Gerçəkləşən nağıl dünyam

Uşaqlıqdan nağılları çox sevmişəm, hətta onların nə vaxtsa çin olacağına inanmışam. Ötən ilin yayında “Su sənəti-ebru” nağılım çin oldu. Çoxdan arzusunda olduğum qədim ebru sənətini müəyyən qədər öyrənə bildim.

Ötən ilin may ayında sosial şəbəkələrdə rastlaşdığım elan həyatıma yeni bir rəng qatdı-“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihəyə iştirakçılar dəvət edirdi. Mən də məktəbli qızım Nazla bərabər qədim Türk xalqlarına məxsus və mənim uşaqlıq arzum olan ebru sənətini öyrənmək üçün  təlimlərə qatıldıq.  “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in (TTXMİDİB) sədri, əməkdar jurnalist Zərnişan Azayeva bu layihənin məxsusi olaraq işsiz  evdar, əlilliyi olan və heç bir sənəti olmayan qızlar və qadınlar üçün təşkil edildiyini bildirdi. 3 ay  müntəzəm davam edən layihə ərzində ali təhsilli, yüksək ixtisaslı sənət biliciləri Vüsal Qaraqaşlı ebru sənətinin, Elvina Mirzo Dəmir isə toxuculuq sənətinin sirrlərini bizə öyrətdilər. Sənət öyrətməkdən əlavə Zərnişan xanımın təşəbbüsü ilə kurs iştirakçıları üçün Milli Xalça Muzeyinə ekskursiya da təşkil edildi. Etiraf edim ki, Bakıda yaşasaq da Milli Xalça Muzeyində ilk dəfə idi ki, olurdum, bir çox qızların isə belə bir muzeyin olmasından xəbəri yox idi. Bu ekskursiyadan hamımız gözəl təəssürat almaqla  bərabər, milli naxışlarımızla da yaxından tanış olduq. Layihənin sonunda iştirtakçılara kursu bitirmək barədə Sertifikat təqdim olundu və layihədə tərəfdaş olan Bakıdakı Yunus Emre Enstitusunda əl işlərimizdən ibarət satış-sərgimiz də təşkil olundu. Sərgiyə gələnlər əl işlərini çox bəyəndilər, bir neçəsini əldə etdilər, hətta sifariş edənlər də oldu.

O gündən bu günə ebru sahəsində bilgilərimi təkmilləşdirməklə dəvət aldığım tədris ocaqlarında -“Kaspi” Tədris Mərkəzinin Bayıl, Əcəmi, Elmlər Akademiyası filiallarında, “Paddington.Kids” uşaq bağçası, Uşaq İnkişaf Mərkəzlərində və digər tədris mərkəzlərində təlimlər keçirəm.  Uşaqların əksəriyyəti ebru sənəti haqqında ilk dəfə eşidir, elə ilk dəsrdən bu sənətə böyük maraq göstərirlər. Yaradıcılığa, incəsənətə maraq göstərən gələcək nəslimizi-məktəbliləri, bağça uşaqlarını gördükcə riqqətə gəlirsən. Balacaların su üzərində ilk rəngli əsərlərindən, kəşflərindən doğan sevinclərini  heç nə ilə müqayisə etmək mümkün deyil. Ebru sənəti uşaqlarda təxəyyülün və yaradıcılıq qabiliyyətlərinin, diqqət və incə motorikanın inkişafına, rəngləri hiss etmə və estetik zövqlərinin formalaşmasına, maraq dairələrinin zənginləşməsinə xidmət edən xüsusi bir sənət sahəsidir. Bu sənəti öyrənib və öyrətməkdən böyük zövq almaqla yanaşı, həm də ailə büdcəmizə müəyyən qədər dəstək oluram.

Hazırda yuxarı sinif şagirdləri, xüsusilə qızlara ebru naxışlarını ipək parça üzərinə nəqş etməyi öyrədirəm. Onlar öz əl işlərindən xüsusi zövq alır, həmin yaylıqları fəxrlə boyunlarına taxır, başlarına örtür, yaxınlarına hədiyyə edirlər.

Gələcək arzum isə su sənəti-ebru ilə dahi şəxsiyyətlərimizin portretlərini işləməkdir. “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin layihəsi vasitəsi ilə gözəl bir sənətə sahib oldum, ürəyimcə olan maraqlı peşə qazandım. Mənimlə həmin kurslara qatılan gənc qızlar, işsiz xanımlardan hazırda toxuçuluq sahəsində uğurla çalışan, əməyinin bəhrəsini, qazancını görən həmkarlarımın arzusuna səs verərək belə sənət qazanma kurslarının təşkilinə daha çox dəstək, diqqət verilməsini xahiş edirik.

Buna vəsilə olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, “Turan Türk Xalqların Mədəniyyətinin İnkişafına Dəstək” İB sədri Zərnişan Azayevaya, layihədə tərəfdaş kimi iştirak edən Bakıdakı Yunus Emre Enstitusuna, ebru müəllimim Vüsal Qaraqaşlıya, toxuculuq kursunun müəllimi Krım Türklərinin Azərbaycan təmsilçisi usta Elvina Mirzo Demirə Sizin vasitənizlə bir daha sonsuz təşəkkürlərimi bildirirəm.

 

Vəfa Mirzəliyeva

Bakı şəhəri

30.04.2026

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.