Türkiyədə nəşr olunan “Güfte Edebiyat” dərgisinin 30-cu sayı Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr edilib.
Yubiley münasibətilə hazırlanan xüsusi buraxılışda türk dünyasının müxtəlif ölkələrindən ədəbiyyat nümayəndələrinin Sabir Rüstəmxanlıya həsr olunmuş məqalə və şeirləri yer alıb. Dərgi şairlə aparılan geniş müsahibə ilə açılır. Müsahibədə Rüstəmxanlının yaradıcılığı, milli düşüncəsi və Türk dünyasına baxışı ilə bağlı fikirləri təqdim olunur.
Buraxılışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Moldova (Qaqauz Yeri), İraq-Tələfər və digər bölgələrdən yazar və şairlərin materialları yer alır. Məqalələrdə Sabir Rüstəmxanlının poeziyası, ədəbi fəaliyyəti, milli ruh və yaddaş mövzularındakı yaradıcılığı geniş şəkildə təhlil edilir. Azərbaycan və Türkiyədən tanınmış qələm sahibləri onun yaradıcılığını müxtəlif aspektlərdən dəyərləndirirlər.
Xüsusi buraxılışda həmçinin şairin seçilmiş şeirləri oxuculara təqdim olunur və onun Türk dünyasındakı ədəbi mövqeyi ön plana çıxarılır. Müəlliflər Sabir Rüstəmxanlını “millət yaddaşının şairi”, “sözün və milli ruhun keşikçisi” kimi qiymətləndirirlər.
Dərginin baş redaktoru Vəli AY, baş redaktor müavini və Türkiyə redaktoru Ayşe AY, Azərbaycan redaktoru isə Aysel Xanlarqızı Səfərlidir.
“Güfte Edebiyat”ın 30-cu sayı həm Sabir Rüstəmxanlıya həsr olunmuş yubiley nəşri, həm də türk dünyasının ədəbi həmrəyliyini əks etdirən genişmiqyaslı bir çap məhsulu kimi təqdim edilir.
Yazıya 8 dəfə baxılıb








