Əsəd Cahangir Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü münasibətilə keçirilən mərasimində AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb. O, bu ali mükafata layiq görüldüyünə görə Rəsul Rza ocağının rəhbəri Rafael Hüseynova və Rəsul Rzanın varisi Anar müəllimə minnətdarlığını ifadə edib.

Ə.Cahangir bildirib ki, 27 ildir Yazıçılar Birliyində çalışmasına baxmayaraq, bu mükafatı məhz 60 illik yubileyi ərəfəsində alması onun üçün xüsusi əlamət daşıyır.

“Rəsul Rza mənim üçün ən sevimli şairlərdən biridir. Onun “Vəsiyyət” şeiri xüsusilə mənim üçün çox önəmlidir. Əgər mənə desəydilər ki, başqa bir planetdə yaşayan insanlara Azərbaycan poeziyasından nəyi təqdim edərdin, Füzulinin “Leyli və Məcnun” əsəri, “Məni candan usandırdı” qəzəli ilə Rəsul Rzanın “Vəsiyyət” şeiri arasında tərəddüd edərdim”, – deyə o qeyd edib.

Əsəd Cahangir “Vəsiyyət” şeirinin hər bir azərbaycanlı, xüsusilə yaradıcı insanlar üçün bir vəsiyyətnamə olduğunu vurğulayıb və əlavə edib ki, gələcək laureatlar da bu yüksək insani dəyərlərə sadiq qalmağa çalışmalıdırlar.

Qeyd edək ki, hər il Rəsul Rzanın doğum günü ərəfəsində Beynəlxalq Rəsul Rza Fondu tərəfindən bu mükafat təqdim olunur.

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.