Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ədəbi müzakirələrlə davam edir

May ayının 25-də VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangirin iştirakı ilə “Müəllif, kitab, nəşriyyat” mövzusunda maraqlı müzakirə təşkil olundu.

Müzakirədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu və yazıçı İlham Əziz də iştirak edirdi. Tədbirdə Azərbaycanda kitab satışının mövcud vəziyyəti, oxucu fəallığı, yazıçı–oxucu münasibətləri, müasir dövrdə kitabın təbliği və müəlliflərin əsərlərinin oxunması üçün görülməli işlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Polemik xarakter daşıyan söhbət zamanı iştirakçılar kitab bazarının problemləri, nəşriyyatların fəaliyyəti, müəlliflərin öz kitablarının tanıdılması prosesində rolu və cəmiyyətin mütaliəyə münasibəti barədə müxtəlif mövqelər səsləndirdilər. Festival iştirakçıları da müzakirəyə fəal şəkildə qoşularaq çıxışçılara suallar ünvanladılar.

Əsəd Cahangir çıxışında yazıçının əsas missiyasının yaradıcılıq olduğunu vurğulayaraq bildirdi ki, müəllif öz kitabını satmalı deyil: “Bu işlə müxtəlif qurumlar məşğul olmalıdır. Yazıçının üzərinə düşən əsas məsuliyyət həqiqəti yazmaqdır. Əgər o, həqiqəti yaza bilirsə, oxucu gec-tez onu tapacaq. Bu günün oxucusu yalana, süni pafosa və utopik təsəvvürlərə inanmır. Son illər ədəbiyyatda və nəşriyyat mühitində yazıçının missiyası ilə marketinq məsələləri tez-tez bir-birinə qarışdırılır. Müəllifdən həm yazmaq, həm özünü reklam etmək, həm kitab satmaq, həm də sosial şəbəkələrdə daimi görünmək tələb olunur. Halbuki klassik ədəbi düşüncədə yazıçının əsas vəzifəsi cəmiyyətin mənəvi yaddaşını qorumaq, insan həqiqətlərini üzə çıxarmaq və dövrün ruhunu ifadə etməkdir”.

Onun bu fikri tədbir iştirakçıları arasında geniş müzakirəyə səbəb oldu. Mövzu ətrafında fərqli baxışlar səslənsə də, iştirakçılar kitabın təbliğinin və oxucu auditoriyasının genişləndirilməsinin vacibliyi ilə bağlı ortaq mövqe nümayiş etdirdilər.

Səmimi və canlı diskussiya şəraitində keçən ədəbi-bədii söhbət iştirakçıların alqışları ilə yekunlaşdı.

Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı hər il təşkil olunur və müxtəlif türkdilli ölkələrin yazıçılarını, şairlərini, nəşriyyat nümayəndələrini və kitabsevərlərini bir araya gətirir. Festival çərçivəsində müəlliflər oxucularla görüşür, imzalı kitablarını təqdim edir, ədəbiyyat və müasir nəşriyyat prosesi ilə bağlı fikir mübadiləsi aparırlar.

Xatırladaq ki, festival mayın 26-dək davam edəcək.

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.