Mayın 18-də Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.
Tədbirdə dünyanın 180-dən çox ölkəsindən gəlmiş nümayəndələr iştirak ediblər. Beynəlxalq forum şəhərsalma sahəsində qlobal çağırışların müzakirəsi, dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması və inklüziv şəhər mühitinin formalaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
Açılış mərasimində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Onların sırasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədr əvəzi Hüsaməddin Xudiyev, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İctimai Birliyinin sədr müavini Məlahət Abdullayeva, eləcə də Milli Paralimpiya Komitəsinin informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov və digər QHT nümayəndələri yer alıblar.
Qeyd edək ki, forum çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, əlçatan mühitin yaradılması və sosial inklüzivlik kimi mövzular üzrə geniş müzakirələrin aparılması nəzərdə tutulur.