acı təəssüflə başını buladı.

Onlar azacıq yol getmişdilər ki, bu səfər dəqarşılarına əlində çəlik olan yaşlı, arıq bir qadın çıxdı. Fəridə onu görən kimi qorxub dayandı. Yat adam olduğu üçün qadının əsəbləşib çəliyi onun başına çırpacağını düşündü. Amma belə olmadı. Yaşlı qadın üzünü Nurzadəyə tutub mehriban səslə:

– Salam, qızım, necəsən? – deyə soruşdu. Sonra da:

– Qohumundur?– deyib Fəridəni göstərdi.

– Salam, Güllü nənə, – Nurzadə əlini uzatdı.

– Nə qohumum, Güllü nənə, mənim göydə Allahdan, yerdə sizdən başqa kimim var axı? Bu nəvənin adı Fəridədir, özü də qəzet müxbiridir, məhəlləmizi mətbuatda işıqlandırmağa gəlib.

– Hə, lap yaxşı, xoş gəlmisən, qızım, – Güllü indi də zəif ışıltılı gözlərini Fəridəyə çevirdi.

– Salam, nənə, çox sağ ol, – Fəridə dilləndi.

– Haralısan, bala?

– Gədəbəy rayonunun Tapan kəndindənəm, bura təhsil almaq üçün gəlmişəm.

– Evlisən? – qadın yenə sual verdi.

– Yox, təhsilimi yeni tamamlamışam.

– Haranı oxumusan?

– Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini.

– Hə, lap yaxşı. Mənim nəvəm də Bədən Tərbiyə İnstitutunun üçüncü kursunda oxuyur.

– Lap yaxşı, – Fəridə dindi. – Nə isə, biz gedək, Güllü nənə, namaz vaxtıdır.

– Əlbəttə, qızım, gedin-gedin, Allah namazını qəbul eləsin, – Güllü  ürəkdən dedi.

Nurzadə ilə Fəridə, Güllü ilə sağollaşıb yenidən yollarına davam etdilər.

– Nurzadə xanım, bu nənə nəvəsinin təhsil aldığını düz deyir?

– Əlbəttə, düz deyir, – Nurzadə cavab verdi.

– Elə bilirdim ki, bunlar hamılıqla ancaq dilənçiliklə məşğul olurlar, – Fəridə dedi.

– Elə deyil, Fəridə xanım, – Nurzadənin cavabı qəti oldu.

– Bu insanların da içində təhsil alanları, işləyib halal zəhmətləri ilə çörək qazananları var. Elə qaldığım ev sahibi də onlardan biridir.

– Bilmirdim.

– Siz hələ çox şey öyrənəcəksiniz, Fəridə xanım. Həm qaraçıların necə yaşadığını, həm də mənim bura gəlişimin səbəbini.

– Buyurun, bu da bizim evimiz, – deyib Nurzadə taxta bir vaqonun qarşısında dayandı.

Vaqonun qapısı ağzına çöl tərəfdən xalça salınmış, üstünə yastıq-döşəkçə atılmış, süfrə açılmışdı. Qarşıda əkilmiş söyüd ağacının altında isə samovar qaynayırdı. Bir az aralıda, üstündə bişməkdə olan yeməyin xoş ətri ətrafa yayılırdı.

– Hey, millət! – Nurzadə üzünü evimiz dediyi vaqona tərəf çevirib səsləndi.

– Gəldin, qızım?

İçəridən mehriban qadın səsi eşidildi.

– Hə, gəldim. Əminə xala, deyirəm, bəlkə çölə çıxasan, qonağımızın gözləri gözəllik görsün.

– Qonağımızın?

– Hə. Sənə Allah qonağı gətirmişəm, – Nurzadə gülümsədi.

– Yaxşı eləmisən, qızım. İndi çıxırıq.

İçəridən orta yaşlı, kök, qısa boylu bir qadın, arxasınca təqribən onunla eyni yaşda, arıq, uzun boylu, mavi gözlü, saçları çallaşmış bir kişi, ardınca da ikisi oğlan, ikisi qız olmaqla dörd uşaq çıxdı.

– Siz bu qədər insanla burada yaşayırsınız? – Fəridə üzünü Nurzadəyə tutdu.

– Bəli, – Nurzadə başını tərpətdi.

Fəridə cavabı eşidincək yerində quruyub qaldı. O qədər adamın çöldən kiçik görünən bu evdə necə yaşadığına inana bilmədi.

– Xoş gəlmisən, qızım, – qonağı ilk salamlayan kişi oldu.

– Salam, xoş gördük, – Fəridə dilləndi.

Nurzadə ailə üzvlərini Fəridəyə tanıtmağa başladı:

– Bu, Rəhman əmidir, evin sahibi. Bu da onun xanımı Əminə xala. Bunlar da qızları Mələklə Arzu, oğulları Zamanla Namazdır.

– Tanış olmağımıza şadam, – Fəridə dedi.

– Biz də, – hamı bir ağızdan dilləndi.

– Məncə, bura niyə gəldiyimi öyrənəndə fikriniz dəyişəcək, – Fəridə əlavə etdi.

– Niyə, qızım? – Əminə maraqla soruşdu.

– İş burasındadır ki… Əminə xala… – Fəridənin əvəzinə Nurzadə dilləndi:

– Fəridə xanım qəzet müxbiridir. Biz qaraçıların necə yaşadığını öyrənməyə gəlib, elədir?

Rəhman Nurzadənin cümləsini tamamladı:

– Bəli.

Fəridə çəkincək halda başını tərpətdi.

– Bu normal haldır. Biz milli azlıqıq, ona görə də sizlər üçün bizim həyatımız maraqlıdır.

– Anlayışınız üçün çox təşəkkür edirəm, Rəhman bəy, – Fəridə razılığını bildirdi.

– Hə, bu gün hava xoşdur deyə yeməyimizi həyətdə yemək qərarına gəldik, – Əminə dedi.

– Siz keçin oturun. Biz də gedək yeməyi gətirək.

– Arzu, Mələk, gəlin mənə kömək edin.

– Nə bişirmisən, Əminə xala? – Nurzadə soruşdu.

– Sürprizdir, deyə bilmərəm, – Əminə gülümsədi.

– Yaxşı, onda mən də gedim dəstəmaz alım, namazımı qılım. Siz də gedin dəstəmaz alın, balalarım.

Nurzadə bu dəfə üzünü oğlanlara tutdu.– Biz qıldıq, Nurzadə xala, – Namaz cəld söylədi.

Əminə ilə qızlar yemək bişməkdə olan sobanın yanına, Nurzadə isə dəstəmaz almaq üçün evin arxa tərəfinə getdi. Qalanlar isə süfrənin arxasında oturdular. Zaman samovarı gətirib süfrədəki stəkanlara çay süzdü.

– Fəridə qızım, samovar çayı iç, – Rəhman üzünü ona tutdu. – Çəkinmə, elə bil öz evindəsən.

– Çox sağ olun, – deyib Fəridə stəkanlardan birini qabağına çəkdi. Hər kəs çayını içdi, araya sakitlik çökdü. Yaranan sükutu Fəridə pozdu:

— Rəhman bəy, siz nə vaxtdan burada yaşayırsınız?

— Bilmirəm, — Rəhman sakit səslə danışmağa başladı. — Təkcə onu bilirəm ki, məhəlləmizdəki digər qaraçı ailələr kimi valideynlərim köçəri olublar. Hər tərəfi gəzdikdən sonra Azərbaycana köçüb burada özlərinə məskən salıblar. Biz beş qız, beş oğlan olmaqla on uşaq olmuşuq. Hamımız burada doğulub böyümüş, buranın çörəyini yeyib, suyunu içmiş, havasını udub, torpağında gəzmişik. Müxtəsər, biz də valideynlərimiz kimi bu torpaqları özümüzə vətən bilmişik. Bunun nəticəsidir ki, mən öz tayfamızdan biri ilə deyil, məhz azərbaycanlı qızı ilə evlənmişəm.

— Necə yəni, Əminə xanım? — Fəridə təəccübləndi.

— Hə, Əminə sizdəndir, — Rəhman davam etdi. — Bizdən bir məhəllə aşağıda yaşayırdı Əminə. Bir-birimizi yolda görüb bəyəndik. Rəhmətlik qaynatam qaraçı olduğum üçün bu evliliyə razı olmadı. Mən də onu qaçırıb evləndim. Təbii ki, sonra barışıq oldu və biz qaynatam ölənədək ata-oğul kimi yaşadıq. İndi Allaha şükür, otuz ildir evliyik, dörd oğlan, dörd qız olmaqla səkkiz övladımız var.

— Bəs uşaqlarınızın qalanı hanı? — Fəridə soruşdu.

— Böyük qızlarım Mirvari ilə Dilbazi ərə, oğlanlarım Zahidlə Cahid isə hərbi xidmətə gediblər, — Rəhman dedi.

— Hərbi xidmətə? — Fəridə duruxdu. — Yəni sizin də uşaqlarınız hərbi xidmətə gedirlər?

— Əlbəttə gedirlər, niyə də getməsinlər? Axı bura onların da vətənidir. Vaxtilə özümüz də hərbi xidmətə getmişik.

— Harada işləyirsiniz? — Fəridə azacıq fasilədən sonra növbəti sualını ünvanladı.

— On altı ildir ki, çörək sexində işləyirəm. Yəni Nurzadə gələndən sonra, — Rəhman səmimiyyətlə dilləndi. — Nurzadə gəlməmişdən əvvəl isə heç yerdə işləmir, səhərdən axşamadək böyük qızlarımla birgə dilənirdim.

— Dilənirdiniz? — Fəridə ciddiləşdi.

— Hə, — Rəhman dedi, — və yəqin ki, Nurzadə bura gəlməsəydi, hələ də dilənəcək, hətta digər uşaqlarımı da diləndirəcək, onları da o yazıq qızlarım kimi məktəbə göndərməyəcəkdim, — deyə də əlavə etdi.

– Bəs necə oldu ki, Nurzadə xanım bura gəlib sizinlə yaşamağa başladı?

Rəhman Fəridənin bu sualına da cavab vermək istəyirdi ki, Əminə qızlarla birgə, əlində yemək dolu sini süfrəyə yaxınlaşdı. Nurzadə də namaz qılmaqdan qayıtdı. Arzu sinidəki yeməkləri süfrəyə düzməyə başladı.

— Aş! — deyə Nurzadə sevincək qışqırdı.

— Sən dedin, mən də bişirdim, — Əminə gülümsədi.

— Allah razı olsun, Əminə xala, — Nurzadə təşəkkür etdi.

— Dəyməz, qızım. O nə deməkdir? — Əminə dedi. — Sən də otur, başlayaq.

— Yaxşı.

– Gəl sənə kömək eləyim, Nurzadə xala, – deyib Namaz ayağa qalxdı.

— Yox, oğlum, lazım deyil, — Nurzadə etiraz etdi.

— Nurzadə xala, onsuz da bütün işlərini özün görürsən. Heç birimizinsənə nədəsə kömək etməyimizi istəmirsən. Heç olmasa buna icazə ver, — Namaz mülayimliklə xahiş etdi.

— Yaxşı, nə deyirəm, — Nurzadə razılaşdı.

Namaz cəld, çəkidə o qədər də ağır olmayan Nurzadəni arabadan götürüb döşəkçənin üstünə qoydu.

— Bağışlayın, əllərimi harada yuya bilərəm? — deyib Fəridə yerindən qalxdı.

— Gedək göstərim, — Arzu da ayağa durdu.

Hər ikisi də evin arxasındakı su kranına tərəf getdilər. Az keçmiş yenidən süfrəyə qayıdıb, “Bismillah” deyərək birlikdə yeməyə başladılar.

– Əla, həmişə olduğu kimi bəzəkli, dadlı aş bişirib Əminə xala: şabalıd, kişmiş, qaysı, xurma…

Nurzadə yeməyinə ara verib məmnun halda dilləndi:

— Bir gün Həzrəti Məhəmməd Peyğəmbərimizlə Həzrəti Əli birlikdə xurma yeyirlərmiş. Peyğəmbərimiz Əli ilə zarafat etmək məqsədilə öz yediyi xurmanın dənələrini də  onun qarşısına qoyur. Xurmalar bitdikdən sonra isə üzündə təbəssümlə Həzrəti Əliyə: “Ya Əli, nə yaman acmısanmış, bütün xurmaları bitirmisən, qabın xurma dənələri ilə doludur”, — deyir.

Həzrəti Əli də eyni təbəssümlə:

— Ya RəsulAllah, deyəsən siz də çox acmısınız, xurmanı dənələri ilə birlikdə yemisiniz, qarşınızda heç dənə yoxdur, — deyə cavab verir.

— Xurmanı gördüm, bu əhvalat yadıma düşdü, — Nurzadənin danışdığı bu əhvalat süfrədəki hər kəsin üzündə xoş bir təbəssüm yaratdı.

— Nurzadə xala, Peyğəmbərimiz özü zarafat edib gülməyi sevirmişsə, onda niyə gülən bir adam görəndə “Yerində olsam az gülüb, çox düşünərdim” deyərmiş? Niyə belə deyərmiş axı? Peyğəmbərimiz, yəni insan nəyi düşünməlidir? — deyə Namaz maraq dolu səslə soruşdu.

– Haqq-hesab gününü, oğlum, – Nurzadə dilləndi. – Çünki həmin gün insan bütün əməlləri kimi həm də bu həyatda nə üçün, nəyə və kimə güldüyünə görə də cavab verəcək. Məsələn, yolda xəstə ya da mənim kimi fiziki məhdudiyyətli bir insan görəndə təbəssümlə onun yanına yaxınlaşıb salam vermək, halını soruşub ehtiyacları ilə maraqlanmaq, lazım gəlsə nədəsə kömək etmək bir başqa; əksinə, həmin insanı vəziyyətinə görə barmaqla göstərib ayıblamaq, lağa qoyub gülmək tamam başqadır. Hə, qoy bunu da deyim: ən gözəl gülmək növü ağzı qapalı şəkildə xoş bir təbəssüm ifadə etməkdir. Çirkin gülmək isə ağzı açıq şəkildə qəh-qəhə çəkərək gülməkdir, çünki onda şeytan, Allahın bəndəsi arxayınlaşıb deyib sevinər.

– Nə gözəl sözlər danışırsınız, Nurzadə xanım, adam saatlarla sizə qulaq asmaq istəyir, – Fəridə səmimiyyətlə dilləndi.

– Əslində hamımız bunları bilməliyik, – Rəhman dedi və əlavə etdi:

– Kim bilir, bəlkə də yer üzündə baş verən fəlakətlərin səbəbi bizim Allahdan, dindən uzaqlaşıb başqa yollara yönəlməyimizə görədir.

– Düz deyirsən, – Əminə ərinin dediklərini başı ilə təsdiqlədi.

İyirmi dəqiqə keçdi, hamı yeməyini yeyib pürrəng samovar çayından içdikdən sonra “Allaha şükür₼ edib bir-bir süfrədən çəkildi . Yeməklər çox gözəl idi.

– Əminə xanım, əllərinizə qüvvət, – Fəridə səmimiyyətlə dilləndi.

– Nuş olsun, qızım, haqqı-halalın olsun, – Əminə ürəkdən dedi.

– Əminə xalanın yeməklərinə söz ola bilməz, – Nurzadə əminliklə dedi.

– Az təriflə, ay qız, – Əminə gülümsədi.

– Rəhman əminin sənin bir həftə sonra olacaq ad günün münasibətilə qoşduğu şeirin yanında mənim tərifim heç nədir, – Nurzadə irişdi.

– Şeir? Nə şeir? – Rəhman duruxdu. Nurzadə boğazını arıtlayıb şeiri söylədi:

“Sənə şirin yuxu, dinclik, əzizim,

Kaş yuxun, dincliyin olaydım özüm.”

Şeir bitən kimi hamı gülməkdən uğunub getdi.

– Hə, hələ bu nədir ki, – Nurzadə zarafata davam etdi. – Rəhman əmi dedi ki, həmin gün məhəlləmizdə ən hündür yerə çıxacaq və oradan “Mən Əminəni sevirəm!” deyə ucadan qışqıracaq. Sonra cibindən şeirini və bu sözləri yazdığı vərəqləri çıxarıb havaya buraxacaq.

Rəhmanın utandığından sifəti lalə kimi qızardı.

– Off, ay qız, məndən nə istəyirsən axı?

– Neynim, sənə sataşmasam dura bilmirəm, – Nurzadə dedi.

– Arzu, Mələk, durun, süfrəni yığışdırın, – Əminə qızlarına müraciət etdi. Qızlar tez süfrəni yığışdırıb apardılar.

– Hə, Nurzadə xanım, mənə həyatınızı danışacaqdınız axı, məni o vədlə bura gətirdiniz, – Fəridə dilləndi.

– Danışacam, Fəridə xanım, danışacam, – Nurzadə Fəridəni arxayın etdi.

– Dur biz gedək, qızlar da rahat söhbət etsinlər, – deyə Əminə ərinə xitabən dilləndi.

– Yox, Əminə xala, – Nurzadə etiraz etdi, – siz qalın, onsuz da hər şeyi bilirsiniz. Onda biz içəri keçək.

Zamanla Namaz ayağa durub otağa keçdilər.

– Yanınızda dəsmal var, Fəridə xanım?

– Hə, var, nədir ki?

– Onu əlinizdə hazır saxlayın, tez-tez göz yaşlarınızı silməyə lazım olacaq. Çünki mənim həyatımın bura gələnə qədər olan hissəsi başdan-başa ağlamalıdır. Mən, Nurzadə Ridvanova, səkkiz noyabr 1987-ci ildə dörd uşaqlı ailənin sonuncu övladı olaraq Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində doğulmuşam.

Nurzadə bir neçə saniyə sonra dərindənKöksünü ötürüb ağır-ağır danışmağa başladı:

– Doğuş zamanı hər iki ayağımın normadan daha kiçik olduğu aşkarlanır. Həkim ayaqlarımın yetərincə inkişaf etmədiyini, buna görə də heç vaxt yeriyə bilməyəcəyimi deyib. Babamla atam “Allahın qədəridir” deyib bununla razılaşıblar. Ancaq anam, ən çox da nənəm vəziyyətimlə barışmaq istəməyiblər. Doğulduğumun qırxıncı günündə anam, atamın babamla iş üçün qonşu kəndə getməyini fürsət bilib, nənəmin də təkidi ilə məni kəndin kənarında yerləşən otlaq sahəsinə atıb.

Babamla atam hadisədən üç gün sonra evə qayıdanda xəbər tutublar. Təbii olaraq əsəbləşiblər və dərhal həmin yerə gediblər. Babamın dediyinə görə, məni orada sıx otların arasında ağlama səsimi eşidib tapıblar. Kim bilir, bəlkə də bu səbəbdən vəhşi heyvanlara yem olmamışam. Məni oradan götürərək evə gətiriblər və anama da, nənəmə də vəziyyətimdən asılı olmayaraq Allahın yaratdığı bir bəndənin yaşamaq haqqının əlindən almağının ən böyük günah sayıldığını, onu bilə-bilə ölümə tərk etməyin yolverilməz olduğunu deyib, bir də belə şey eləməməklərini tapşırıblar. Beləliklə, nənəm də, anam da istəmədikləri halda mənə baxmağa başlayıblar.

Hər şey öz axarı ilə davam edirmiş, ta ki 1989-cu ilə qədər. Həmin ildən etibarən Fərqanə vadisində Ahıska türklərinə qarşı kütləvi hücumlar törədilir, evlər yandırılır, minlərlə insan döyülərək öldürülür. İnsanlar da məcburiyyət qarşısında qalıb evlərini tərk edərək Rusiya, Qazaxıstan, Qırğızıstan və Azərbaycana köç etməyə başlayırlar. Atamgil də zorakılığın artdığını görüb digər soydaşlarımız kimi 1990-cı ilin əvvəllərində ölkədən çıxır, gəlib Azərbaycanda – Şəmkirin Kür qəsəbəsində məskunlaşırlar. Onlar yerli əhali tərəfindən boş qalan evlərdən birinə yerləşdirilirlər və heyvandarlıqla məşğul olub ailəni dolandırmağa çalışırlar.

Təəssüf ki, nə bu hadisələri, nə də doğulub böyüdüyüm və üç yaşına qədər də yaşadığım vətənimlə bağlı heç bir şey xatırlamıram. Bəzi xırda və xoşagəlməz detalları saymasaq, uşaqlığım babamın və atamın əhatəsində çox gözəl keçdi. Yadımda qalan ən xoş xatirələrdən biri də rəhmətlik babamın məni qar yağan zaman adyala büküb qarın üstündə yumalamasıdır. Həyətə atamın, babamın, anamın və bəzən də nənəmin qucağında çıxar, evdə isə sürünə-sürünə gəzərdim.  Bir də uşaqlığımdan xatırladığım mərhum milli qəhrəmanımız İsgəndər Aznalov və onunla bağlı olan xatirələrdir. Bizimlə eyni kənddən idi. İsgəndər əmi orada da, Şəmkirdə də qonşumuz idi. O da bizimlə birlikdə köçmüşdü Azərbaycana. Canım İsgəndər əmim… – Nurzadənin gözləri doldu.

– Yaxşı insan idi İsgəndər əmi. Allah bütün insani keyfiyyətləri onun üzərində cəmləşdirmişdi. O tez-tez bizə gələrdi. Məni görən zaman başqaları kimi gülüb lağa qoymaz, olduğum yerdən qulağını çəkib uzaqlaşmaz, əksinə, üzündə təbəssüm yanıma yaxınlaşar, başımı sığallayıb halımı soruşardı. Üç övladı var idi, onlar hazırda da Azərbaycanda yaşayırlar. Bir ara İsgəndər əmini görmədim. Soruşanda nənəm onun harasa işləməyə getdiyini dedi. Lakin sən demə, o, birinci Qarabağ döyüşlərində iştirak edirmiş. Bir il sonra isə onun şəhid olduğu xəbəri gəldi. İsgəndər əmi 1993-cü ilin aprel ayının on səkkizində Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Xəbəri eşidəndə o qədər ağlamışdım ki… Onda hələ ölümün nə olduğunu tam mənası ilə dərk etmirdim, amma bir daha İsgəndər əmini görməyəcəyimi bilirdim. Sonralar babam şəhidlərin ölmədiyini, əksinə, onların hər zaman qəlbimizdə yaşadığını dedi. Babam onu da dedi ki, Allah qatında ən uca zirvə şəhidlik zirvəsidir. İsgəndər əmi də bu zirvəyə ucalaraq cənnətə gedib. Allah İsgəndər əminin timsalında bütün şəhidlərə rəhmət eləsin.

– Amin, – hamı Nurzadənin duasına qoşuldu.

Beləcə, illər keçdi.

Nurzadə davam etdi:

– Yeddi yaşıma gəlib çatdım. Təbii ki, hər uşaq kimi mən də məktəbə getmək istəyirdim. Atam bunun üçün məktəbə müraciət etdikdə məktəb direktoru məni məktəbə qəbul etməkdən imtina etdi, müəllimlər də evdə dərs keçmək istəmədilər. Bu səbəbdən də məktəbə gedə bilməyib yazıb-oxumağı özümdən üç yaş böyük bacım Lumiyədən və beş yaş böyük Nuriyyədən öyrəndim sonradan.Həyatımı cəhənnəmə çevirəcək məndən on yeddi yaş böyük bacım Ünzilə isə hələ bir yaşım olan zaman Tərlan adlı oğlana ərə getmişdi. Onların Ərmağan və Ümidə adlı iki uşaqları var idi. Onlar da bizimlə Azərbaycana gəlmiş və Yeni Həyat kəndinə köçmüşdülər. Nə isə, bununla yanaşı, həm də evimizdə olan Qurani-Kərimi oxumaq üçün babamdan ərəb əlifbasını da öyrəndim. İyirmi səkkiz hərflik əlifbanı bir aya öyrənib bitirdim. Sonra da Quranı yavaş-yavaş avazla oxumağa başladım. Yaşım çatan kimi babam və atamla birlikdə dəstnamaz alıb namaz qılmağa, ramazan ayında oruc tutmağa başladım. Ancaq nənəm bunu istəməzdi. O, Allahın məni sevmədiyini, buna görə də etdiyim ibadətləri qəbul etmədiyini düşünürdü. Lakin bu heç də belə deyildi. Niyə Allah məni sevməməliydi? Axı məni bu vəziyyətdə Allahın elə özü yaratmışdı. Mən isə nənəmə fikir vermir, dini vəzifələrimi bacardığım qədər yerinə yetirməyə çalışırdım. Nənəm isə hər fürsətdə vəziyyətimi başıma qaxar, ailəmizin utanc hissi, üz qarası, xəcalət yeri olduğumu deyərdi.

Nurzadə yenə o anları bir də yaşayırmış kimi kövrəldi:

– Nənəm anamla da yola getməzdi. O, hər dəfə anamla mübahisə edən zaman: “Kül başına! Dörd uşaq doğdun, dördü də qız, sonuncusu da topal”, – deyərək olanlarda onu günahkar çıxarardı. Anam da bu sözləri eşidəndə mənə:

– Kaş ki bu cür dünyaya gəlməkdənsə ölsəydin, mən də bu sözləri eşitməzdim, – deyib mənə, qulağım eşidə-eşidə Allahdan ölüm diləyərdi. Ümumiyyətlə, babam kimi sakit, mehriban, səmimi, xoşxasiyyət biri deyildi nənəm. O, olduqca kobud, əzazil, rişxəndcil, davakar bir qadın idi. Onunla bağlı doqquz yaşım olan zaman başıma gələn daha bir acı xatirəmsə belədir: bir gün qonşuluqda toy idi. Mən də toya getmək istədim, bu zaman nənəm düz üzümə qarşı:

– Sən bu halınla bu evdən ancaq qəbrə gedə bilərsən, – dedi.

Babam nənəmi bu sözlərinə görə xeyli danladı və məni özü ilə toya apardı. Elə həmin ilin soyuq qış günlərinin birində evimizdə dəhşətli bir hadisə baş verdi. Gecə saatları idi, hamımız yatmışdıq. Birdən nənəmin tükürpədici çığırtısı, ardınca da babamın təlaşlı çağırışı eşidildi. Atamla anam tez qalxıb onların yatdıqları otağa getdilər və qorxunc bir mənzərə ilə qarşılaşdılar. O illərdə Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də işıq sönür, günlərlə yanmırdı. Həmin axşam da işıq sönmüşdü. Sonralar babamın dediyinə görə, nənəm ayaqyoluna getmək məqsədilə ayağa qalxmış, otaqdan çıxmaq istəyəndə isə qaranlıq olduğu üçün sobanın üzərinə yıxılmışdı. Sobanın tini sol gözünün üstündən alın hissəsini dəlib keçmişdi. Yazıq nənəm elə yerindəcə öldü. Bu dəhşətli hadisə hamımızı dərindən sarsıtdı.

Üstündən dörd il keçdi. 2000-ci il, ad günüm idi, on üç yaşım tamam olurdu. Atam qəfil evə gəldi və:

– Gəl, sənə sürprizim var, – deyib həmişə olduğu kimi məni qucağına götürdü. Birlikdə çölə çıxdıq. Gözlərimə inana bilmirdim… Qarşımda təptəzə bir əlil arabası dayanmışdı. Atam:

– Buyur, bu da sənin ad günü hədiyyən, – deyib məni arabaya mindirdi. Sifarişlə mənə Rusiyadan araba almışdı atam. Sevincimin həddi-hüdudu yox idi. Axır ki, qucaqda gəzdiyim, əllərimlə yerdə süründüyüm illərə son qoyuldu.

Beləcə, beş il də keçdi. On səkkiz yaşıma gəlib çatdım. Nuriyyə ilə Lumiyə bir-birinin ardınca ərə getdilər. Nuriyyə Çinarlı, Lumiyə də Şiştəpə qəsəbəsinə gəlin köçdü. Bir müddət sonra isə hər ikisi ərləri ilə birlikdə Rusiyada yaşamağa başladılar. İndi hərəsinin iki uşağı var. Əsl dəhşətli günlərsə elə həmin illərdən başladı. Bir gün Ünzilənin əri Tərlan, oğlu Ərmağanla bizə gəlib xeyli oturdular. Tərlan gedəndə mənə onlarla getməyi təklif etdi. Atam:

– Get, könlün-gözün açılar, – deyib razı oldu.

Bir az pal-paltar yığıb, irəlidə başıma gələcəklərdən xəbərsiz, Tərlan və Ərmağanla birlikdə Yeni Həyat kəndinə – onların evinə getdim. Ünzilə məni olduqca mehriban qarşıladı. Gedişimin onuncu günü idi. Günortadan xeyli keçmiş, Ünzilə havanın xoşluğundan istifadə edib mənə çimməyi təklif etdi. Bizim evdən fərqli olaraq onlarda hamam yox idi. Buna görə də otaqda teştin içində çimirdilər. Razılaşdım və Ünzilənin köməyi ilə soyunub teştə girdim. O su tökür, mən də yuyunurdum. Birdən dəhşətli bir şey başverdi. Qabaqlar kənd evlərində otağın ortasından dəhlizi göstərən pəncərə qoyulurdu. Birdən gözüm həmin pəncərəyə sataşdı və Tərlanın güzgüdən xəlvəti mənə baxdığını gördüm. Tez üzümü çevirib bunu həyəcan içində Ünziləyə dedim. O, pəncərəyə yaxınlaşdı və:

– Dəli olmusan, ay qız, Tərlan nə gəzir?! – deyib təkrar yanıma qayıtdı.

Amma əmin idim, Tərlan mənə baxırdı. Yanılmadığımı üç gün sonra anladım. Axşamüstü arabayla həyətdə gəzirdim, Tərlan da həyətdə idi. Bu zaman onun ləzzətlə nar yediyini gördüm. Narı çox sevirdim. Yaxınlaşıb:

– Tərlan, mənə də nar verə bilərsən? – dedim.

Tərlan dayanıb mənalı şəkildə üzümə baxdı və:

– Verərəm. Amma bir şərtim var, – söylədi.

Heç nə başa düşmədim.

– Nə şərt? – soruşduqda, o, mənimlə daha yaxın münasibətdə olmaq istədiyini, bu zaman nə istəsəm verəcəyini söylədi. Heyrətdən yerimdəcə donub qaldım. Bu nə demək idi?

Bu halımı görən Tərlan üzündə iyrənc bir təbəssümlə:

– Nədir, guya istəmirsən? Nədən qorxursan axı, onsuz da bu halınla səni alan olmayacaq. Birlikdə keyfimizi çəkərik, haydı gəl, naz eləmə, – söylədi.

Artıq onun iyrənc niyyətini anladım və eşitdiklərimdən dəhşətə gəldim. Digər bacılarımın ərləri kimi Tərlanı da özümə qardaş bilirdim. Lakin qardaş dediyim bu alçağın isə əslində məni heç də bacısı gözündə görmədiyini, ürəyində mənə qarşı çirkindən də çirkin niyyətlər bəslədiyini isə ağlıma belə gətirmirdim. Onun bu sözlərinə cavab olaraq heç nə demədim. Şiddətli qorxu və həyəcan içində yavaş-yavaş arxaya çəkildim. Tərlan getdiyimi görəndə əl atıb yaxamdan yapışmaq istədi, elə bu an arxadan kiminsə:

– Hey, Tərlan, nə edirsən, utanmırsan? – deyən zəhmli səsi eşidildi.

Bu, Tərlanın qardaşı, həm də yaxın qonşusu Bahəddin idi. Sən demə, o, bayaqdan olanları aradakı taxta hasardan görürmüş. Tərlan diksinib kənara çəkildi. Bahəddini görüb ürəkləndim və:

– Bahəddin, yalvarıram, məni qurtar, – deyib arabayla hasara tərəf getməyə başladım.

Bahəddin bərk qorxduğumu görüb:

– Qorxma, Nurzadə, o sənə heç nə edə bilməz, – deyərək məni sakitləşdirdi.

Təbii ki, olanların hamısını Ünziləyə danışdım. Ünzilə isə qəzəbli halda:

– Utanmırsan! Burada qalmaq istəmirsənsə, bunu açıqca deyə bilərsən. Daha niyə yeznənə şər atırsan? – deyib atama zəng etdi.

Atam məni gəlib evimizə apardı. Evə çatanda hər şeyi anama da danışdım. Təbii ki, anam da mənə inanmadı və o da Ünzilə kimi mənim orada qalmaq istəmədiyimə görə belə bir bəhanə uydurduğumu düşündü. Çarəsiz qalıb hər şeyi atama danışdım. Yekunda isə onun da mənə inanmayacağından qorxaraq:

– Əgər mənə inanmırsansa, get Bahəddindən soruş. O, hər şeyi gördü, – dedim.

Yazıq atam da səhəri gün qonşu kəndə Bahəddinin yanına, hər şeyi öyrəndikdən sonra da qəzəbli halda birbaşa Tərlangilə gedir. Onların arasında mübahisə baş verir. Həmin vaxt həyətdə odun doğramaqda olan Tərlan əlindəki baltayla yazıq atamın başını iki yerə bölür.

Nurzadə bu yerdə ağlamağa başladı:

– Bu dəhşət idi, həm də misli görünməmiş bir dəhşət. Bir anın içində anam ərsiz, yazıq babam ahıl çağında oğulsuz, biz də atasız qaldıq. Atamın ölümündən üç ay sonra Tərlanın məhkəmə prosesi keçirildi. Babamla birlikdə mən də məhkəmədə iştirak etdim və hakimə Tərlanın onların evində çimdiyim zaman güzgüdən gizlincə mənə baxdığını, həyətdə əxlaqsız təklif etdiyini, qısası, bütün olanları danışdim. Sözümün sonunda isə atamın haqsız yerə öldürüldüyünü, əslində ölməli olanın Tərlan olduğunu dedim və hakimdən ona ən ağır cəzanın verilməsini xahiş etdim.

Ünzilə bu sözlərimi eşitcək ünvanıma nalayiq bir söz işlədərək ayağa qalxıb üstümə yeridi. Lakin hakimin sərt xəbərdarlığı ilə yenidən yerində oturdu. Bahəddin də şahid kimi ifadə verdi. O da həmin vaxt orada olduğunu deyib söylədiklərimi təsdiqlədi. Tərlana son söz verilən zaman dedikləri isə sözün həqiqi mənasında damarımda qanımı dondurdu. O, sözə belə başladı:

– Möhtərəm hakim, Nurzadənin dediklərinin hamısı yalandır. Mən onu bacım kimi görmüşəm, amma sən demə, o mənə ürəyində başqa hisslər bəsləyirmiş. Həmin gün həyətdə olan zaman mən yox, o mənə əxlaqsız təklif etdi. Razılaşmadım, o da əvəzində: “Görərsən, sənin başına nə oyun açacam”, – deyib…– deyib yanımdan aralandı. – Nurzadə məhz məndən qisas almaq məqsədi ilə həmin gün baş verən hadisəni atasına səhv çatdırıb.

Bu yerdə hakim ona:

– Bəs qardaşınızın dedikləri barədə nə deyə bilərsiniz? – deyə bir sual ünvanladı.

Tərlanın cavabı isə hakimi belə dəhşətə gətirdi. İnsan olmayan bu məxluq:

– Bilirsiniz, möhtərəm hakim, Bahəddinin arvadım Ünziləyə gözü düşüb. Yəqin ki məni həbsxanaya göndərib ona sahib olmaq istəyir, – söylədi.

Bahəddin Tərlanın bu haqsız ittihamına cavab olaraq ayağa qalxıb üzünə tüpürdü. Məhkəmənin hökmü ilə Tərlan on beş il azadlıqdan məhrum edildi. O gündən də Ünzilənin mənə qarşı kəskinləşən münasibəti bitmək bilməyən nifrətə çevrildi.

Bu hadisənin üstündən altı ay keçmiş ailəmizdə daha bir bədbəxt hadisə baş verdi. Səhər namazına qalxmaq üçün anamı narahat etməyim deyə babamla birlikdə yatırdım. Belə günlərdən birinin sübh çağı idi. Biz yatmışdıq. Bu zaman elektron saatın səhər namazının vaxtına qurduğumuz zəngi çalındı. Oyanıb babamı da oyanması üçün səslədim. Oyanmadığını görüncə silkələmək istədim. Bu zaman onun bədəninin bərk, həm də buz kimi soyuq olduğunu hiss etdim. Bir anlıq üşürgələndim, anamın otağına gedib vəziyyəti ona danışdım. Anam yataqdan qalxıb gəldi və əlini babamın bədəninə vuran kimi gözləri yaşlı halda onun öldüyünü dedi.

Bəli, atamdan sonra daha bir sevdiyim insanı itirdim. Ölümün haqq olduğunu bilməyimə rəğmən yenə də özümü saxlaya bilməyib hıçqıra-hıçqıra ağlamağa başladım. Onu da atam kimi elə yaşadığımız Kür qəsəbəsində dəfn etdik. Beləcə, ana-bala bir damın altında tək qaldıq. Anam, dövlət tərəfindən fiziki məhdudiyyətimə görə təyin olunmuş sosial müavinətlə və mal-heyvan saxlamaqla iki nəfərlik ailəni dolandırmağa çalışırdı. O təsərrüfat, mən də ev işləri görürdüm. Arabada olmağıma baxmayaraq, yemək bişirir, paltar yuyur, ev təmizləyirdim.

Lakin anam mənə hər dəfə:

– Neynirsən bu işləri görüb, onsuz da ərə getməyəcəksən, – deyərdi.

O, fürsət düşdükcə məhdudiyyətli olmağımı şillə kimi üzümə çırpar:

– Belə olmasaydım, bacıların kimi sən də ərə gedərdin, mənə də yük olmazdın. Mən öləndən sonra yəqin ki yazıq Ünzilənin ümidinə qalacaqsan. Mənim təki onun da qəlbinə dərd, çiyninə yük olacaqsan, – deyərdi.

Bir də anam, vəziyyətimə görə Allahın məni məhdudiyyətli yaratdığı üçün sevmədiyi bir bəndə kimi zənn edir, əvvəl başqa bir bədəndə dünyaya gələn ruhumun o zaman törətdiyi hansısa pis bir əmələ görə cəzalandırıldığını deyərdi. Təbii ki, bunların heç biri doğru deyildi. Birincisi, Allah qatında insanların fiziki görünüşünün deyil, əməllərinin necə olmasıdır. Allah-təala Qurani-Kərimin qırx doqquzuncu surəsi olan “Əl-Hucurat”, yəni “Otaqlar” surəsinin on birinci ayəsində: “Ey möminlər, bir-birinizi məshərəyə qoymayın, ola bilsin ki, həmin insan sizdən daha üstündür”, – buyurub. İkincisi isə, əgər bir insan Allah kimi insan yarada, natamam dediyi insanı tamamlaya bilmirsə, onda niyə Allahın yaratdığına dil uzatmalıdır? Ya da niyə mən fiziki məhdudiyyətliyəm deyə ailə qura bilməzdim? Axı fiziki məhdudiyyət ailə qurmağa maneə deyildi. Son olaraq isə, niyə Allah, anamın dediyi kimi, hansısa bir bədəndə dünyaya gələn ruhumun bilmədiyim bir günahına görə məni cəzalandırmalıydı? Bir də ki, fiziki məhdudiyyətli olmaq cəza yox, uca Allahın imtahanıdır. Yaşadıqları ilə, özünün varlığı ilə isə onu əhatə edən insanların imtahanıdır. Əfsuslar olsun, anam bunu başa düşmürdü.

Beləcə, üç il də keçdi. Ünzilə, Tərlan həbsxanaya düşdükdən sonra uşaqlara baxmaq üçün mövsümi işlərdə işləyirdi. Ötən müddət ərzində o məni görmək istəmədiyi üçün bizə gəlmir, yalnız anam ora gedirdi. Biz isə anamla birgə həyatımıza davam edirdik. Anamda birdən-birə şiddətli boğaz ağrıları baş qaldırdı. Ağrıların dayanmadığını, əksinə günü-gündən artdığını görən anam Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət etdi. Oradan da Bakıya – onkoloji mərkəzlərdən birinə göndərildi.

Bakıda ona udlaq xərçəngi diaqnozu qoyuldu. Həkim anama:

– Tezliklə əməliyyat olunmalısan, boğazından dəlik açılmalıdır, yemək yeməyin və nəfəs almağın asanlaşacaq, – deyib.

Ünziləyə və Rusiyadakı bacılarıma zəng edib vəziyyəti danışdım. Ünzilə dörd il aradan sonra ilk dəfə o zaman bizə gəldi.biz illərdiryaşadıĞımız, hər daşı, divarı xatirələrlə dolu evimizi, qazanc mənbəyimiz olan mal-heyvanımızı, qısası, hər şeyimizi anamın əməliyyatı üçün satdıq və özümüz də məcbur olaraq Yeni Həyat kəndinə – Ünzilənin yanına köçdük. Ancaq bunun da faydası olmadı. Əməliyyatdan il yarım sonra anamın vəziyyəti daha da pisləşdi. Bir gün, yəni ölən günü, o məni yanına çağırdı və hamının gözü qarşısında xırıltılı səslə:

– Nurzadə, qızım, mən artıq ölürəm. Bəlkə də bu dünyada son saatlarımı, hətta son dəqiqələrimi yaşayıram. Xahiş edirəm, məni bağışla. Səni vəziyyətinə görə incidib alçatdım, arxa plana atdım. Yalvarıram, mənə haqqını halal elə, – dedi.

Gözlərim doldu, heç nə demədən yataqda uzanmış olan anamı qucaqlayıb üz-gözündən, əllərindən öpdüm. Düzdür, anam bütün bunları eləmişdi, amma necə olsa o, məni doqquz ay bətnində gəzdirmiş, dünyaya gətirib böyütmüşdü. Bir də ki, xəstə halında ona necə kin saxlaya bilərdim axı?! Sonra o, artıq qapanmaqda olan gözlərini Ünziləyə çevirərək:

– Ünzilə, qızım, bacın Nurzadəni göydə Allaha, yerdə də sənə əmanət edirəm. Mən əmanətə xəyanət etdim. İndi də əvəzini canımla ödəyirəm. Sən mənim elədiyim səhvi eləmə, bacına sahib çıx, – deyib əbədi gözlərini yumdu.

Öldü yazıq anam… Mən də, bacılarım da gözlərimiz şişib qızarana qədər ağladıq. Yas mərasimi Ünzilənin evində keçirildi. Bacılarım dəfn xərclərini öz üzərlərinə götürdülər. Nə isə, anamın dəfnindən on gün keçmiş bacılarım Nuriyyə ilə Lumiyə təkrar Rusiyaya qayıtdılar. Beləliklə, Ünzilənin yanında qaldım. Qara günlərim də elə həmin vaxtdan başladı. Ünzilə məni az qala heç nəyin üstündə təhqir edib söyür, hətta bəzən əl qaldırırdı. Bununla da kifayətlənməyən Ünzilə daha da irəli gedərək məni məhdudiyyətli yaratdığı üçün Allahın və ona tapşırdığı üçün yazıq anamın ünvanına ən pis söyüşlər yağdırırdı.

Uşaqların da mənə qarşı münasibəti yaxşı deyildi. Hər ikisi də söz soruşduğum zaman ya kobud cavab verir, ya da heç cavab vermirdilər. Onlar da atalarının mənim üzümdən həbsxanada boş yerə yatdığını düşünürdülər. Nəhayət, bir gün buna son qoyuldu. Ünzilə Bahəddinlə məhkəmədə Tərlanın əleyhinə ifadə verdiyi üçün danışmırdı. O, Ərmağanla Ümidəni də bu mövqedə tərbiyələndirir, onlara əmiləri ilə ünsiyyət saxlamağa imkan vermirdi.

Ramazan bayramı idi. Bahəddin Ünzilənin evdən çıxdığını görüb evə gəldi. O, əvvəlcə mənimlə bayramlaşdı. Ümidə ilə bayramlaşmaq istəyəndə isə qız istəmədi. Bu an Ərmağan da gəlib çıxdı və: “Rədd ol!” – deyib əmisini həyətdən qovmaq istədi. Vəziyyəti belə görən Bahəddin məndən Quran kitabımı istədi. Dediyi kimi edib Quranı ona verdim. Quranı əlinə aldı və bütün səmimiyyəti ilə:

– Balalarım, bu Qurana and içirəm ki, məhkəmədə yalan ifadə vermədim. Atanızın xalanıza qarşı olan nalayiq hərəkətini öz gözlərimlə gördüm. Tərlan sizin atanızdırsa, mənim də qardaşımdır. Niyə yalan yerə doğma qardaşımı həbsxanaya göndərim? Ən əsası isə niyə bir insana böhtan atım? Axı böhtan atmağın cəzası ağırdır, – dedi.

Və hər ikisinin də yumşaldığını görüncək ağlaya-ağlaya qucaqlayıb üz-gözlərindən öpdü. Həmin vaxtdan uşaqların əmilərinə və mənə münasibəti tamamilə dəyişdi. Bu hadisənin üstündən bir ay ötdü. Ərmağan əmisinin gizli köməyi ilə işləmək üçün Rusiyaya getdi. Ümidə isə indi mənimlə əvvəlkindən fərqli olaraq tamam başqa cür rəftar edirdi. O, Ünzilə evdə olmadığı vaxtlarda mənimlə şirin-şirin söhbət edir, bu günədək etdiklərinə görə peşman olduğunu bildirib üzr istəyir, lazım olduğu zaman nədəsə kömək göstərirdi.

Bir gün axşamüstü idi, yemək yeməyə hazırlaşırdıq. Qonaq otağında yer süfrəsinin arxasında oturmuşdum. Birdən otaqla mətbəxi ayıran kardon arakəsmədən Ünzilə ilə Ümidənin möhkəm mübahisə etdiyini eşitdim. Ümidə ağlaya-ağlaya anasına:

– Ana, niyə xalama verdiyin yeməyin içinə tüpürürsən? Axı o sənin bacındır, heç Allahdan qorxmursan? – dedi.

Ünzilə isə qəzəbli halda:

– Yaxşı eləyirəm, o topala bu da azdır! Bəs o sənin atanı yalan bəyanı ilə həbsxanaya göndərəndə niyə Allahdan qorxmadı? Yazıq atan onun ucbatından gör neçə il evindən, ailəsindən uzaqda, dəmir barmaqlıqlar ardında qalacaq. Özü də günahsız yerə! – söylədi.

Bəli, Ünzilə…Hər dəfə mənə verdiyi yeməyə tüpürərmiş. Fikrimcə, nəinki bacının bacıya, hətta düşmənin düşmənə etməyəcəyi iyrənc bir şey idi bu. Mən də iyrəndim və həmin günü yemək yemək istəmədim. Ünzilə otağa gəlib niyə yemək yemədiyimi soruşdu. Təbii ki, ona heç nə demədim. Ünzilə də qəzəblənib məni axşamın dondurucu soyuğunda qapıdan çölə atdı. Düz iki saat küçədə qaldım. O vaxt ərzində bir dəfə Ünziləni çağırıb:

— Bacı, nolar qapını aç, namazın vaxtıdır, icazə ver namaz qılım, — dedim.

Ünzilə qəhqəhə çəkib gülərək:

— Nə namaz, ay qız? Bir gün namaz qılmasan nə olacaq? Cəhənnəmə gedəcəksən? Bir də ki, boş-boşuna namaz qılma, çünki Allah sənin kimləri bəndə saymır, ona görə də qıldığın namazı qəbul etməyəcək, — deyib yenidən evə girdi.

Xoşbəxtlikdən, həmin vaxt Ümidə Bahəddingilə zəng edib olanları xəbər verə bilmişdi. Sağ olsun, Bahəddin də gəlib məni evlərinə apardı. İsti yemək, çay verdilər, bir gecə də evlərində saxladılar. Bəli, nə qədər acı olsa da, mənim doğma bacımın yanında günlərim məhz bu cür keçirdi.

Beləcə üç il keçdi. Ərmağan Rusiyada Leyla adlı çeçen bir qadınla evləndi. Onların Kamal adlı oğulları, Firuzə adlı qızları var. Ərmağan ildə bir dəfə kəndə gəlib üç ay qalır, qalan vaxtlarda isə pul göndərirdi. Biz də bu pulla və aldığım müavinətlə dolanırdıq. Ünzilənin mənə olan zülmləri bitmək bilmir, əksinə daha da artırdı.

Bir gün artıq iyirmi yaşı tamam olan Ümidə yanıma gəlib Bahəddinin oğlu Cəmillə bir-birlərini sevdiklərini dedi. Təbii ki, xala olaraq çox sevindim və onu təbrik edib xoşbəxtlik arzuladım. Elə həmin axşam Bahəddin arvadı Nərgizlə, oğlu Zəkəriyya qıza elçi gəldilər. Lakin Ünzilə, məlum məsələyə görə, qızı Cəmilə vermədi və: “Məndə düşmənə verəcək qız yoxdur”, — deyərək onları təhqir edib evdən qovdu. Ümidəyə isə qətiyyətlə Cəmili unutmasını, ümumiyyətlə bu məsələni bir dəfəlik başından çıxarmasını tapşırıb, özlüyündə söhbəti bir daha açılmamaq üzrə bağladı.

Vəziyyəti belə görən Ümidə çarəsiz qalıb üç gün sonra Cəmilə qoşulub qaçdı. Onlar bura, Bakıya, Cəmilin xalasının evinə gəldilər. Ünzilə məsələdən xəbər tutanda özündən çıxdı və Ümidəni mənim yoldan çıxardığımı deyib, bədənimə neçə yerdən qaynar ütü basdı.

— Aman Allah! — Fəridənin gözləri heyrətdən böyüdü.

Həmin an günahkar olmadığın bir məsələyə görə cəzalandırılan bədənimdə hiss etdiyim ağrı indi təsvir edə bilməyəcəyim dərəcədə dəhşətli idi. Ünzilə haray-qışqırıqla Bahəddingilə gedib evlərini daşa basdı. Bundan bir nəticə çıxmadığını görəndə isə polisə xəbər verdi. Polislər Ümidəni olduğu ünvanda tapıb ifadəsini aldılar. Ümidə ifadəsində Cəmilin onu zorla qaçırmadığını, anasının bu evliliyi istəmədiyi üçün özünün qoşulub qaçdığını bildirdi. Təbii ki, Ümidə yetkinlik yaşına çatdığı üçün onun bəyanı əsas götürüldü. Bu cəhdinin də uğursuz olduğunu görən Ünzilə yaranan vəziyyətlə könülsüz də olsa barışmalı oldu. Amma: “Həmin gündən daha mənim Ümidə adlı qızım yoxdur”, — deyib onun üstündən ömürlük xətt çəkdi. On gün keçmiş Bahəddin onlara elə həyətdəcə yaxşı bir toy elədi. Təəssüf ki, o toyda iştirak edə bilmədim, amma ürəyim onların yanında idi.

Bir il sonra bu xoşbəxt cütlüyün Arzu adlı şirin-şəkər qızı dünyaya gəldi. Ünzilə evdə olmadığı zaman uşağı görməyə gedər, bəzən də Ümidə onu taxta hasarın başına gətirib mənə göstərərdi. Yenə belə günlərdən biri idi. Ünzilə yas məclisinə getmişdi. Ümidə ilə Cəmil fürsətdən istifadə edib məni hasarın başına çağırdılar. Yenə o noğul qızı oradaca qucağıma verdilər. Bir yandan uşağı öpüb oxşayır, bir yandan da onlarla söhbət edirdim. Qəfildən Ünzilə gəlib çıxdı və dəhşətli hadisə baş verdi. O, uşağı hirslə qucağımdan alıb hasardan tulladı, sonra da məni təpiklə vurub arabadan saldı və arabanı üstümə aşırdı. Cəmil dözə bilməyib hasardan tullandı və Ünziləyə möhkəm bir yumruq vurdu. Ünzilə yumruğun təsirindən səndirləyib kökündən qopmuş ağac kimi yerə yıxıldı. Səs-küyə qonşular yığışdılar. Təbii ki, hamı:

— Nəyə lazımdır axı bu küskünlük? Qızın xoşbəxtdir, uşağı da var, daha nə istəyirsən? — deyərək bacımı qınadı.

— Bu harasıdır, Fəridə xanım, əsl fəlakət hələ qabaqdadır.Nurzadə Fəridənin ağladığını görüncək azacıq fasilə verib yenidən kədərli həyat hekayəsinin ardını danışmağa davam etdi:

— Kəndimizdə hamının seyid adlandırdığı Müsahib Vəliyev adlı bir nəfər var idi. Xəstələr şəfa tapmaq, evdə qalmış qızlar bəxtlərini açdırmaq üçün onun yanına gedərdi. Amma sən demə, iş tamam başqa imiş. Bir gün necə oldusa, həmin adam bizə gəldi və məni arabada gəzdiyimi gördü. Bu zaman o, Ünziləyə:

— Bacı, əgər istəsən, bu qızı yeridərəm, onu da əziyyətdən qurtararam, səni də. Narahat olma, səndən pul almaram, amma bəzi prosedurlar var, onları həyata keçirmək üçün də qız mütləq bir gecə mənim evimdə qalmalıdır, — dedi.

Ünzilə bircə an belə tərəddüd etmədən razılaşdı. Lakin bu alçağın başıma gətirəcəyi fəlakəti əvvəlcədən hiss edirmiş kimi qorxmağa başladım. Təbii ki, bunu Ünziləyə deyə bilmədim. Müsahib məni evinə apardı. O, evində tək yaşayırdı. Əvvəl-əvvəl hər şey normal idi. Bir xeyli ordan-burdan söhbət etdik. Sonra Müsahib özünə və mənə içməyə iki fincan çay gətirdi. Çayı içib qurtaran kimi başım fırlanmağa, gözlərim qapanmağa başladı. Bu arada Müsahibin məni arabadan götürdüyünü hiss etdim, sonradan olanları isə xatırlamıram.

Yalnız səhər saat onda gözlərimi açdım. Həmin an isə ömrüm boyunca olmasını istəmədiyim, hər zaman çox qorxduğum dəhşətli bir vəziyyətlə qarşılaşdım. Bəli, hər şey aydın idi; illər əvvəl yazıq atamın gənc yaşında uğrunda canından olduğu namusum ləkələnmişdi. Bunu, özünü seyid adlandıran, lakin seyidliklə zərrə qədər də əlaqəsi olmayan alçaq, çayıma yuxu dərmanı qataraq etmişdi. Olanlara inana bilmədim. Əynimdə demək olar ki, paltar yox idi. Tez qalxıb çarpayının üstündə oturdum və başıma gələn bu müsibət qarşısında hönkürə-hönkürə ağlamağa başladım. Bu an Müsahib səsimi eşidib yanıma gəldi və təbii ki, hər şeydən hali olduğumu başa düşdü. Onu görən kimi ağlaya-ağlaya:

— Alçaq, sən neylədin? Mənim namusumu tapdaladın. Evə gedən kimi bacıma hər şeyi danışacağam, səndən polisə şikayət edəcəm, — dedim.

Müsahib sözlərimə cavab olaraq üzündə iyrənc bir təbəssümlə:

— Danışacaqsan? Of, ay qız, boşuna çənəni yorma, onsuz da sənə heç kim inanmayacaq. Kimdir sənin kimi topal bir insanın sözünə etibar edən? — deyib məni evə geri gətirdi.

O gedən kimi bəlkə mənə inanar ümidi ilə hər şeyi Ünziləyə danışdım. Bacımın mənə inanacağını və Müsahibdən polisə şikayət edəcəyini düşündüm. Əfsuslar olsun, heç də gözlədiyim kimi olmadı. Əksinə, bacım illər əvvəl olduğu kimi yenə də mənə inanmadı və:

— Sən nə danışırsan, ay qız? Müsahib seyiddir, onun yanına hər tərəfdən şəfa tapmaq üçün insanlar gəlir. Belə bir adama böhtan atmağa utanmırsan? Beş il əvvəl bu cür yalanla atamı, ərimi qurban verdin, indi də Ərmağanı qurban vermək istəyirsən? — deyib məni möhkəm döydü.

Sözün həqiqi mənasında çarəsiz bir vəziyyətə düşdüm, nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmədim. Bir gün Ünzilənin evdə olmadığı zaman başıma gələnləri Ümidə və qayınanası Nərgizə danışdım. Nərgiz danışdıqlarım qarşısında heyrətləndi və Müsahibi Bahəddinin də sevmədiyini, onun seyid olduğuna inanmadığını dedi. Əlavə olaraq isə o alçağın bir neçə dəfə evləndiyini, son günlərdə isə insanlara qarşı davranışının dəyişdiyini, yanına gələnlərdən yüksək miqdarda pul tələb etdiyini bildirdi. Yekun olaraq isə o da, Ümidə də həmin vaxt Rusiyaya işləməyə gedən Bahəddinlə Cəmilin gəlişini gözləməyi məsləhət gördülər. Onların dediyi kimi Bahəddingili gözləməyə başladım. Onsuz da başqa çarəm yox idi. Ta ki Rəhman əmi bizə gələnə qədər.

Günorta çağı idi, Ünzilə toya getmişdi, mən də həmişəki kimi evdə tək idim. Hava xoş olduğu üçün həyətdə gəzirdim. Birdən taxta qapı yavaşca açıldı və Rəhman əmi içəri girdi. Onu görən kimi dilənçi olduğunu başa düşdüm. O saatda ağlımdan şimşək sürəti ilə bir fikir keçdi. Onunla gedəcək, səhərdən axşama qədər küçələrdə dilənmək bahasına da olsa, Ünzilənin zülmlərindən birdəfəlik qurtulacaqdım. Həm də o, görkəmindən pis adama oxşamırdı. Lap olsaydı da, ayrı yolum yox idi. Çünki uca Allaha and içirəm ki, həmin vaxt mənim üçün heç bir yer Ünzilənin yanından və onun mənə yaşatdıqlarından pis ola bilməzdi. Elə bu fikirlə də onun yanına getdim.

— Həmin vaxt üç gün idi ki, dilənmək üçün evdən çıxmışdım. — Bu yerdə Rəhman dilləndi: — Gəzə-gəzə Şəmkirə, Yeni Həyat kəndinə gedib çıxdım. Kəndə daxil olan kimi gördüyüm birinci evin qapısını açdım. Həyətə girib bir neçə addım irəli getmişdim ki, əlil arabasında bir qızın sürətlə mənə sarı gəldiyini gördüm. Ağzımı açıb ondan: “Evdə səndən başqa kim var?” – deyə soruşmaq istəyirdim ki, qız bərabərimə çatan kimi özünü arabadan düz qarşıma atdı. O saatda: “Əmi, xahiş edirəm, məni özünlə apar. Məni burdan, bu zülmdən qurtar”, — deyib ağlayaraq yalvarmağa başladı. Təəccübümdən bir neçə saniyə olduğum yerdəcə donub qaldım. Sonradan özümü cəmləyərək qızı qaldırıb yerində əyləşdirdim və ondan nə baş verdiyini soruşdum. Nurzadə də başına gələnlərin hamısını danışdı. Eşitdiklərimdən dəhşətə gəldim və heç düşünmədən onu özümlə Bakıya gətirməyə qərar verdim. Bunun üçün də həyətdəki odun kötüyünün üstündə oturub Ünzilənin toydan qayıtmasını gözləməyə başladım. Bu müddət ərzində ikimiz birlikdə bir plan qurduq.

Ünzilə bir də iki saat sonra gəldi. Nurzadə  davam etdi:

— O, Rəhman əmini həyətdə görəndə əvvəlcə çaşıb qaldı. Rəhman əmi dilənçi olduğunu, rayon-rayon gəzdiyini söylədi. Onlar xeyli söhbət etdilər. Hətta Ünzilənin təklifi ilə evə girib bir stəkan çay da içdi. Rəhman əmi bu əsnada qəsdən maddiyyatdan söz açdı. Ünzilə maddi vəziyyətinin olduqca çətin olduğunu deyən zaman Rəhman əmi fürsətdən istifadə edib ona nəhayət gözlədiyim təklifi etdi:

— Bacı, sənə bir təklifim var. Əgər razı olsan, bu qızı özümlə gəzdirib diləndirərəm, qazandığım pulun yarısını da sənə göndərərəm. Sənin də maddi çətinlikdən canın qurtarar, — dedi.

Ünzilə cavabında:

— Nə bilim, siz indi gedin, on gün sonra gələrsiniz, ona qədər bir az fikirləşərəm, — deyəndə Rəhman əmi:

— Bacı, vaxt yoxdur, mən indi gedirəm, bura bir daha gəlib-gəlməyəcəyimi də bilmirəm, sənin yerində olsam fürsəti əldən vermərəm, — deyib təkid etdi.

Axır ki, Ünzilə: “Yaxşı, aparın”, — deyərək razılaşdı. Elə həmin gün bütün əşyalarımı yığışdırıb Rəhman əmiylə birlikdə bir daha qayıtmamaq fikri ilə evdən və kənddən çıxıb Bakıya gəldik. Yolda Rəhman əminin təkidi ilə yemək yeyib, çay içdik. Yeməkxanada olan bir nəfərin telefonu ilə Ümidəyə zəng edib ona hər şeyi danışdım və məndən nigaran olmamasını, etibarlı əllərdə olduğumu bildirdim. Dediyimdə də yanılmadım. Allah Rəhman əmidən razı olsun, əgər o, Ünziləyə dediyi kimi edib məni diləndirsəydi, məhdudiyyətli olduğum üçün bəlkə də çoxlu pullar qazanardı, amma sağ olsun, bunu etmədi.

— Nurzadənin gəldiyi həmin gün indiki kimi yadımdadır. — Bu dəfə Əminə sözə qarışdı:

— Gecə saat on bir idi, təzəcə yatmışdım ki, qızım Mirvari təşviş içində məni çağırıb: “Ana, atam gəldi, yanında da əlil arabasında bir qadın var”, — dedi. Heç nə başa düşmədəm və yuxulu halda ayağa qalxıb həyətə çıxdım. Nurzadəni də o zaman gördüm. Əvvəlcə nə olduğunu anlamadım. Sonradan Rəhmanla Nurzadə mənə hər şeyi danışdılar. Rəhmandan onu diləndirməməsini, bundan sonra bizimlə yaşamasını xahiş etdim. Sən demə, Rəhman da onu bura heç də diləndirmək üçün yox, zalım bacısının zülmündən xilas etmək üçün gətiribmiş. O vaxtdan da Nurzadə ailəmizin üzvünə, məhəlləmizin sakininə çevrildi.

— Elə həmin günün sabahı Sabunçu rayonu polis idarəsinə getdim və əvvəl alçaq Müsahib Vəliyevin başıma gətirdiklərini danışdım. — Nurzadə yenidən danışmağa davam etdi:

— Sən demə, həmin vaxt bizim kənddən də polis orqanlarına bu haqda şikayət olunubmuş. Mən kənddən çıxanda toyu olan qızın da başına eyni hadisəni gətiribmiş. Yazıq qız axşam ağlaya-ağlaya bütün olanları, yəni iki il öncə Müsahib tərəfindən eyni üsulla zorlandığını və insanlıqdan uzaq olan bu məxluqun oxşar hadisəni başqa bölgələrə ərə gedən və tez bir zamanda geri qayıdan bir neçə qızın da başına gətirdiyini ərinə danışır. Beləliklə də məsələ ortaya çıxır, kənd əhalisi tökülüb Müsahibin evini daşqalaq edirlər. Polislər o alçağı ancaq ara sakitləşib kənd camaatı oradan uzaqlaşandan sonra tutub aparırlar. Rəhman əmigili qısa müddət ərzində tanıdım və hamısını çox sevdim. Amma ortada belə bir məsələVar idi. Düzdür, Rəhman əmi məni diləndirməyəcəkdi. Lakin pulsuz yaşaya, ən əsası da onlara yük ola bilməzdim. Bunun üçün də, nə olur-olsun, pul tapmalıydım. Ağlıma müavinət kartım gəldi. Gəlişimdən bir ay sonra, “Mənə sənin pulun lazım deyil, sən də mənim bir övladım” deyən Rəhman əminin kəskin etirazına baxmayaraq, yazıb-oxumağı bildiyi üçün Əminə xala ilə birlikdə banka getdim və Ünzilədə olan kartı bağlatdırıb özümə yeni kart açdırdım. Beləcə, maliyyə problemim həll olundu.

Üstündən neçə həftə keçmiş bir mobil telefon aldım. O saatda Ümidəyə zəng edib ona həyatımda bir ay ərzində olanların hamısını danışdım. Vəziyyətimin də yaxşı olduğunu dedim. Alçaq Müsahib tutulan zaman baş verənləri də elə ondan öyrəndim. Sonra o, ünvanımı öyrənib Cəmillə birlikdə məni görməyə gəldi. Yazıq qız illər ayrısı kimi boynumu qucaqladı və ağlaya-ağlaya: “Bağışla, xala, sənə sahib çıxa bilmədim. Düşünürdüm ki, ayrı evim olanda səni yanıma apararam”, — dedi. Ərmağan da Azərbaycana gələndə ailəsi ilə birlikdə yanıma gəldi. Təbii ki, bundan Ünzilənin xəbəri olmadı. İndi isə gələk həyatımdakı növbəti sevindirici hadisəyə.

Bura gəlişimdən on il keçmişdi. Artıq demək olar ki, yerli camaatla qaynayıb-qarışmışdım. Mən Əminə xala ilə birlikdə toya, yasa, iftar süfrəsinə gedir, bəzən də Quran oxuyurdum. Bir gün yenə iftar süfrəsində Quran oxuduğum zaman yanıma Əfsanə adlı məhəllə sakini gəldi. O, hər həftənin cümə günü namazdan sonra yaxınlıqdakı məsciddə dini söhbət olduğunu bildirərək, mənə də o söhbətlərdə iştirak etməyi məsləhət gördü. Allah ondan razı olsun, həmin vaxtdan hər həftə məscidə getməyə başladım. Belə söhbətlərin birində Bakıda üç illik dini təhsil ala biləcəyim qızlar mədrəsəsi olduğunu eşitdim və vaxt itirmədən ora getdim. Üç il kollecdə oxuyaraq dini biliklərimi daha da təkmilləşdirdim.

— Həə, gələk Ünzilə və Tərlanın aqibətinə. Bura gəlişimdən sonra Ünzilə məni heç axtarmadı. Yəqin ki, o, Müsahibdən polisə şikayət etdiyimi eşidib, ondan da şikayət edəcəyimdən qorxmuşdu. Lakin hər dəfə Ümidə ilə danışarkən ondan xəbər alırdım. Ümidə: “Anamın vəziyyəti yaxşıdır, Ərmağan yenə də ona pul göndərir, amma mənimlə danışmır”, — deyərdi. Ta ki altı il əvvələ qədər. 2020-ci il idi. Gecədən xeyli keçmiş hamı kimi mən də yatmışdım. Qəfildən mobil telefonum aramsız zəng çalmağa başladı. Təşviş içində yuxudan oyanıb telefonu açdım. O anda Ümidənin ürəkağrıdıcı fəryadını eşitdim. O, mənə: “Xala, biz Bakıda xəstəxanadayıq, anamla atam qaz partlayışında yanıblar”, — dedi.

Eşitdiklərimə inana bilmədim. Digər tərəfdən də heç nə başa düşmədim, axı Tərlan həbsxanadaydı, o, Ünzilə ilə necə birlikdə ola bilərdi? Onun həbsxanadan çıxdığını isə həmin vaxt düşünmədim. Nə isə… Tez Rəhman əmi ilə birlikdə Ümidənin dediyi xəstəxanadakı yanıq şöbəsinə getdik. Ümidə ilə Cəmil ordaydılar. Ümidə ağlaya-ağlaya: “Evdə yatmışdıq, qəflətən dəhşətli bir partlayış səsi eşidib getdik. Biz içəri daxil olanda hər ikisi olduqları yerdəcə divara yapışmışdılar. Mətbəxdə də yanğın başlamışdı. Xoşbəxtlikdən qonşular yanğının digər otaqlara keçməsinin qarşısını ala bildilər. Onları əvvəlcə Zəkəriyyənin maşını ilə Şəmkir xəstəxanasına apardıq. Oradakı həkimlər hər ikisində vəziyyətin ağır olduğunu deyib, təcili yardımla Bakıya göndərdilər”, — dedi.

Bir neçə saat keçdi, artıq səhər açılmışdı. Yanıq şöbəsinin dəhlizində dayanıb xəbər gözləyirdik. Rəhman əmi məni orada qoyub çörək sexinə işə getdi. Bir azdan həkim yanımıza gəldi. O, Ünzilə ilə Tərlanın üçüncü dərəcəli yanıq xəsarətləri aldıqlarını, bütün orqanlarının sıradan çıxdığını  bildirdi. Bu an tibb bacısı da gəlib onların ayıldığını söylədi. Biz həkimə onları görmək istədiyimizi söyləyəndə isə həkim: “Vəziyyətlərinə baxım, sonra sizə bir söz deyərəm”, — deyib getdi. On dəqiqə sonra isə qayıdıb bizi onların yanına apardı. İçəri girəndə indiyə qədər də unuda bilmədiyim sarsıdıcı bir səhnə ilə qarşılaşdım. Ünzilə də, Tərlan da tanınmaz hala düşmüş, ikisinin də bədənində demək olar ki, yanmayan bir yer qalmamışdı. Ümidə ilə mən ağlaya-ağlaya onların yatdığı çarpayıya yaxınlaşdıq. Hər ikisinin gözləri yarı qapalı halda idi. OnBeş il aradan sonra ilk dəfə idi görüşürdük. Ümidə anası ilə qonşu olduğu üçün uzaqdan da olsa onu hər gün görürdü, atasını isə ərə gedəndən sonra bir daha həbsxanaya görməyə getməmişdi. Tərlanla Ünzilə yalvarıcı nəzərlərini bir xeyli üzümüzə tikdilər. O baxışlarda daha nələr yox idi: peşmançılıq, utanc və sair. Sonra da hıçqıra-hıçqıra ağlamağa başladılar. Onlar nəsə deyir, amma dedikləri anlaşılmırdı. Həkim onların hələ də tam özünə gəlmədiyini bildirdi.

Bu minvalla iki gün ötdü. Mən Əminə xala və Rəhman əmi ilə birlikdə xəstəxanaya gedib-gəlirdim. Ərmağan, Nuriyə və Lumiə xəbəri eşidib Rusiyadan gəldilər. Bacılarım ikisi də məni görən kimi qollarını açıb üstümə yeridilər, lakin ikisi ilə də görüşmədim. Küsmüşdüm onlardan. Çünki əgər istəsəydilər, vaxtında məni özləri ilə Rusiyaya apara, Ünzilənin zülmlərindən qurtara bilərdilər. Axı Ərmağan onlara anasının mənə etdikləri haqqında danışmış, “Bacınıza sahib çıxın, onu anamın əlindən alın” demişdi. Onlar isə Ərmağana: “Biz ona baxa bilmərik”, — söyləmiş, məruz qaldığım haqsızlığa qulaq tıxayıb, göz yummuşdular. Ən əsası isə bura gəldiyim vaxtdan bir dəfə də olsun məni itirib-axtarmamışdılar.

Nəhayət bir gün həkim  gəlib nəhayət Ünzilə ilə Tərlanın danışa bildiklərini, lakin onların yaşamaq ehtimalının olmadığını və , hər ikisinin də halallıq istəmək üçünÜmidə ilə məni görmək istədiklərini bildirdi. Tibb bacısının müşayiəti ilə onların otağına getdik. Tərlanla Ünzilənin vəziyyəti əvvəlkindən daha da pisləşmişdi. Sözə ilk əvvəl Ünzilə başladı və o saat da hər şey məlum oldu. Sən demə, faciənin baş verdiyi həmin gün Tərlan cəza müddətini bitirib həbsxanadan çıxmış, Ünzilə də onu kəndə aparmaq üçün Bakıya gəlibmiş. Hər ikisi birlikdə şəhəri gəzdikdən sonra kəndə, evə gedirlər. Çatan kimi də mətbəxə keçib çay içmək istəyirlər. Ünzilə işığı yandıran zaman dəhşətli partlayış baş verir. Heç demə, o evdən çıxanda qazı bağlamağı unutmuş, qayıdanadək də mətbəxə qaz dolubmuş.

Bir az aralıda dayanmışdıq. Ünzilə bunları danışıb bitirdikdən sonra bizi yaxına çağırdı. Əvvəlcə solğun baxışlarını Ümidəyə çevirdi və ağlaya-ağlaya:

— Məni bağışla, gözəl qızım. Haqsız yerə illər boyu sənə qəlbimdə bitmək bilməyən bir nifrət bəslədim, — dedi. — Mənə haqqını halal elə, — söylədi.

Ümidə dözə bilməyib hönkürə-hönkürə ağlamağa başladım və “Canım anam” deyərək əyilib anasının yanmış üzündən öpdü. Sonra Ünzilə üzünü mənə tutub danışmağa başladı:

— Nurzadə, sən də məni bağışla, gözəl bacım. Anam bu dünyadan köçəndə səni mənə əmanət etmişdi. Əmanətinə sahib çıxa, qızıma yaxşı ana, nəvələrimə yaxşı nənə olmadığım kimi, sənə də layiqli bacı olmadım. Məni bağışla, haqqını halal elə, — söylədi.

Bu yerdə Tərlan da iztirabla yatdığı çarpayıdan dilləndi:

— Məni də bağışla, Nurzadə. Səni kiçik bacım gözündə görməli olduğum halda, vəziyyətindən istifadə edib haqqında nalayiq fikrə düşdüm. Haqsız yerə atanı öldürdüm, məhkəmədə özümü təmizə çıxarmaq üçün qəsdən üstünə böhtan atdım. Xahiş edirəm, haqqını halal elə, — dedi.

Özümdən asılı olmayaraq qəhərləndim və yalnız bir kəlmə: “Sizi Allah bağışlasın”, — deyə bildim. “Haqqımı halal edirəm” sözünü deyə bilmədim. Bilirsiniz, Ünzilənin məni döydüyü zaman vurduğu saysız-hesabsız zərbələrin ağrısı canımdan, yeri bədənimdən çoxdan gedib, ancaq onun sözləri ilə qəlbimdə açdığı dərin yaralar heç vaxt qapanmayacaq. Ruhumda buraxdığı izlər əbədi silinməyəcəkdi. Tərlana qaldıqdaisə o, mənim həyatdakı tək dayağımı — atamı əlimdən almışdı.

Nə isə… Sonra Tərlan Ümidəyə tərəf döndü:

— Qızım, sən də məni bağışla. Nə yaxşı insan, nə yaxşı övlad, nə yaxşı ər, nə də yaxşı ata ola bilmədim, — dedi və sözünün sonunda da: — Biz ölürük, qızım. Biz öləndən sonra evimizdə yaşayarsınız, — deyə vəsiyyət etdi.

Bayaq olduğu kimi bu dəfə də Ümidə ağlaya-ağlaya atasının üz-gözündən öpdü. Sonra onlar Bahəddin, Cəmil və digər yaxınlarımızla halallaşdılar. Üç gün sonra isə əvvəlcə Tərlan, iki saat sonra da Ünzilə dünyasını dəyişdi. Onları aparıb kənd qəbiristanlığında dəfn etdilər. Dəfn mərasimində iştirak etmədim. Tərlanın vəsiyyətinə uyğun olaraq indi Ümidə ilə Cəmil onların evində yaşayırlar. Bir dəfə onlar  məni özləri ilə aparmaq istədilər. Ancaq bir daha kəndə qayıtmaq, hər künc-bucağı acı xatirələrlə dolu olan o evdə yaşamaq istəmədim. İndi on altı ildir ki, burada Rəhman əmigillə birlikdə yaşayıram. Hər cümə məscidə gedib, dini söhbətlərdə iştirak edir, Quran öyrənmək istəyənlərə dərs verir, müxtəsər, əmin-amanlıq içində həyatıma davam edirəm.

— Belə, Fəridə xanım, bu da həyat hekayəm, — Nurzadə bununla da danışığını yekunlaşdırdı.

— Necə də kədərli bir həyat hekayəniz var imiş, Nurzadə xanım, — bayaqdan Nurzadənin danışdıqlarını göz yaşları içində dinləyən Fəridə onun sözünü bitirdiyini görcək gözlərini silib danışmağa başladı, — amma necə deyərlər, hər şərdə bir xeyir var. İnsan övladının bu dünyada başına gələn hadisələr hər zaman onun üçün şər olmur. Düşünürəm ki, indiki həyatınız əvvəl yaşadıqlarınızın mükafatıdır.

— Düz deyirsiniz, — Nurzadə təsdiq əlaməti olaraq başını tərpətdi. Bu an Zamanla Namaz otaqdan çıxdılar.

— Gəlin, balalarım, — deyib Nurzadə üzünü uşaqlara tərəf çevirdi. — Həə, qoy bunu da deyim: Zaman rəhmətlik babamın, Namaz isə atamın adıdır. Onlar mənim bura gəlişimdən sonra dünyaya gəldilər. İkisinin də adlarını özüm qoymuşam, sağ olsunlar, Rəhman əmilə Əminə xala sözümü yerə salmadılar. Bir olan Allahın adına and içirəm ki, onları öz övladlarım kimi sevirəm.

— Siz necə, Nurzadə xalanızı çox istəyirsiniz? — Fəridə üzünü uşaqlara tutub soruşdu.

— Əlbəttə, istəyirik, — Namaz tərəddüdsüz dilləndi, — biz gözümüzü açandan Nurzadə xalanı bu evdə görmüş, onun həzin laylaları ilə böyümüşük. O, mədrəsəyə təhsil almağa getdiyi zaman ikimiz də daimi getdiyini, bir daha geri qayıtmayacağını düşünüb için-için ağlamış, üç gün çörək yeməmişdik. Yazıq atamla anam nə qədər dil tökmüş, onun təhsil almağa getdiyini, təhsilini tamamladıqdan sonra yenidən evimizə geri qayıdıb yenidən bizimlə yaşayacağına çətinliklə də olsa inandıra bilmişdilər. Tətil vaxtlarını səbirsizliklə gözləyər, gəldiyi zaman məhəllənin girişinə qədər qarşısına çıxar, axşam yanında yatmaq üçün bir-birimizlə yarışardıq. Gəlişi ilə məhəlləmizə bəzi yeniliklər də gətirdi Nurzadə xala. Onun gəlişindən sonra uşaqların çoxu dilənməkdən qurtulub məktəbə getdi, bəzilərinin valideynləri ilə də danışıqlar aparır. Biz də onun sayəsində evdən dərsə gedir, dərsdən evə gəlirik.

— Allah ondan razı olsun!

— Amin! — Əminə oğlunun duasına qoşuldu. Bu yerdə Arzu ilə Mələk əllərində süfrə və çay dolu sinilə geri qayıtdılar.

— Çaylar gəldi! — Arzu gülümsəyərək dilləndi.

— A nə yaxşı, sağ olun, qızlar, lap ürəyimi oxudunuz. Danışmaqdan boğazım qurumuşdu, — Nurzadə sevincək dedi.

Arzu süfrəni saldıqdan sonra Mələk çayları paylamağa başladı.

Yazıya 1 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.