Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birliyin üzvləri, ziyalılar və yazarlar Fəxri Xiyabanda şairin məzarını ziyarət ediblər. Ziyarət zamanı Rəsul Rzanın xatirəsi ehtiramla yad olunub, şeirlərindən nümunələr səsləndirilib, məzarı önünə gül dəstələri qoyulub.
Həmin gün AYB-də Beynəlxalq Rəsul Rza Mükafatının təqdimetmə mərasimi də keçirilib. Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov çıxış edərək şairin zəngin yaradıcılığından və Azərbaycan ədəbiyyatındakı xüsusi mövqeyindən bəhs edib. O qeyd edib ki, Rəsul Rza təkcə klassik ədəbi irsdə deyil, XX əsr Azərbaycan poeziyasının yenilənməsi və inkişafında da mühüm rol oynayıb.
Akademik Rafael Hüseynov mükafatın hər il şairin doğum günü ərəfəsində Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təqdim olunduğunu diqqətə çatdırıb.
Bu il mükafata Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Bayatılı Odər, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir, şair-publisist Azər Hacıbəyli, şair Seyidağa Seyid, şair Məlahət Hümmətqızı və ədəbiyyatşünas Əkbər Əlioğlu layiq görülüb.
Laureatlar çıxış edərək AYB sədri Anara, Beynəlxalq Rəsul Rza Fondu əməkdaşlarına və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
60 illik yubileyi ərəfəsində bu böyük ödülə layiq görülən Əsəd Cahangir çıxışında Rəsul Rza yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynadığını qeyd edərək bildirib: “İyirmi yeddi ildir Yazıçılar Birliyində işləyirəm, amma bu mükafatı hələ indi alıram. Çox sevinirəm ki, məhz indi, 60 illik yubileyim ərəfəsində bu ödülə layiq görülmüşəm, bunu da çox gözəl bir əlamət sayıram. Rəsul Rza mənim üçün ən sevimli şairlərdən biridir. Onun “Vəsiyyət” şeiri xüsusilə mənim üçün çox önəmlidir. Əgər mənə desəydilər ki, başqa bir planetdə yaşayan insanlara təqdim etmək üçün Azərbaycan poeziyasından nəyi seçərdin, Füzulinin “Leyli və Məcnun” əsəri, “Məni candan usandırdı” qəzəli ilə Rəsul Rzanın “Vəsiyyət” şeiri arasında tərəddüd edərdim. Məni bu ali mükafata layiq gördüyünə görə Rəsul Rza ocağının rəhbəri Rafael Hüseynova və Rəsul Rzanın varisi Anar müəllimə ürəkdən gələn səmimi minnətdarlığımı bildirirəm. Mənə elə gəlir ki, “Vəsiyyət” şeiri hər bir azərbaycanlı üçün, xüsusilə də yaradıcı insanlar üçün bir vəsiyyətnamədir: insan necə olmalıdır, şair necə olmalıdır, vətəndaş necə olmalıdır. Ümid edirəm ki, bu mükafata layiq görülən şəxslər də həmin şeirdə ifadə olunan yüksək insani dəyərlərə hər zaman sadiq qalmağa çalışacaqlar”.
Sonda Xalq yazıçısı Anar mükafata layiq görülən ədəbiyyat adamlarını təbrik edib, Rəsul Rza irsinin təbliğinə verdikləri töhfəyə görə təşəkkürünü ifadə edib.

Yazıya 11 dəfə baxılıb















