Nəmidə Həsənova “İşıq” qəzeti redaksiyasında sənaye şöbəsinin müdiri işləyirdi. Çox dilli-dilavər, ünsiyyətcil və insanlarla tez dil tapan bir qadın idi.
Mən onu ilk dəfə 1977-ci ildə şəhərdə fəaliyyət göstərən “Kür nəğmələri” dərnəyində görmüşdüm. Mən 2 nömrəli orta məktəbin yuxarı sinfində oxuyurdum.Hekayə yazıb dərnəyə təqdim etmişdim.
Dərnəyə şair Tofiq Hüseynov rəhbərlik edirdi. Bu da səbəbsiz deyildi. Həmin illərdə Tofiqin “Ulduz” jurnalında “Gecikmişəm” adlı şeiri çap olunmuşdu. Şerin məgzi ondan ibarət idi ki, müəllif Bakıda özünə yuva qura bilməməsindən, paytaxtda şöhrət qazana bilməməyindən gileylənirdi. Tofiq bu rayonda“Ulduz” jurnalında şeiri dərc olunmuş yeganə adam idi. Buna görə ona xüsusi münasibət göstərirdilər.
Mən dərnəyə ilk dəfə gəlirdim. İştirakçılar arasında şair Yaqub Salman, şəhər partiya komitəsinin şöbə müdiri Mayıs Qarayev, “İşıq” qəzetinin jurnalisti Nəmidə Həsənova da var idi.O vaxt onların heç birini tanımırdım.Kim olduqlarını da bilmirdim.
Ayda bir dəfə dərnəyin üzvləri şəhər şahmat məktəbinin otaqlarından birində toplaşır, bədii yazılarını təqdim edirdilər. Bəyənilən əsərlər qəzetin növbəti nömrəsində çap olunurdu.
Nəmidə xanımla ilk tanışlığım da həmin gün oldu.O ilk dəfə idi məni görürdü. Haqqımda məlumat almaq məqsədi ilə başını işarəsi ilə məni Tofiq Hüseynova göstərərək soruşdu :
–Bu oğlan da seir yazır?
— Yox. Hekayə yazıb. – Tofiq cavab verdi.
O vaxt hələ bilmirdim ki, o, redaksiyada jurnalist işləyir. Özü də şöbə müdiridir. Heç bilmirdim ki, bundan sonra uzun illər onun çalışdığı redaksiyanın sənaye şöbəsinə yazılar təqdim edəcəyəm.
Mən dərnəyə “Zənbil” adlı ilk hekayəmi təqdim etmişdim.Yeganə adam idim ki,hekayə müəllifi idim.Qalanlar şer yazırdılar. Hekayəmdə bir qadının avtovağzalda zənbilini itirməsi və onu axtarması təsvir olunurdu.
Hekayəmin müzakirəsi başa çatdıqdan sonra Nəmidə xanım “Bircə sən tələsirsən” adlı şeirini oxudu. Şeirdə nişanlı bir qızın sevdiyi oğlanla qovuşmağa necə tələsməsindən söz açılırdı.
Mənim hekayəmin müzakirəsindən sonra yaranan gərginlikdən sonra Nəmidenin şeiri sanki məclisə bir sakitlik, bir kövrəklik yaratdı.
Tofiq müəllim şeirin uğurlu hesab etdiyi bir yerinə diqqət çəkərək dedi:
— Nə ay tələsir, nə gün tələsir. Bircə sənsən tələsən, ay nişanlı qız. — Bunu yaxşı tapmısan. Uğurlu alınıb.—dedi.
Hamı Nəmidə xanımın şeirini bəyəndi. Nəmidə xanım da öz növbəsində Tofiq müəllimin şeirlərinin daha yaxşı olduğunu söylədi.
Əsgərlikdən qayıtdıqdan sonra redaksiya ilə əməkdaşlıq etməyə başladım. İctimai müxbir, azad müəllif kimi fəaliyyət göstərirdim. İlk vaxtlar əsasən məktublar şöbəsi ilə əlaqə saxlayırdım. Zaman keçdikcə şəhərdə məni jurnalist kimi tanıdılar.
Bir dəfə redaksiyaya gələndə Vaqif Abbasov mənə bildirdi ki, sənaye şöbəsinin əməkdaşları narazılıq edirlər. Deyirlər ki, guya biz səni başqa şöbələrə getməyə qoymuruq.
Vaqif gülümsəyərək dedi:
— Bizim burda nə təqsirimiz var? Biz heç vaxt deməmişik ki, sənaye şöbəsinə get, ya getmə.
Məktublar şöbəsindən çıxanda Nəmidə xanımla dəhlizdə qarşılaşdım. O, makina otağından çıxırdı. Addımlarını saxlamadan mənə dedi:
— Bizim şöbəyə gəl. Səninlə işim var. Mövzu var, gedib yazarsan.
Mən bildirdim ki, Zahid müəllim də onun şöbəsi ilə əlaqə saxlamağı tapşırmışdı.
Sənaye şöbəsində ilk yazım bir bənna haqqında oldu. O vaxt şəhərdə 24 saylı Təmir-Tikinti İdarəsi fəaliyyət göstərirdi. Həmin idarədə işləyən Mikayıl Mehtiyev adlı bir bənna haqqında məqalə hazırladım. Nəmidə xanım məqaləni bəyəndi. Beləliklə, aramızda işgüzar münasibətin bünövrəsi qoyuldu.
Məktublar şöbəsi ilə əlaqəni kəsmir, eyni zamanda sənaye şöbəsi ilə də işlərimi davam etdirirdim.
Nəmidə xanım redaksiyada jurnalist işləyən yeganə qadın idi. Təbii ki, onun mənə münasibətində bir qədər fərqli, daha həssas yanaşma hiss olunurdu.
Bir dəfə bildirdi ki, mənim kiçik xalam Tahirə ilə orta məktəbdə bir sinifdə oxuyublar. Xalam Tahirəni soruşdu.Onun harada olduğunu soruşdu.Bildirdim ki, o Bakıdadır.ailəlidir.Şəhər poliknikasında işləyir. Bu tanışlıq aramızdakı münasibəti bir qədər də yaxınlaşdırdı.
Mənim gələcək planlarımla da maraqlandı:
— Ali təhsil almaq fikrin yoxdur? Redaksiyaya yazı yazanlar adətən ali məktəbə daxil olmaq, jurnalist təhsili alıb bu sahədə işləmək barədə düşünürlər.
— Yox, mən jurnalist təhsili almaq fikrində deyiləm, — deyə cavab verdim.
Həmsöhbətim qonşu masanın arxasında oturub nə isə yazan gənci göstərdi. Bu, sənaye şöbəsinin gənc əməkdaşı Rafiq Mahmudov idi.
— Odur Rafiq. Yazıları qəzetimizdə çap olunurdu. Sonra onu redaksiyaya işə götürdük. Qiyabi təhsilni davam etdirir.
Mən Rafiqə baxdım, sonra yenidən üzümü Nəmidə xanıma çevirib cavab verdim:
— Yox, mənim elə pianlarım yoxdur.
Nəmidə xanım daha heç nə demədi.
Bir neçə gün sonra sənaye şöbəsinə gələndə Nəmidə xanım gülərüz idi. Yarı zarafatla mənə dedi:
— Qazıməmməd rayonundakı xalça sexindən bir yazı hazırlamaq lazımdır. Sexin partiya komitəsinin sədri ilə danışacağam. Gedərsən ora. Sexdə işləyənlərin hamısı gənc qızlardır. Sən də cavan oğlansan. Get, seç qabaqcıl toxucu qızlardan birinin haqqında yazı hazırla. Ya zarisovka, ya oçerk. Özün də qıza fikir ver, gör necə qızdır, xoşuna gəlir, ya gəlmir. Yaxşı-yaxşı bax. Əgər xoşuna gəlsə, gəl mənə de. Nişanlanmağın mənim boynuma. Subay oğlansan, nə vaxta qədər subay olacaqsan?
Nəmidə xanım bu sözlərlə məni yola saldı.
Mən həmin xalça sexinə getdim. Sexin partiya komitəsinin sədri ilə də görüşdüm. O, mənim gəlişimdən xəbərdar idi. Qabaqcıl toxuculardan biri haqqında yazı hazırladım. Bu, Xatirə adlı gənc, zəhmətkeş və çalışqan bir qız idi.
Yazını hazırlayıb redaksiyaya gəldimtirdim və Nəmidə xanıma təqdim etdim. O, yazını oxudu, bəzi düzəlişlər etdi. Sonra əlyazmanı makinada yazdırmaq üçün qonşu otağa getdi.
Qayıdanda mənə üz tutub soruşdu:
— Yazın yaxşıdır. Bəs qıza necə baxdınmi? Bəyəndinmi?
Mən heç bir cavab vermədim.
Nəmidə xanım gülümsəyərək dedi:
— Eh, əfəl. Yazdığın kənd qızı idi. Oradan qız alacaqdın, sənə yaxşı baxacaqdılar. İstəmədin, neynək…
İndi həmin günlərdən çox illər keçir.
1980-ci illərin sonlarında redaktorumuz Zahid müəllim Kəlbəcər rayonuna birinci katib təyin edildi. Nəmidə xanım onun yerinə redaktor keçməyə çalışdı. Lakin ixtisasca jurnalist olmadığından bu cəhdi baş tutmadı.
Həmin dövrdə redaksiyada çalışan jurnalistlərin əksəriyyəti ixtisara düşdü. Nəmidə xanım da ixtisar olunan əməkdaşlardan oldu.
Ondan sonra Nəmidə xanıma bir daha rast gəlmədim. Biri deyirdi ki, Bakıya köçüb, digəri isə Salyanda ev aldığını söyləyirdi. Onun harada yaşadığı barədə dəqiq məlumat verən yox idi. İndi də bilmirəm, haradadır, sağdır, ya sağ deyil. Təəssüf ki, bu barədə heç bir məlumatım yoxdur.
Aradan nə qədər uzun illər keçməsinə baxmayaraq, onu indi də xoş hisslərlə xatırlayıram. Nəmidə xanım mənim təhsil alıb-almayacağımla, evlənib-evlənməyəcəyimlə maraqlanan, həyatımın bu mühüm məsələlərində mənə kömək göstərmək istəyən bir jurnalist qadın kimi yaddaşımda qalıb.
Nəmidə xanımın portretini tamamlayan bir məqamı da qeyd etmək istəyirəm. O, öz oğlunun ali məktəbə daxil olması üçün çalışmışdı. Oğlu ali təhsilini başa vurduqdan sonra onun ailə qurmasına da kömək etmişdi. Eşitdiyimə görə, oğluna nazir qızı almışdı.
Bəlkə də Nəmidə xanımla bağlı yaddaşımda qalan ən əsas cəhət onun insanlara münasibəti idi. O, yalnız redaksiyada yazı hazırlayan jurnalist deyildi. Qarşısındakı insanın gələcəyi, işi, ailə həyatı ilə də maraqlan bir şəxs idi. Mənimlə bağlı verdiyi suallardan, söylədiyi sözlərdən, bunu hiss etmək olurdu.
İllərdir ondan xəbərim yoxdur. Harada olduğunu, həyatının necə davam etdiyini bilmirəm. Bilmirəm mənim həyatımla maraqlanan o şəhərimizdə yeganə jurnalist qadının öz taleyi necə oldu. Ümüd edirəm ki, yaxşı olub.Amma 1977-ci ildə “Kür nəğmələri” dərnəyində ilk dəfə gördüyüm, sonralar “İşıq” qəzetinin sənaye şöbəsində əməkdaşlıq etdiyim Nəmidə Həsənova yaddaşımda həmişə gülərüz, qayğıkeş və işini bilən bir jurnalist kimi qalacaq.
Feyruz Muradov
Müəllifin “ Şirvan jurnalistləri- Hərənin bir taleyi ” kitabından
Şirvan şəhəri.
Yazıya 2 dəfə baxılıb










