1980-ci illərin əvvəllərində “İşıq” qəzeti ilə əməkdaşlığa başlayanda redaksiyada çalışan əməkdaşların əksəriyyəti haqqında heç nə bilmirdim. Mənim üçün onlar tanımadığım, haqqında zaman keçdikcə fikir formalaşdıracağım insanlar idi. Möhsüm müəllim də həmin tanımadığım adamlar cərgəsində idi.
O vaxtlar Möhsüm Xəlilov redaktor müavini vəzifəsində çalışırdı. Redaksiyada digər əməkdaşlardan fərqli olaraq onun ayrıca, kiçik bir otağı vardı. Balaca boylu, səliqəli və sadə geyinən bir şəxs idi. Davranışı ilə də diqqəti özünə cəlb etməyə çalışmazdı.
Möhsüm müəllimlə hərdən redaksiyanın dəhlizində rastlaşırdım. Mən məktublar şöbəsinə növbəti yazımı gətirəndə bir də görürdüm ki, Möhsüm müəllim əlində bir yazı ilə redaktor Zahid müəllimin kabinetinə gedir. Dəhlizdə qarşılaşanda ötəri salamlaşır, sonra hərəmiz öz işimizin ardınca gedirdik.
Möhsüm müəllim hələ uzun illər mənim üçün qaranlıq, naməlum adam olaraq qaldı. Hərdən öz yazılarımı izləmək üçün “İşıq” qəzetinin növbəti nömrəsini alanda istər-istəməz qəzet səhifələrində Möhsüm müəllimin imzasına rast gəlirdim. O, əsasən partiya həyatı mövzusunda ciddi yazılarla diqqət çəkirdi.
Beləcə, Möhsüm müəllimi əvvəlcə redaksiyanın dəhlizində gördüyüm sakit və sadə görkəmli bir insan kimi, sonra isə qəzet səhifələrində imzasını oxuduğum jurnalist kimi tanımağa başladım. Amma onun şəxsiyyəti və daxili dünyası mənim üçün hələ də naməlum olaraq qalırdı.
Möhsüm müəllim əsasən qapalı adam idi. Çox danışmağı, hər adamla ünsiyyət qurmağı sevməzdi. Ona görə də uzun illər ərzində onunla aramızda xüsusi bir ünsiyyət yaranmadı. Bunda aramızdakı böyük yaş fərqinin də rolu vardı. Aramızda 25 il yaş fərqi var idi.
Redaktor olduğu il
Möhsüm müəllimlə daha yaxından tanışlığımız onun 1988-ci ildə “İşıq” qəzetinə redaktor təyin olunmasından sonra başladı.
Həmin il redaktor Zahid müəllim doğulduğu Kəlbəcər rayonuna katib vəzifəsinə göndərildi. Bununla da “İşıq” qəzetinin redaktoru vəzifəsi boşaldı. Bu vəzifəyə iki namizədin adı çəkilirdi. Onlardan biri sənaye şöbəsinin müdiri Nəmidə Həsənova, digəri isə 12 il redaktor müavini vəzifəsində çalışmış Möhsüm Xəlilov idi.
Bir məsələ də var idi ki, Möhsüm müəllim “ İŞIQ” qəzetinin yarandığı 1965-ci ildə qəzetin ilk redaktoru olmuşdu.1973-cü ildə şəhərə yeni birinci katib gəlmiş Əkbər Novruzov Möhsümü ikinci katib vəzifəsinə aparmışdı. Bədbəxtlikdən bi il sonra Ə. Novruzov Kürdəmirdə aftomibil qəzası nəticəsində həyarını itirdi. Onun yerinə Bakıdan Hüseyn Qubadov təyin edildi. Yeni gələn H.Qubadov Möhsümü tutduğu vəzifədən kənarlaşdırdı. O təzədən redaksiyaya döndü. Lakin artıq redaktor kürsüsü 7 il Gəncə şəhərində “Kirovobad kommunisti” qəzetinə redaktorluq etmişdi Zahid İsmaylov tərəfindən tutulmuşdu.
1988- ci ilin sonlarında Möhsüm müəllim yenidən əvvəlki vəzifəsinə qayıtdı.Redaksiya əməkdaşlarının əksəriyyəti 60-70-ci illərdə onun rəhbərliyi altında işləmişdilər.Bircə Nəmidə sonradan Zahid müəllimin redaktor olduğu ildə işə qəbul olunmuşdu.
Nəmidə xanım həqiqətən də yaxşı jurnalist idi. Lakin onun ali təhsili jurnalistika üzrə deyildi. O, Neft-Kimya İnstitutunu bitirmişdi. Möhsüm müəllim isə ixtisasca jurnalist idi,. Üstəlik, 12 il redakto,12 il də müavini kimi çalışmış, mətbuat sahəsində uzun illər təcrübə toplamışdı. Yaş fərqi də az deyildi. Möhsüm müəllim Nəmidə xanımdan təxminən 13 yaş böyük idi.
Bütün bunlar nəzərə alındıqda, seçimdə Möhsüm müəllimin üstün mövqedə olduğu görünürdü. Nəticədə redaktor vəzifəsinə Möhsüm Xəlilov təyin olundu.
Beləliklə, illər boyu mənim üçün qapalı və naməlum bir redaksiya əməkdaşı olan Möhsüm müəllim artıq “İşıq” qəzetinin redaktoru idi.
Çətin illərin “İşıq”ı
1990-cı illərdə “İşıq” qəzeti də ölkədə baş verən böyük dəyişikliklərdən öz payını aldı. Sovet dövləti dağılmışdı. Əvvəlki sistemin mətbuata münasibəti də dəyişmişdi. Qəzet artıq əvvəlki kimi müntəzəm çıxmır, maddi və təşkilati çətinliklərlə üzləşirdi. Bəzən ayda cəmi bir dəfə, yaxşı halda isə iki dəfə nəşr olunurdu.
Bu vəziyyət jurnalistin işinə də təsirsiz ötüşmürdü. Əvvəllər yazını redaksiyaya gətirəndən bir-iki gün sonra onun qəzetdə çapını görmək mümkün idisə, indi bunun üçün ən azı iki həftə gözləmək lazım gəlirdi. Yazını gətirir, sonra qəzetin növbəti sayını həftələrlə gözləyirdin.
Mən də yazılarımı redaksiyaya gətirəndə artıq əvvəlki kimi məktublar şöbəsinə, Vaqif Abbasovun yanına getmirdim. Çünki Vaqif müəllim də digər jurnalistlər kimi ixtisara düşmüş, məktublar şöbəsi isə ləğv edilmişdi.
Redaksiyada demək olar ki, Möhsüm müəllimlə onun müavini qalmışdı. Mən də yaranmış yeni şəraitdə yazılarımı birbaşa müavinə təqdim edirdim.
Çox vaxt redaksiyaya yazı gətirəndə Möhsüm müəllimi müavinin otağında görürdüm. Öz kabinetində uzun müddət tək oturmaqdan yorulanda redaksiyanın qarşısındakı Kürqırağı parka çıxır, bir qədər gəzişib geri qayıdır və sonra müavinin otağına baş çəkirdi.
Qəzetin gec-gec çap olunması məni də yazı yazmaqdan soyutmağa başlamışdı. Yazını hazırlayır, redaksiyaya gətirirdin, sonra onun qəzet səhifəsində görünməsi üçün uzun günlər gözləməli olurdun. Bu gözləmə məni yorurdu. Getdikcə daha az yazmağa başlamışdım.Möhsüm müəllim bunu hiss etmişdi.
Növbəti yazımı təqdim etmək üçün yenə müavinin otağına daxil olanda Möhsüm müəllimi də burada gördüm. Mənə baxıb dedi:
— Daha az-az gəlirsən redaksiyaya. Get-gedə uzaqlaşırsan. Başa düşürəm, qəzetin gec-gec çapı adamı soyudur. Amma redaksiyadan tamam uzaqlaşmaq lazım deyil. Yeni yazılar lazımdır.
Onun bu sözləri mənim üçün gözlənilməz idi. Çünki uzun illər ərzində Möhsüm müəllimlə aramızda, demək olar ki, ciddi bir söhbət olmamışdı. Mən onu daha çox qəzet səhifələrində yazılarını oxuduğum, redaksiyanın dəhlizində ara-sıra qarşılaşdığım redaktor kimi tanıyırdım.
İndi isə ilk dəfə idi ki, onun mənim yazılarıma və redaksiya ilə münasibətimə diqqət yetirdiyini hiss edirdim.
Gözlənilməz təklif
Bu söhbətimizdən xeyli vaxt keçmişdi. Növbəti yazımı redaksiyaya gətirəndə müavin mənə dedi:
— Yazını verib getmə. Möhsüm müəllimə dəyməyin yaxşı olar. O səni görmək istəyirdi. Tapşırıb ki, sən gələndə bunu sənə deyək.
Bu sözlər məni bir qədər təəccübləndirdi. Yazımı təqdim edib elə çıxıb getmək fikrində idim. Amma Möhsüm müəllimin məni xüsusi olaraq soruşması marağımı artırdı.
Kabinetə daxil oldum. Möhsüm müəllim mənə oturmağa yer göstərdi. Anladım ki, söhbətimiz ötəri olmayacaq.
Möhsüm müəllim mülayim səslə sözə başladı:
— Çoxdan redaksiyaya gəlib-gedirsən. Hiss edirik ki, işində diqqətli və məsuliyyətlisən. Müntəzəm olaraq yazıların da çıxır. İstəyirik səni redaksiyaya işə götürək.
Bunu deyib sözünə ara verdi. Diqqətlə mənə baxdı.
Bir anlıq fikrimdən keçdi ki, bəlkə məni redaksiyaya jurnalist kimi işə götürürlər. Amma bu mənə inandırıcı gəlmədi. Jurnalist kimi işə götürüləsi qədər neçə illərin təcrübəli, diplomlu, müəyyən imkanları olan jurnalistlər vardı. Daha məni niyə götürsünlər ki ?
Möhsüm müəllim diqqətlə üzümə baxdı. Sanki fikrimdən nə keçdiyini anlamışdı. Başını yırğalayaraq dedi:
— Yox, səni jurnalist götürməyəcəyik. Son vaxtlar Mətbuat Yayımı İdarəsi ilə redaksiya arasında gərginlik yaranıb. Onlar bizdən qəzetin yayımı üçün böyük məbləğ istəyirlər. Bu bizim üçün çətinlik yaradır. Qərara almışıq ki, səni texniki işçi kimi işə götürək. Qəzetimiz çap olunanda müəssisələrə səliqə ilə, vaxtında çatdırarsan. Həm də yazılarını yazarsan.
Mən qarışıq hisslər keçirirdim. Mən Jurnalist Sənətkarlıq İnstitunu biturmişdim. Azərbaycan Jurnalistlər Birliyinin üzvü idim. “Məhkəmə salonunda “ rubrikasında cinayətkarlıq mövzusunda silsilə yazılar yazmışdım. Bu mövzudu hətta redaksiyanın diplomlu jurnalistləri yazı yazmamışdılar.
Məni jurnalist kimi işə qəbul etmək istəməmələri mənə pis təsir edirdi. Bir yandan isə işsiz idim. Mülki müdafiə qərargahında üç il işlədikdən sonra ixtisara düşərək işimi itirmişdim. Ona görə də hansı iş olursa-olsun, işləməyim lazım idi.
Beləliklə, Möhsüm müəllimin təklifinə ürəkdən və tam razı olmasam da, razılıq verdim. Digər tərəfdən baxanda da ayda cəmi iki dəfə çıxan bir qəzetdə jurnalistə nə ehtiyac? Bunu da nəzərə almaq lazım idi.
Redaksiyada 23 il
Beləliklə, 1999-cu ilin yanvarında “İşıq” qəzetinin redaksiyasında fəaliyyətə başladım. Jurnalist kimi işə qəbul olunmamağıma baxmayaraq, həyatımda müsbət dəyişiklik yarandı. Hər halda müəyyən məvacib alırdım. Gələcəkdə əmək pensiyası almağım üçün də bu, müəyyən zəmin yarandı.
Amma Möhsüm müəllim mənim həyatımda yalnız işə qəbul olunmağıma şərait yaradan redaktor kimi qalmadı. İllər keçdikcə onun mənim həyatımda müsbət rolu olmuş bir insan olduğunu daha aydın hiss etdim.
O, zahirən soyuq və qapalı görünsə də, yaxından tanıdıqca mülayim təbiətli bir insan olduğunu gördüm. 19 il redaksiyada onunla iş yoldaşı oldum.
Möhsüm müəllim mənə irad tutanda belə, bunu elə formada deməyə çalışırdı ki, mənim xətrimə dəyməsin. Ümumiyyətlə, inanmıram ki, Möhsüm müəllim hansısa sözü və ya əməli ilə kiminsə qəlbini qıra bilərdi. Bu, onun xarakterinə uyğun deyildi.
İllər əvvəl redaksiyanın dəhlizində qarşılaşanda yalnız ötəri salamlaşdığım, uzun müddət mənim üçün qaranlıq və naməlum adam olaraq qalan Möhsüm müəllimi sonralar yaxından tanıdım. Bir vaxtlar onun redaktor olmasını sonra ikinci katibliyini məhz redaksiyaya işə düzəlməyimdən sonra xəbər bildim
Redaksiyaya işə qəbul olunduqdan sonra idarəyə tez-tez gəlməli olurdum. Möhsüm müəllim daim işdə olmağımı tələb etmirdi.Əsas tələb o idi ki, daim işlə əlaqəm olsun. Qəzet çap olunanda və paylanan zamanda isə bir dəqiqə də yubana bilməzdim.
Bəzən insanı tanımaq üçün illər lazım gəlir. Mənim Möhsüm müəllimi tanımağım da belə oldu. Əvvəlcə qəzet səhifələrində imzasını gördüm, sonra redaksiyada redaktor kimi tanıdım, daha sonra isə uzun illər eyni kollektivdə işlədiyim bir insan kimi onun xarakterinə bələd oldum.
Redaksiyadan ayrılıq
Möhsüm müəllim 2017-ci ilə qədər “İşıq” qəzetinin redaktoru oldu. Həmin il artıq 82 yaşı vardı. Səhhətində problemlər də yaranmışdı.
Evi redaksiyanın yaxınlığında yerləşirdi. Son vaxtlar çətinliklə yeriyir, evindən redaksiya binasına qədər olan qısa yolu belə böyük çətinliklə gəlirdi. Səhhətindəki problemə görə 82 yaşında təqaüdə çıxdı. Bu belə oldu.
Aprelin 17-də İcra Hakimiyyətindən icra başçısının müavini Samit Abıyev və şöbə müdiri Adəm Hüseynov redaksiyada gəldilər. Qarşıda duran məsələ hazırkı redaktoru yaş ilə əlaqədar təqaüdə yola salmaq və onun yerinə təzə redaktor təyin etmək idi. İclas keçirildi. Redaksiyanın bütün əməkdaşları, o cümlədən mən də həmin iclasda iştirak edirdim. Möhsüm müəllimin qızı da redaksiyaya gəlmişdi.O, iclasdan sonra atasına evlərinə getməkdə köməklik etmək üçün burada idi.Yaşlı olmasına baxmayaraq təqaüdə çıxarılması ona pis təsir göstərirdi.
İclasda Möhsüm müəllim son dəfə çıxış edib bizimlə vidalaşdı. Onun redaksiyanı necə tərk etdiyi indi də yadımdadır.Qızı Ulviyyə tədbirdən sonra Möhsüm müəllimin daim yanında olan qalın qeyd dəftərini götürdü. O paltosunu asılqandan götürüb geyindi.Qızı onun qoluna girib hərəkət etməsinə kömək edirdi. Mən və redaksiyada makinaçı işləyən qadın redaksiyanın çöl qapısının ağzında dayanmışdıq.Möhsüm bizim yanımızdan ötəndə bir anlıq dayandı
–Sizi mən işə götürmüşəm. İndisə özüm getməli oluram.Siz qalın işləyin, cavansız —dedi.
Bu onun redaksiyanı tərk edərkən son sözü oldu. Bu sözlərdə böyük ağrı, məyusluq hiss olunurdu.
Uzun illər rəhbərlik etdiyi redaksiyadan belə ayrıldı. Onun yerinə isə müavinini redaktor seçildi.
Möhsüm müəllim təqaüdə gedəndən sonra mən daha dörd il redaksiyada işlədim. Lakin onun gedişindən sonra “İşıq” qəzetinin vəziyyəti daha da çətinləşdi.
Mənim yaddaşımda isə Möhsüm müəllim tamam başqa cür qaldı.
Vaxtilə redaksiyanın dəhlizində qarşılaşanda yalnız ötəri salamlaşdığım, uzun illər mənim üçün qapalı və naməlum adam olan bu insan sonralar həyatımda müsbət rol oynamış adamlardan biri oldu
O, mənə jurnalist işi verməsə də hər halda 1999-cu ilin çətin günlərində mənə redaksiyada işləmək imkanı yaratdı. Bəlkə də həmin vaxt bunu adi bir iş təklifi kimi qəbul etmişdim. Bu gün isə geriyə baxanda həmin qərarın həyatımda özünəməxsus yeri olduğunu görürəm. Mən redaksiyada əmək stajı topladım. Gələcəkdə bu mənə çox köməklik etdi.
Möhsüm müəllim zahirən soyuq və qapalı görünürdü. Amma onu illər ərzində yaxından tanıdıqca mülayim, təmkinli və insanın xətrinə dəyməyən bir adam olduğunu gördüm.
İllər keçdi, redaksiyada çox şey dəyişdi, əməkdaşlar gəlib-getdi, qəzetin taleyi dəyişdi. Möhsüm müəllim də yaşının və səhhətinin işləməyə imkan vermədiyi bir vaxtda redaksiyadan ayrıldı. Redaksiyadan çıxandan sonra o daha dörd il yaşadı və 2020-ildə dünyasını dəyişdi. Qəribə idi ki, məhz Möhsümün dünyasını dəyişdiyi il mən redaksiyada ixtisara düşüb işimi itirdim.
Mənim işdən ixtisar olandan dörd il sonra “ İŞIQ ” qəzeti bağlandı. Səbəb o idi ki, qəzet müstəqil olmalıdır. İcra hakimiyyətinin himayəsində olmamalıdır.Beləliklə ilk yazılarımın çap olunduğu 1965-ci ildən fəaliyyət göstərən qəzet bağlandı.Qəzet bağlananda Möhsüm müəllim artıq həyatda yox idi. O qəzetimizin bağlandığını görmədi. Amma o gəncliyimdən tanıdığım adam kimi həmişəlik yadımda qalmışdı. Bəzi insanlar tutduqları vəzifədən gedəndən sonra da yaddaşda qalırlar. Möhsüm Xəlilov mənim yaddaşımda belə insanlardan biri olaraq qaldı.
Feyruz Muradov
“Şirvan jurnalistəri – Hərənin bir taleyi” kitabından
Yazıya 8 dəfə baxılıb










