Bu gün Azərbaycan Yazıçılar Birliyində Ukraynalı qonaqlarla görüş keçirilib. Qonaqları AYB-nin sədri, Xalq yazıçısı Anar qəbul edib.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, yazıçı-alim Perro Kralyuk, yazıçı Svetlana Emeç, publisist və naşir Aleksandr Krasoviskiy, səfirliyin əməkdaşı Aleksandr Onişenko iştirak edib.
Azərbaycan tərəfdən görüşdə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, AYB-nin müşaviri Rauf Aslanoğlu və şair Məhəmməd Rəsuloğlu iştirak edib.
AYB-nin sədri Anar qonaqları salamladıqdan sonra Azərbaycan-Ukrayna əlaqələrindən, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, eləcə də Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən söz açıb.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında ədəbiyyatın və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində ədəbi əməkdaşlığın roluna diqqət çəkib.
Səlim Babullaoğlu Azərbaycan dilinə tərcümə edilmiş Ukrayna ədəbiyyatı nümunələri, Azərbaycan və Ukrayna ədəbiyyatları arasında qarşılıqlı əlaqələr və ədəbi mübadilənin əhəmiyyəti barədə məlumat verib. Görüşdə Krım tatarlarının tarixi və mədəniyyəti, xalqlar arasında dostluq və həmrəyliyin vacibliyi də müzakirə olunub. Publisist və naşir Aleksandr Krasociskiy isə Ukraynada Azərbaycan ədəbiyyatının nəşri və təbliği məsələlərinə toxunaraq, yaxın zamanda Nizami Gəncəvinin “Xəmsə” əsərinin Ukraynada çapdan çıxacağını bildirib.
Görüşün sonunda AYB-nin sədri Anar qonaqlara xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasında Azərbaycan xalqının birlik və dostluq rəmzi olan nar naxışları ilə bəzədilmiş, Ukrayna ədəbiyyatının görkəmli nümayəndəsi Taras Şevçenkonun təsvirini əks etdirən suvenir də yer alıb.
Yazıya 8 dəfə baxılıb
























