Xəstə idim, həkimlərin dediyinə görə yaşamağa ümid az idi. Məni xəstəxanadan evə təxliyyə etdilər. Səsdən-küydən uzaq, köhnə təmirsiz bir otaqda, taxta çarpayıda mənə yataq hazırladılar. Təzəcə yuxuya getmişdim, yuxunun şirin yerində pəncərənin döyüldüyünü və əcayib səslər eşitdim, ayılanda gördüm ki, bir quş pəncərənin şüşəsini döyəcləyib, qəribə səslər çıxarır, düşündüm ki, bəlkə acdır, sussuzdur. Sürünə-sürünə yaxınlaşıb pəncərəni açdım, pəncərənin qabağına çörək qırıntıları və su qoydum, qayıdıb yerimə uzandım… Həmin quş yenə də pəncərənin şüşəsini döyəcləyib qəribə səslər çıxarırdı…
Baxdım ki, bu quş Musa Cəlil Almaniyanın Moabit həbsxanasında cəza çəkərkən, cəza evinin dəmir barmaqlığına qonan boz sərçə deyil…
Məmməd İsmayılın kənddəki evinin çürüməkdə olan taxta qapısında yem axtaran ağacdələn deyil, nə də Mikayıl Azaflı Kürdəxanı təcridxanasında məhbus olarkən, çöldə fəğan edib yazın gəlişini bildirmək istəyən şeyda bülbül deyildi…
Bu, adi bir quş idi, köçəri çöl qaranquşu…
Bəlkə hüzursuz bir yerdə özünə yuva qurmaq istəyirdi, bəlkə məni yoluxmağa gəlmişdi, mənimlə həmsöhbət olmaq istəyirdi, bilmirəm,bəlkə də uzun müddətli xəstəlikdən sonra, korçalmış yaddaşımı təzələmək üçün Allah taalanın mənə göndərdiyi bir ilham pərisi idi…
Nə müddətdir pəncərəni döyürsən,
Öz dilində mənə sözmü deyirsən?
Xəstə ürəyimə dözmü deyirsən?
Dözmək olmur, necə dözüm qaranquş?
Pəncərədə öz əksinə baxanda,
Sevdiyinmi yada düşür,o anda?
Həyat səni yandıranda,yaxanda
Dolmasınmı, mənim gözüm qaranquş?
Pəncərəni açıram ki,gələsən
Yaralı könlümə məlhəm olasan…
İstəmirəm sən də tənha qalasan,
Tək qalanda gülmür üzüm qaranquş.
Ürəyim üşüyür bu daş otaqda,
Can əldən gedəndə baxmayır vaxta…
Könüldən uzaqda,gözdən uzaqda,
Buza dönüb şeirim, sözüm qaranquş.
Gəl yuva qur, ürəyimin başında,
Həsrətə bax,gözlərimin yaşında…
Köçəri bir quşun qan yaddaşında,
Heç olmasa,qalsın izim qaranquş…
Yazıya 15 dəfə baxılıb








