14 aprel 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış nasir, AYB-nin üzvü Etibar Muradxanlının “Bayatı-Araz” adlı kitabının təqdimatı keçirilib.
kultur.az xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi qəhrəmanları, media nümayəndələri, eləcə də oxucular iştirak ediblər.
Təqdimat mərasimini AYB-nin Bədii tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir aparıb. O, çıxışına başlamazdan əvvəl Azərbaycan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verərək, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb.
Əsəd Cahangir “Apastrof-A” nəşriyyatında 367 səhifə həcmində nəfis tərtibatla çapdan çıxmış “Bayatı-Araz” sənədli romanı haqqında ətraflı danışıb. Qeyd edib ki, əsər sənədlər və faktlara əsaslanaraq əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu, qəhrəmanlıq salnaməsini əks etdirir. Sənədli romanda Cənub cəbhəsində aparılan döyüş əməliyyatları, ordumuzun, xüsusilə sərhəd qoşunlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də Ali Baş Komandanın sərkərdəlik məharəti dolğun şəkildə təsvir olunub.
Bildirilib ki, “Bayatı-Araz” müəllifin Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Etibar Muradxanlı bundan əvvəl “Siz müharibədəsiniz, leytenant”, “Tələbə taqımı” və “İlin beşinci fəsli” kimi əsərlərlə də bu mövzuya müraciət edib.
Aparıcı çıxışında Qarabağ müharibəsi şəhidi, müəllifin qardaşı oğlu, baş leytenant Əliqismət Yaqublunun şərəfli həyat yolundan da bəhs edib. O qeyd edib ki, Etibar Muradxanlının ata-baba ocağından Vətən müharibəsində iştirak edən çoxsaylı oğullar olub. Bu baxımdan, Etibar Muradxanlı həm yazıçı kimi, həm də bizə Zəfər qazandıran oğulların doğması olaraq müharibədən yazmağa və danışmağa mənəvi haqqa malikdir.
Tədbirdə akademik Nizami Cəfərov, AYB katibləri – yazıçı Elçin Hüseynbəyli, İlqar Fəhmi, eləcə də yazıçı və şairlər Əli Rza Xələfli, Ağacəfər Həsənli, Arzu Nehrəmli, İlqar Türk, Ayaz Arabaçı, Qabil Nəbi, Qazaxıstandan gəlmiş şair-tərcüməçi Sayat Kamşuger, Qəni Camalzadə, Gəray Göyyurd, Şəfəq Sahibli, Güləmail Murad, Nüşabə Məmmədli və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar Etibar Muradxanlının vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə hərbçilər də iştirak edib. Polkovnik Himayət Qubadov, əsərin canlı qəhrəmanları – gizir Mirzə Ağayev və Cavidan Şərifov çıxış edərək döyüş xatirələrini bölüşüb, müəllifə təşəkkürlərini bildirib.
Sonda Etibar Muradxanlı tədbir iştirakçılarına minnətdarlığını bildirib və oxucular üçün kitablarını imzalayaraq hədiyyə edib.
Təqdimat mərasimi yüksək ruh, səmimi mühit və ədəbi ovqatla yadda qalıb.
Yazıya 34 dəfə baxılıb





















