Ömrün məktubları, yaddaşın hekayələri

Ədəbiyyat insanın ürəyindən keçənləri sözə çevirən, zamanın yaddaşında iz salan mənəvi körpüdür. Bəzən bir kitabın adı belə oxucunu düşündürməyə, onu duyğuların, xatirələrin və yaşanmış ömrün dərinliklərinə aparmağa qadirdir. Damət Salmanoğlunun “Cavabsız məktublar” kitabı da məhz belə nəşrlərdəndir.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Özbəkistan Yazıçılar Birliyinin üzvü Damət Salmanoğlunun “Cavabsız məktublar” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib.


Görüşdə tanınmış ziyalılar, yazıçılar, şairlər və media nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, kitabın redaktoru və ön söz müəllifi, ədəbiyyatşünas Əsəd Cahangir yeni nəşr haqqında danışaraq müəllifin yaradıcılıq xüsusiyyətlərini diqqətə çatdırıb. O, Damət Salmanoğlunun hekayələrinin onun xarakteri ilə səsləşdiyini vurğulayaraq müəllifi sadə və səmimi qələm sahibi kimi səciyyələndirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və digər ziyalılar kitabın ədəbi məziyyətlərindən, müəllifin yaradıcılıq yolundan, hekayələrində əks olunan həyat həqiqətlərindən söz açıblar.
Qeyd edim ki, mənim də Damət Salmanoğlunun “Cavabsız məktublar” kitabı haqqında geniş məqaləm “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Yazıda müəllifin yazıçılıq məharəti, insan talelərinə münasibəti və kitabın bədii-estetik xüsusiyyətləri təhlil edilib.


Mərasimin diqqətçəkən məqamlarından biri “Dədə Ələsgər Ocağı”nın rəhbəri Xətai Ələsgərlinin Damət Salmanoğlunu fəxri fərman və ali mükafatla təltif etməsi oldu.
Damət Salmanoğlunun yaradıcılığı Azərbaycanla yanaşı, Özbəkistanda da maraq doğurur. Onun “Özbəkistan duyğuları” və “Seçilmiş əsərlər” kitabları özbək dilinə tərcümə olunub. 2022-ci və 2024-cü illərdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində həmin nəşrlərin geniş təqdimat mərasimləri keçirilib.


Tədbirin sonunda Damət Salmanoğlu şeirlərini səsləndirib, iştirakçılara təşəkkürünü bildirdi.
Xatırladaq ki, “Cavabsız məktublar” müəllifin sayca doqquzuncu kitabıdır. Onun əvvəlki nəşrləri sırasında “Ömrün Bilgəh fəsli”, “Ömür gün qatarı”, “Xatirələr pıçıldaşır”, “Özbəkistan duyğuları”, “Dəniz adam”, “Nəğmə dinsin dodaqlarda”, “Solmuş çiçəyin tumurcuqları” və “Seçilmiş əsərlər” kitabları yer alır.
Damət Salmanoğluna bu yeni ədəbi uğuru münasibətilə səmimi təbriklərimi çatdırır, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, qələminə daim qüvvət və oxucularını sevindirəcək yeni-yeni kitablar arzulayıram. Qoy sözünün sorağı daim yayılsın, yaradıcılıq yolu uğurlarla davam etsin!

Şərafəddin İlkin

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.