Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bugünkü qonağı Azərbaycan Vətən müharibəsində qəhrəmanlıqla şəhadətə yüksəlmiş Telman Qurbanovun həyat yoldaşı Afina xanım Qurbanova idi. Afina xanımı sayğıyla qarşılayan mərkəzin sədri Əsəd Cahangir Telman Qurbanovun timsalında bütün şəhidlərimizin qəhrəmanlığını yüksək dəyərləndirərək bildirdi ki, Vətən uğrunda canından keçən oğullar xalqın yaddaşında təkcə döyüşçü kimi deyil, həm də milli ruhun, mənəvi bütövlüyün və əyilməz iradənin simvolu kimi yaşayırlar.
Əsəd Cahangir qeyd etdi ki, şəhidlərin adı yalnız daşlara həkk olunmur, onların xatirəsi ədəbiyyatda, sənətdə, insanların qəlbində əbədi yaşayır. O, Telman Qurbanov kimi igidlərin göstərdiyi şücaətin gələcək nəsillər üçün örnək olduğunu xüsusi vurğuladı.
Gəlin qəhrəman şəhidimizin keçdiyi qısa, lakin şərəfli ömür yoluna bir daha nəzər salaq:
Qurbanov Telman Qara oğlu 1958-ci il 17 dekabrda Borçalı mahalının Darvaz kəndində müəllim ailəsində anadan olub. Ailədə on uşaq – beş oğlan, beş qız böyüyüb və bu evdə daim qarşılıqlı hörmətə, mehribanlığa söykənən sağlam bir mühit hökm sürüb. Qardaşların hamısının ali təhsil alması bu ailədə elmə, təhsilə verilən yüksək dəyərin göstəricisi olub.
Telman Qurbanov orta təhsilinə doğulduğu Darvaz kəndində başlayıb, 8-ci sinifdən etibarən Bakıya köçüblər və 9–10-cu sinifləri Xırdalanda 2 saylı orta məktəbdə oxuyub. Uşaqlıqdan çalışqanlığı, intizamı və məsuliyyəti ilə seçilən Telman öz ailə tərbiyəsini bütün həyatına daşıyıb.
1976-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1981-ci ildə oranı əla qiymətlərlə bitirib. Gənc mütəxəssis kimi təyinatla Xırdalan Pivə Zavoduna mühəndis olaraq göndərilib və 1993-cü ilə qədər həmin müəssisədə çalışıb. Bu illər onun həm peşəkar mühəndis, həm də məsuliyyətli bir vətəndaş kimi yetişdiyi dövr olub.
1993-cü ildə xalqın taleyində baş verən ağır hadisələr və Qarabağ müharibəsinin doğurduğu çağırışlar Telman Qurbanovun da həyat yolunu dəyişir. Ulu öndər Heydər Əliyevin Vətən çağırışına qoşulan Telman Qurbanov zabit kimi könüllü olaraq cəbhəyə yollanır. O, Beyləqan istiqaməti, sonra Tərtər cəbhəsi, Ağdərə və digər strateji bölgələrdə gedən döyüşlərdə fəal iştirak edir. Cəbhə bölgəsində göstərdiyi igidlik və hərbi intizamı ilə silahdaşlarının hörmətini qazanır. Döyüş yoldaşları onu daim məsuliyyətli, qorxmaz və vətənpərvər bir zabit kimi xatırlayırlar.
1994-cü il fevralın 18-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı Telman Qurbanov itkin düşür və bununla da onun şərəfli ömür yolu Vətən tarixinin qəhrəmanlıq səhifəsinə çevrilir. Onun adı bu gün şəhidlik zirvəsində ehtiramla anılır, xatirəsi isə xalqımızın yaddaşında əbədi yaşayır.
Bu illər ərzində gözü yollarda qalan Afina Qurbanova ömür-gün yoldaşının iki övladını təkbaşına böyüdərək boya-başa çatdırıb. Ağır itkinin yaratdığı nisgili ürəyində yaşatsa da, o, həyatın yükünü çiyinlərində mətanətlə daşıyıb, öz ailəsinin dayağına çevrilib, təsəllini övladlarında tapıb. Onların hər bir uğuru, hər bir addımı onun üçün həm sevinc, həm də Telman Qurbanovun ruhuna ünvanlanmış bir dua olub. Şəhidlik ağrısı ilə yoğrulmuş bu ömür yolu həm səbrin, həm də vəfa və sədaqətin canlı təcəssümüdür.
Afina Qurbanovanın qəlbində illərdir səssiz bir sevgi dünyası yaşayır — misralara düzülən, hər sətirində ayrılıq yanğısı və ümid yaşadan bir dünya. Onun yazdığı şeirlər kiməsə söyləyə bilmədiyi ürək çırpıntıları, gecələrə sığmayan düşüncələri və susqun göz yaşlarının poetik ifadəsidir. Hər misrada bir xatirə, hər bənddə bir ömür gizlənir.
Şeirlərini ədəbi tənqidçi, şair Əsəd Cahangirə təqdim edən Afina xanım söhbət zamanı kövrək xatirələrini bölüşərək dedi: “Telman döyüşə gedəndə oğlum birinci sinfə, qızım bağçaya gedirdi. Onlara nə qədər sevgi və qayğı göstərsəm də, atalarının yerini heç cür doldura bilmədim. O boşluq illər keçsə də, insanın içində qalır…”
Afina xanım bu gün artıq övladlarının ali təhsil alaraq ailə-uşaq qürur hissi ilə qeyd etdi. Onun sözlərinə görə, illərin ağır sınaqlarına baxmayaraq, ailənin içində həm Telmanın xatirəsi, həm də onun qoyduğu mənəvi irs yaşayır.
Bu gün isə ailədə xüsusi bir sevinc və eyni zamanda dərin bir duyğu yaşanır: babasının adını daşıyan beş yaşlı Telman Qurbanovlar ocağına yeni nəfəs gətirib. Afina xanımın sözlərinə görə, balaca Telman evə həm işıq, həm də nisgilli bir xatirənin davamı kimi gəlib. “Amma yenə də Telmanın yeri evin baş güşəsində görünür,” – deyərək o, illər keçsə də dəyişməyən həsrətin sükutla yaşadığını ifadə etdi.
Sonra Afina xanım ömür-gün yoldaşına həsr etdiyi bir neçə şeirini oxudu. Onun hər misrası uzaq illərə, yarımçıq qalan ömür yoluna və heç vaxt sönməyən bir sevgiyə doğru uzanan işıq idi sanki… Səslənən poetik nümunələrdə həm ayrılığın ağrısı, həm də şəhidlik zirvəsinin ucalığı öz əksini tapırdı. Bu şeirlər təkcə bir qadının şəxsi hissləri deyil, həm də bütöv bir dövrün yaddaşı, müharibənin insan talelərində buraxdığı izlər idi.
Əsəd Cahangir bu şeirləri dəyərləndirərək onların mərkəzin mətbu orqanı olan “Kultur.az” saytında yerləşdirilməsi və daha geniş oxucu auditoriyasına çatdırılması üçün Afina xanımdan razılıq istədi. O bildirdi ki, bu cür səmimi və təbii poetik nümunələr təkcə ədəbi deyil, həm də ictimai əhəmiyyət daşıyır.
Bir az hüzn, bir az qürur dolu bu görüş sonda xoş xatirələrlə yadda qaldı. Şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad olundu, onların ruhuna dualar edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Azərbaycan Ordusu!
AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin mətbuat xidməti
P.S. Hörmətli oxucular, Afina xanım Qurbanovanın şeirlərini yaxın günlərdə internet dərgimizin səhifələrində sizlərə təqdim edəcəyik.
Yazıya 32 dəfə baxılıb








