Azərbaycan və Kolumbiya ədəbiyyatları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bu gün Azərbaycan Yazıçılar Birliyində Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyo, kolumbiyalı naşir və şair Monika Montes Ferrando, şair Mariya Velez ilə görüş keçirilib. Qonaqları AYB-nin sədri, Xalq yazıçısı Anar və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir qəbul edib.

Görüşü açan Xalq yazıçısı Anar qonaqları salamlayaraq Azərbaycan ədəbiyyatının qədim tarixi, inkişaf yolu və dünya mədəniyyətinə verdiyi töhfələr barədə ətraflı danışıb. O, “Kitabi-Dədə Qorqud” dastanının tarixi əhəmiyyətinə toxunaraq bildirib ki, Azərbaycan ədəbiyyatının bu möhtəşəm abidəsi Homerin “İliada” əsərindən də qədim tarixə malikdir. O, bu fikrin alman şərqşünası və diplomatı Haynrix Fridrix fon Dits tərəfindən də irəli sürüldüyünü xatırladıb.

Anar uzun əsrlik Azərbaycan ədəbiyyatı tarixindən, Nizami Gəncəvinin və Məhəmməd Füzulinin yaradıcılığından danışıb,  Mirzə Fətəli Axundzadənin Şərqdə dramaturgiyanın inkişafında mühüm rol oynadığını, ilk pyes yazan dramaturq kimi ədəbiyyat tariximizdə xüsusi yer tutduğunu qeyd edib.

AYB sədri Azərbaycan mətbuatının və ədəbi-ictimai fikrinin inkişafına da diqqət çəkib. O, müsəlman şərqində ilk qəzet olan “Əkinçi”nin Azərbaycanda nəşr olunmasını, “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının milli düşüncənin, ədəbiyyatın və ictimai fikrin formalaşmasındakı rolunu vurğulayıb. Sədr həmçinin Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar ilk dəfə olaraq seçki hüququ əldə ediblər. Bu baxımdan da Azərbaycan Şərqin və Avropanın bir çox ölkələrini qabaqlayıb.

Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivlərindən danışıb. Səfir Kolumbiyanın çoxmillətli və çoxdilli cəmiyyətinin özünəməxsus xüsusiyyətləri, müxtəlif dil və mədəniyyət daşıyıcılarının birliyi, Kolumbiyanın zəngin mədəniyyəti barədə məlumat verib.

Kolumbiyalı naşir və şair Monika Montes Ferrando ölkəsinin nəşriyyat sahəsi, kitab nəşri və ədəbi mühiti haqqında danışıb. Şair Mariya Velez isə Kolumbiya poeziyası, onun səciyyəvi xüsusiyyətləri və müasir ədəbi mənzərəsi barədə məlumat verib.

Daha sonra AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək Kolumbiya ədəbiyyatının dünyada tanınmış nümayəndələrinin yaradıcılığına toxunub. O, Azərbaycanda geniş oxunan və sevilən Qabriel Qarsia Markes və Sezar Valyexonun əsərlərindən danışıb, həmçinin yazıçı Kostelyanus və İsa Aksın yaradıcılığının təbliği barədə danışıb.

Görüşün əsas müzakirə mövzularından biri Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin genişləndirilməsi olub. Əsəd Cahangirin təklifi ilə yeni nəsil Azərbaycan yazıçılarının əsərlərinin Kolumbiyada nəşr olunması, kolumbiyalı müəlliflərin yaradıcılığının isə Azərbaycanda tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Təklif qonaqlar tərəfindən razılıqla qarşılanıb. Bu təşəbbüsün iki ölkənin ədəbi mühitləri arasında qarşılıqlı əlaqələrin güclənməsinə, müəlliflərin bir-birinin oxucularına daha yaxından tanıdılmasına xidmət edəcəyi vurğulanıb.

Sonda kolumbiyalı naşir və şair Monika Montes Ferrando, eləcə də şair Mariya Velez öz kitablarını AYB sədri Anara və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə hədiyyə ediblər. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.