Atatürk Mərkəzində “Türkdilli dövlətlərin rəssamları” beynəlxalq kataloqunun təqdimatı keçirilib

Azərbaycan Atatürk Mərkəzində “Türkdilli dövlətlərin rəssamları” beynəlxalq kataloqunun təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ziyalılar, rəssamlar, yazıçılar, şairlər, sənətşünaslar və media nümayəndələri iştirak ediblər.

Uluslararası Aktivist Sanatçılar Birliyinin təşkilatçılığı, Uluslararası Barış Rəssamı Nəvai Metinin təşəbbüsü ilə işıq üzü görən kataloq Türk dünyasının zəngin mədəni irsinin və incəsənətinin təbliğinə, türkdilli xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. “Dünyanı sənət xilas edəcək” şüarı altında həyata keçirilən layihə müxtəlif ölkələri təmsil edən sənət adamlarını vahid mədəni platformada bir araya gətirib.

Təqdim olunan kitab-kataloqda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türkdilli dövlət və topluluqları təmsil edən rəssamların əsərləri yer alıb. Tablolarda Türk dünyasının tarixi, adət-ənənələri, mənəvi dəyərləri və müasir incəsənət düşüncəsi öz əksini tapıb.

Tədbirin aparıcısı, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rövşən Göyüşov əvvəlcə 8 Noyabr – Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Nəvai Metinin fəaliyyəti haqqında qısa məlumat verib.

Aparıcı, həmçinin Nəvai Metin Məmmədoğlunu beynəlxalq sənət fəaliyyətinə, rəssamlığın təbliğinə, beynəlxalq kataloqların nəşrinə, sərgi layihələrinin təşkilinə, xalqlar arasında dostluq və sülh ideyalarının sənət vasitəsilə təşviqinə verdiyi töhfələrə görə Özbəkistan Rəssamlar İttifaqının Qızıl medalı ilə təltif olunması münasibətilə təbrik edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir, tibb elmləri namizədi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rəşid Mahmudov, ədəbiyyatşünas Bəsti Əlibəyli, Xalq artisti Eldost Bayram, Eldar İsmayılov, Səlahəddin Yusifov, xalçaçı-rəssam Fazil Abasquluzadə, şairlər Rafael İncəyurd, Zaməddin Ziyadoğlu, Qəvvas Əhmədov, Firudin Oruc,  Qafar Sarıvəlli, hüquqşünas Fikrət Cəfərli və başqaları çıxış ediblər.

Çıxışlarda sənətin xalqları birləşdirən, milli sərhədləri aşaraq insanları ortaq mənəvi dəyərlər ətrafında bir araya gətirən gücündən bəhs olunub. Natiqlər “Dünyanı sənət xilas edəcək” şüarının daşıdığı humanist məzmunu vurğulayaraq, dünya rəssamlarının sülh, dostluq və qarşılıqlı anlaşma naminə gördükləri işləri yüksək qiymətləndiriblər. Layihənin Türk dünyasının mədəni inteqrasiyasına və xalqlar arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə verdiyi töhfə xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Nəvai Metin Uluslararası Aktivist Sanatçılar Birliyinin təsis etdiyi “Sülh rəssamı” medalını rəssam Aygün Nağıyevaya təqdim edib. Bundan əlavə, beynəlxalq kataloqda əsərləri yer alan rəssamlara iştirak sertifikatları verilib.

Təqdimat mərasimi sənətin birləşdirici gücünü, Türk dünyasının ortaq mədəni dəyərlərini və sülh ideyalarını ön plana çıxaran əlamətdar mədəni hadisə kimi yadda qalıb.

Qeyd edək ki, “Türkdilli dövlətlərin rəssamları” beynəlxalq kataloqunun ilk təqdimat mərasimi bu günlərdə “SedetART” rəsm qalereyasında keçirilib. Layihənin növbəti təqdimat mərasiminin isə Özbəkistanda keçirilməsi nəzərdə tutulur.

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.