14 may 2026-cı il tarixində “Libraff Park Akademiya”da Azərbaycanın tanınmış yazıçısı Aqil Abbasla görüş keçirilib. Oxucuların böyük marağına səbəb olan tədbir çərçivəsində müəllifin yeni nəşr olunan “Rəmiş” kitabının təqdimatı da baş tutub. Görüşdə yazıçının oxucuları, yazarlar, ziyalılar, ədəbiyyatsevərlər və media nümayəndələri iştirak edib.Kultur.az xəbər verir ki, tədbiri giriş sözü ilə kitabın nəşr olunduğu “Qanun Nəşriyyatı”nın təşkilati işlər üzrə rəhbəri Xatirə Əfşar Pənahlı açıq elan edib. O, kitab haqqında məlumat verərək “Qanun Nəşriyyatı”nın Aqil Abbas yaradıcılığına xüsusi diqqətlə yanaşdığını bildirib və müəllifin kitablarının nəşrinin məhz onların nəşriyyatına aid olmasından məmnunluğunu ifadə edib.
Daha sonra söz kitabın müəllifi Aqil Abbasa verilib. Yazıçı əsərin yaranma tarixçəsindən danışaraq, Azərbaycan Respublikasının Xalq artisti, gitaranı peşəkar şəkildə Şərqə gətirən görkəmli sənətkar Rəmişin şəxsiyyəti və sənəti barədə fikirlərini bölüşüb. Aqil Abbas çıxışında bildirib: “Rəmiş dünyanın ən azad insanı idi. O azadlıq Rəmişi öz sənətinin ustası etdi”. Yazıçı istedad haqqında düşüncələrini isə belə tamamlayıb: “Hər bir istedadlı adam bir az Rəmişdir”.
Müəlliflə dialoq formatında təşkil olunan tədbirdə Mədəniyyət Nazirliyinin Poliqrafiya şöbəsinin müdiri Vasif Qurbanzadə, akademik Rafiq Əliyev, millət vəkilləri Fazil Mustafa, İlham Məmmədov, Elşən Musayev, yazıçı Seyran Səxavət, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, tərcüməçi Seyfəddin Altaylı, BDU-nun professoru Cahangir Məmmədli, Aqil Abbasın “Dolu” romanı əsasında çəkilmiş filmdə baş rolu canlandıran Rza Rzayev (Drakon) və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda qeyri-adi istedada malik Rəmişin yaradıcılığından, onun sənətdəki özünəməxsus yerindən və bu irsin gələcək nəsillərə çatdırılmasında Aqil Abbasın “Rəmiş” kitabının əhəmiyyətindən bəhs olunub.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir saytımıza verdiyi müsahibədə Aqil Abbas və Rəmişin daxili azadlıq duyğularının bir-birinə yaxın olduğunu vurğulayaraq qeyd edib: «Aqil Abbas müasir Azərbaycan ədəbi və ictimai fikrinin tanınmış nümayəndələrindən biridir. O, həm yaradıcılığının, həm də xarakterinin unikallığı ilə seçilir. Eyni zamanda ictimai xadim və millət vəkili kimi də fəaliyyət göstərir. Buna görə də onun qələmə aldığı əsərlər cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən həmişə böyük maraqla qarşılanır. “Dolu”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, vaxtilə tarixi mövzuda yazdığı “Batmanqılınc” romanı və digər əsərləri buna nümunədir.
O, daha çox Qarabağ mövzusunda yazır və bu səbəbdən də oxucunun gözündə Qarabağla eyniləşir. Mən onun yaradıcılığını iki istiqamətə bölərdim: Qarabağ uğrunda müharibədən bəhs edən əsərlər və Qarabağ zəfərindən sonra Qarabağa qayıdış mövzusunu əks etdirən əsərlər. Onun son əsəri olan “Rəmiş” romanı da əslində Qarabağa qayıdışın bir formasıdır. Çünki Rəmişdən yazmaq musiqidən yazmaqdır, səsdən yazmaqdır, Qarabağdan yazmaq və yenidən Qarabağa qayıtmaqdır. Aqil Abbasın bədii təfəkküründə artıq zəfər çalınıb və indi mədəniyyətə dönüş mərhələsidir. Axı hər bir xalqın varlığında əsas məqsəd mədəniyyət yaratmaqdır. İqtisadi və hərbi məsələlər də məhz xalqın mədəniyyət yaratmaq imkanına sahib olması üçündür. Bu mənada Aqil Abbasın “Rəmiş” əsərinin meydana çıxması onu göstərir ki, Azərbaycan xalqı artıq hərbi problemlərini həll edib və öz mədəniyyətinə qayıdır.
Rəmiş özü də son dərəcə unikal bir şəxsiyyətdir. Necə ki, Səttar Bəhlulzadə rəssamlıqda, Qədir Rüstəmov muğam və mahnı ifaçılığında nə qədər qeyri-adi və fenomenal bir təzahürdürsə, Rəmiş də instrumental musiqi sahəsində o qədər bənzərsiz sənətkardır. Aqil Abbasın yaradıcılıq təbiəti ilə Rəmişin xarakteri və taleyi arasında da böyük uyğunluq var.
“Rəmiş” romanının müzakirəsində bütün bu dediklərim bir daha öz təsdiqini tapdı. Tədbirdə həm siyasi elitanın nümayəndələri, həm ədəbi ictimaiyyət, həm də geniş oxucu auditoriyası iştirak edirdi. Bu insanları birləşdirən əsas cəhət isə Aqil Abbasa böyük məhəbbət, Azərbaycana, onun mədəniyyətinə və konkret olaraq Rəmişin həyat və yaradıcılığına olan dərin hörmət idi”.
Tədbirin sonunda Aqil Abbas oxucular üçün kitablarını imzalayıb, iştirakçılarla xatirə fotoları çəkdirib. Görüş səmimi və yaddaqalan anlarla başa çatıb.
Yazıya 19 dəfə baxılıb























