Üzərlik biznesi və Səmədin dostluğu – Sənan Mustafayev

Sözün düzü az qalmışdı ki, Səmədlə münasibətimiz tamam korlana. Xəta etdim dedim ki, ay Səməd sənki bu bitkini belə çox sevirsən, bitkiçilik laboratoriyalarından birində bunun tərkibini yoxlat, bəlkə doğrudanda tərkibində elə maddə var ki, yandırılan zaman tüstüsü və qoxusu adamda xoş əhval yaradır. Elə bunu demişdim, Səmədin hirsindən rəngi qapqara qaraldı. Qayıtdı ki, qurban olasan uzun illər kəsdiyimiz çörəyə, yoxsa səninlə salam – kalamı kəsərdim birdəfəlik. Sən bilirsən nə danışırsan ? Yəni, bu camaat səndən azmı bilir, ağlına gələni danışırsan. Bir də orda burda belə yalan danışsan mən adlı dostun yoxdur. Çünki bizim bu camaatki, var tez inanandırlar, xüsusi ilə yalana. Elə ki, özündən bir yalan uydurdun, ağzından çıxar-çıxmaz, başlayırlar bu yalana əməl etməyə. Sən bilirsən ki, dolanışığım bununladır, mən heç, özümdən savayı 5 nəfər yanımda çörək qazanır ki, ailə üzvlərini də hesablasan iyirmi, iyirmi beş nəfərə halal zəhmətimlə çörək verirəm.

Sözün düzü onun biznesindən məlumatsız idim. Sən demə Səməd üzərlik biznesi ilə məşğul imiş. Üzərlik elə bitkidir ki, bu bitkini mal-heyvan yeməz. Yəni, nə qədər istəsən tədarük edə bilərsən. Səməd həmin beş nəfərin köməyi ilə uzərliyi yığıb satmaqla məşğulmuş. Rayon bazarını və qonşu rayonları da uzərliklə təmin edirmiş. Ağzı dolusu danışığından başa düşdüm ki, Səməd üzərlik peşəsindən məmnundur. Həm də kişinin oğlunun reklamı da özünə məxsus reklamdır. Alıcıları inandırıb ki, üzərlik gecə qaranlığında yığılanda daha təsirlidir və gündüzlər bir kol da olsa yığdırmaz . Əslində belə baxanda uzərlikdən demək olar ki, hər bir evdə, hər an istifadə olunur. Uşaq yıxıldı, zədələnməsi qalır kənarda, tez üzərlik yandırırlar ki, yəqin uşağa göz dəydi. Yaxud da təzə evlənən cütlüyün elə toy məclisindəcə üzərlik yandırıb firlayirlar başlarının üstündəki bədnəzərdən uzaq olsunlar. Yəni demək istəyirəm ki, bu gün uzərliyə tələbat çoxdur və belə görünür ki, illər ötdükcə daha da çoxalacaq. Nə deyim Vallah, bir tərəfdən əhalinin uzərliyə olan ehtiyacı, bir tərəfdən də Səmədin yeni iş yerləri açaraq özünə və digərlərinə çörək qazanması, digər tərəfdən də salam-kalamın kəsilmə təhlükəsi məni lap çaşdırdı. Açığı bilmirəm nə deyim… Bircə onu deyirəm, sağ olsun camaatımız. İşin irəli, ay Səməd!

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.