Ölən Günəşim… (hekayə)

​Hər təqvim yarpağı irəliyə doğru bir addım atır, amma elə tarixlər var ki, insanı zamanın içində əbədi olaraq dondurur. Sabah noyabrın 7-dir… Nənəmin ad günüdür. Amma bu dəfə hər şey fərqlidir. Bu dəfə o otaqda fənər kimi yanan gözlər, “bala” deyib qucaq açan o isti əllər yoxdur. Evimizdə, qəlbimizdə və həyatımızda heç vaxt dolmayacaq böyük bir boşluq var.
​Aylar bir-birini əvəz etdi,yay gəlib keçdi,amma mənim içimdəki o həsrət saatı hələ də həmin qara gündə — sənin əbəbiyətə qovuşduğu anda dayanıb. İnsan böyüdükcə başa düşürmüş ki, dünyada ən ağır sınaq – səni qoruyan, dua edən, hər çətin anda sığınacaq olub qucaq açan o tək dayağın yoxluğuna alışmağa çalışmaqdır. Amma nə qədər çalışsam da, öyrənə bilmirəm.
​Sabah sənin ad günündür, nənəm. Adətən belə günlərdə evdə bayram abu-havası olar, süfrə açılar, hamı gülərdi. Sənin o nur üzünə baxıb “Ad günün mübarək, mənim əzizim” deyərdik. Sən də utancaq, amma dünyalar qədər təmiz bir gülümsəmə ilə başını bulayar, “Canım balalarım, əsas odur ki, siz sağlam olasınız” deyərdin. Sən heç vaxt özün üçün heç nə istəməzdin. Həyatın boyunca da, ömrünün o son illərində o balaca, yorğun, 25 faizlə döyünən ürəyinlə belə təkcə bizi düşünmüşdün. Ağrılarını gizlədib, üzümüzə gülən o mələk simanı indi hər gecə yuxularımda axtarıram.
​Bu gün o evə yenə təkbaşına girdim. Qapını açan kimi yenə əvvəlki kimi səni gözlədim. Amma divarlar mənə o tanış sükutla cavab verdi. O boş qalan divana, üzərində illərlə oturduğun yerə baxanda içimdə bir şey qırılır. Bilirsənmi, nənəm, ən çox nə yandırır məni? Sənin o son anlarındaki günahsızlığın… Həmin o qorxunc gün atam sənin təzyiqini yoxlayanda şkalanın yerindən tərpənmədiyini, o ürəyin dayandığını görəndə fəryad qoparmışdı. Sən isə ətrafdakı o haray-həşiri, bizim göz yaşlarımızı başa düşməyib, o nurlu dodaqlarınla son dəfə pıçıltıyla soruşmuşdun: “Nə olub? Nə olub ki?..”
​O dörd kəlmə indi hər gecə mənim başımın üstündə bir layla kimi, eyni zamanda bir bıçaq zərbəsi kimi fırlanır. Sən bu həyatdan köçəndə belə heç kəsə yük olmamaq istəyirdin, heç kəsi incitmək istəmirdin. O qədər təmiz və məsum getdin ki…
​İndi kənardan baxanlar deyir ki, “Zaman hər şeyin dərmanıdır, unudarsan.” Amma yalan imiş, nənəm. Zaman heç nəyi sağaltmır, sadəcə yoxluğunun nə qədər real və ağır olduğunu hər gün bir az daha çox öyrədir. Mən artıq o köhnə Elgiz deyiləm. Səni itirdiyim gün mənim uşaqlığım da, dünyadakı məsum təhlükəsizliyim də səninlə birlikdə torpağa gömüldü. İndi hər çətinliyə təkbaşına sinə gərməyə çalışıram, amma hər dəfə yıxılanda yenə içimdən sənin o dualarını eşidirəm.
​Sabah sənin ad günündür. Süfrəyə yenə sənin ən çox sevdiyin o ləzzətlərdən qoyacağıq, amma başucunda sən olmayacaqsan. Yalnız sənin isti xatirən, o məsum gülümsəmən və divarlara sığınan ətrin qalacaq.
​Sənin üçün darıxmaq nə deməkdir, bunu yalnız səni itirənlər bilər. Həyat davam edir deyirlər, amma sənsiz bu həyat yalnız bir kölgədən ibarətdir.
​Ad günün mübarək olsun, mənim mələyim, evimizin ruhu, canım nənəm. Bəlkə indi bu dünyada yoxsan, amma mənim qəlbimdə, nəfəsimdə və hər atdığım addımda əbədi yaşayacaqsan.
​
6 noyabr 2026
Kölgəsiz Kölgələr

Yazıya 2 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.