Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Özbəkistan Yazıçılar Birliyinin üzvü Damət Salmanoğlunun “Cavabsız məktublar” hekayələr kitabının təqdimat mərasimi keçirilib.
Ədəbi görüşdə tanınmış ziyalılar, yazıçılar, şairlər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirin aparıcısı, kitabın redaktoru və ön söz müəllifi, ədəbiyyatşünas Əsəd Cahangir yeni nəşr haqqında ətraflı məlumat verib, müəllifin yaradıcılıq xüsusiyyətlərinə diqqət çəkib. O, Damət Salmanoğlunun hekayələrinin müəllifin xarakteri ilə səsləşdiyini vurğulayaraq deyib: “Damət Salmanoğlunun hekayələri onun özü kimidir – sadə və iddiasız”.
Ardınca çıxış edənlər kitabın ədəbi məziyyətlərindən, müəllifin yaradıcılıq yolundan və hekayələrində əks olunan həyat həqiqətlərindən söz açıblar.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Borçalı Cəmiyyətinin sədri Ramiz Həsənov, yazıçı Ağacəfər Həsənli, yazıçılar Qəni Camalzadə və Lətifə Oruc, şairlər Ramiz Qusarçaylı, Rəşid Süleymanov, Vəli Qaraçaylı, Ağaverdi Zəngəzurlu, Fariz Çobanoğlu, Yusif Nəğməkar, Fəxrəddin Teyyub, Tofiq Həsrət, Faiq Balabəyli, Mehman Göytəpəli, Xaqani Abbasəli Öztürk və başqaları təqdimat mərasimində çıxış ediblər.
Çıxışlarda Damət Salmanoğlunun ədəbi fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunulub, onun hekayələrinin səmimiliyi, sadəliyi və həyat müşahidələrindən qaynaqlanan bədii xüsusiyyətləri qeyd olunub.
Təqdimat mərasiminin diqqətçəkən məqamlarından biri də Dədə Ələsgər Ocağının rəhbəri Xətai Ələsgərlinin müəllifi təltif etməsi olub. O, Damət Salmanoğluya Dədə Ələsgər Ocağının fəxri fərmanını və ali mükafatını təqdim edib.
Ədəbi görüşün sonunda Damət Salmanoğlu öz şeirlərini səsləndirib, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Səmimi söhbətlər və xatirə fotoları ilə təqdimat mərasimi sona çatıb.
Qeyd edək ki, “Cavabsız məktublar” Damət Salmanoğlunun sayca doqquzuncu kitabıdır. Müəllifin əvvəlki nəşrləri sırasında “Ömrün Bilgəh fəsli”, “Ömür gün qatarı”, “Xatirələr pıçıldaşır”, “Özbəkistan duyğuları”, “Dəniz adam”, “Nəğmə dinsin dodaqlarda”, “Solmuş çiçəyin tumurcuqları”, “Özbəkistan duyğuları” (ikinci nəşr) və “Seçilmiş əsərlər” kitabları yer alır.
Yazıya 13 dəfə baxılıb




















