ASLAN ASLANOV – 100

Aslan Aslanovun “Nəğməli günlərim” kitabında sovet ideologiyası fonunda Azərbaycançılıq

Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində elmi-fəlsəfi düşüncəsi ilə bədii təfəkkürü birləşdirən şəxsiyyətlərdən biri Aslan Aslanovdur. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və Azərbaycançılıq düşüncəsinin bədii ifadəsi kimi diqqəti çəkir.

Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Aslan Aslanov 1977–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru, 1990–1995-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Elmi fəaliyyəti ilə yanaşı, zəngin poetik irs yaradıb. Şeirlərində alim-filosof dünyagörüşü ilə şair duyğusu qovuşaraq insan, Vətən, zaman, yaddaş və milli mənsubiyyət mövzuları özünəməxsus şəkildə ifadə olunub.

Aslan Aslanovun 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunan “Nəğməli günlərim” şeirlər toplusu bu baxımdan mühüm poetik mənbədir. Kitab Hüquq elmləri doktoru, professor İlyas İsmayılovun kitabxanasında qarşıma çıxdı. Şair Aslan Aslanovun öz imzası ilə İlyas müəllimə hədiyyə etdiyi bu kitabı maraqla oxudum.

Xalq yazıçısı İlyas Əfəndiyevin kitaba yazdığı ön sözdə şairin yaradıcılığı “həyat nəfəsi”, “həyat romantikası” və “əsrarlı çalarlar” anlayışları ilə səciyyələndirilir. İlyas Əfəndiyev yazır: “Aslanın şeirlərində həyatın əsrarlı çalarları da, nəfəsi də güclüdür, şəffaf və realdır.”

A.Aslanovun poeziyasında lirizm fərdi hisslərlə məhdudlaşmır, poetik “mən”dən milli “biz”ə doğru genişlənir. Bu məna müstəvisində Vətən, ana dili, doğma torpaq, milli yaddaş və tarixi bütövlük əsas motivlər kimi önə çıxır. Məhz bu xüsusiyyətlər “Nəğməli günlərim”i sovet dövrü Azərbaycan ədəbiyyatında milli düşüncənin poetik ifadəsini izləmək baxımından dəyərli mənbəyə çevirir.

 

Mənim əziz doğma səmam,

Doğma elim, doğma anam,

Doğma dilim, doğma gözüm,

Doğma sözüm,

Bir dənədir Azərbaycan!

 

Misraların əsas poetik yükü “doğma” sözünün ardıcıl təkrarında cəmlənir. “Səma”, “el”, “ana”, “dil”, “göz” və “söz” anlayışları Azərbaycanı yalnız coğrafi məkan deyil, insanın mənəvi varlığını, yaddaşını və milli kimliyini formalaşdıran bütöv dəyər kimi təqdim edir.

Şairin Azərbaycan sevgisi təbiət və yurd gözəlliklərinin tərənnümü ilə məhdudlaşmır. Onun poeziyasında parçalanmış Vətənin ağrısı, Araz həsrəti də mühüm yer tutur. Bu məqamda “Azərbaycan” anlayışı coğrafi məfhumdan çıxaraq bütöv tarixi-milli məkan mənası qazanır:

 

Qurban göylərində saysız sayrışan

Sonsuz ulduzların zər naxışına.

Pərişan Arazı kürə qarışan,

Ana torpağının hər qarışına.

 

Araz burada sadəcə coğrafi çay deyil, ayrılığın, bölünmüş taleyin və milli yaddaşın simvoludur. “Pərişan Araz” ifadəsi çaya insan taleyinə xas ağrı və həsrət çaları verir. “Ana torpağının hər qarışı” isə torpağı fiziki məkandan yüksəldərək müqəddəs milli dəyər səviyyəsinə çatdırır.

Aslan Aslanovun poeziyasında Vətən anlayışının konkret ünvanı da aydındır:

 

Vətən, əzizdir mənə

Nur torpağın, saf havan,

Hara getsəm evimdir,

Hara getsəm öz yuvam.

 

Bu misralarda Vətən mücərrəd ideoloji anlayış deyil, insanın özünün sandığı mənəvi məkandır. Bu xüsusiyyət sovet dövrünün ideoloji kontekstində xüsusilə diqqətəlayiqdir. Rəsmi diskursda Vətən anlayışı çox vaxt ümumittifaq siyasi məkanla əlaqələndirilsə də, Aslanovun poeziyasında onun emosional və mənəvi ünvanı Azərbaycan olaraq qalır. Milli duyğu siyasi şüardan çox, obraz, dil, təbiət və həsrət vasitəsilə ifadə olunur. Bu baxımdan şairin 1958-ci ildə yazdığı “Çinar” şeirini örnək gətirəcəyəm. Nəbi Xəzrinin “Ay bizim çinara bənzəyən çinar” misrasından sitat kimi istifadə edilən başlıq əsərdə təsadüfi deyil. Böyük Vətən müharibəsində döyüşən və ölüm ayağında olan əsgərin yaddaşında Vətən doğma təbiət obrazları ilə canlanır:

 

Boylandı həsrətlə qəlbində maraq,

Sönürdü gözündə, sönürdü bahar.

Onun Vətənini andırdı ancaq

Bir o sıra dağlar, bir yaşıl çinar.

 

Əsas ideya son iki misrada cəmlənir. Vətən “sıra dağlar” və “yaşıl çinar” kimi konkret və doğma obrazlarda canlanaraq abstrakt anlayışdan canlı xatirəyə çevrilir. Yad diyarda olan əsgərin bu obrazlara sığınması əsərə qəriblik və nisgil ovqatı gətirir.

Şeirin sonluğu fikri daha da qabardır:

 

Sonsuz bir düzəndə, uzaq diyarda,

Çəkir keşiyini qərib əsgərin.

 

“Qərib əsgər” ifadəsi Vətənindən uzaqlığı və milli yaddaşdakı doğmalıq hissini birləşdirir. Qərib əsgərin – Azərbaycan oğlunun vətəni SSRİ deyil, məhz Azərbaycandır. Beləliklə, “Çinar” yalnız müharibə mövzusunda yazılmış əsər deyil, Vətən anlayışının milli məzmununu qoruyan poetik mətn kimi də səciyyələndirilə bilər.

Aslan Aslanovun milli duyğusu Azərbaycan təbiəti ilə yanaşı, milli musiqi və folklor obrazlarında da ifadə olunur:

 

Qəlbimin sevinci, coş ey “Koroğlu”m,

Aç ey “Göyçə gülü”m, gül ey “Dilqəmi”m,

Çəkilsin qəlblərə nəğmədən yolum,

Süsənlər, sünbüllər olsun həmdəmim.

 

“Koroğlu”, “Göyçə gülü”, “Dilqəmi” adları milli-mədəni yaddaşın müxtəlif qatlarını təmsil edir. Şair milli kimliyi birbaşa bəyan etməkdənsə, folklor, musiqi və təbiət obrazları ilə ifadə edir.

Bu düşüncə “Mən sənəm, sən mənsən…” misralarında daha açıq görünür:

 

Mən sənəm, sən mənsən, hamı bir canıq,

Bir fikir, bir ürək, bir həyəcanıq,

Hamımız bir eldən, bir Vətəndənik,

Günəşli, gündüzlü Azərbaycanıq.

 

Azərbaycan sevgisinin mühüm dayaqlarından biri də ana dilidir:

 

Azərbaycan dili – anamın dili,

Nənəmin sevdiyi xananın dili.

Böyük Füzulinin, Vaqif, Vurğunun,

Elimin-obamın, komamın dili.

 

Dil burada sadəcə ünsiyyət vasitəsi deyil, nəsilləri və milli ədəbiyyat tarixini birləşdirən mənəvi irsdir. “Ana”, “nənə”, “el-obа”, Füzuli, Vaqif və Vurğun adlarının eyni sırada çəkilməsi Azərbaycan dilinin həm ailə yaddaşının, həm də milli mədəniyyətin daşıyıcısı olduğunu göstərir.

Xalq şairi Məmməd Araza xitabən yazdığı “Söylə necədirlər” şeirində milli həsrət daha yanğılı şəkildə ifadə olunur:

 

Ey mənim Xəzərim, Kürüm, Arazım,

Sirdaşım, qardaşım, Məmməd Arazım.

Nə vaxtdır sinəndə ötməyir sazım,

Söylə, necədirlər yaxın uzaqlar?

 

…Yenə yerindəmi nazlı qovaqlar,

Qovaqlar üzündə bəyaz duvaqlar,

Yenəmi saç yolar, yenəmi ağlar

O Məcnun söyüdlər, Leyli bulaqlar.

 

“Azərbaycan”, “Olmayıb”, “Saz”, “Sənli də mən, sənsiz də mən”, “Gözəl-gözəl”, “Ümid”, “Nəğməsiz, nəğməli günlərim” və s. şeirlərində də milli yaddaş, Vətən duyğusu və mənəvi bağlılıq davam edir və Azərbaycan mövzusu Aslanovun yaradıcılığında epizodik deyil, poetik dünyagörüşünün əsas istiqamətlərindən biridir.

Şairin sənət dünyasında milli-mənəvi yaddaşın mühüm dayaqlarından biri klassik ədəbiyyatdır. Klassik irsin zəngin poetik ənənələrindən bəhrələnən şair bu mirası yalnız keçmişin ədəbi yadigarı kimi deyil, milli düşüncənin, mənəvi dəyərlərin və estetik zövqün formalaşmasında mühüm mənbə kimi dəyərləndirir.

 

Nizamidir sənət şahım,

Fizulidir söz Allahım.

Nəsimidir könül ahım –

Dinli də mən, dinsiz də mən.

 

Nizami, Füzuli və Nəsimi adlarının bir poetik silsilədə çəkilməsi şairin sənət düşüncəsinin Azərbaycan klassik ədəbiyyatının böyük ənənələrinə söykəndiyini göstərir.

Azərbaycan folkloru və şifahi ədəbiyyat ənənələri də onun yaradıcılığında mühüm yer tutur. Şair qoşma, gəraylı, bayatı, müxəmməs, rübai və təcnis kimi xalq şeiri formalarından istifadə etməklə milli poetik yaddaşla bağlılığını qoruyur:

 

Əzizim, uca dağlar,

Zirvəsi haça dağlar,

Görkəmi daim cavan,

Özləri qoca dağlar.

 

Təcnislərində isə sözün səs və məna imkanlarından məharətlə yararlanır:

 

Aslan dostu dar günündə anandı,

Sən də onun dar günündə an andı,

Hamıdan çox canı yanan anandı,

Aman vermə səni yad ala, dala.

 

Uşaqlar üçün yazdığı şeirlərdə də milli düşüncə sadə və yaddaqalan dillə ifadə olunur:

 

Gülən səhərlər,

Kəndlər, şəhərlər.

Araz, Kür, Xəzər,

Sənin deyilmi?

 

Araz, Kür və Xəzərin vahid poetik məkanda birləşdirilməsi uşağın yaddaşında bütöv Vətən təsəvvürü yaradır. Beləliklə, bu şeirlər yalnız estetik zövqün formalaşmasına deyil, milli yaddaşın və Vətən duyğusunun möhkəmlənməsinə də xidmət edir. Eyni zamanda, bu coğrafi bütövlükdə yalnız Vətənin deyil, gələcəyə doğru uzanan TURANın da poetik işartılarını görmək mümkündür.

Məlumdur ki, sovet dövründə türkçülüyün açıq ifadəsi ciddi ideoloji məhdudiyyətlərlə üzləşirdi. Bu baxımdan şairin “İstanbul qızı” ifadəsindən istifadə etməsi xüsusilə diqqət çəkir:

 

Adına deyərdik İstanbul qızı,

Gənclik günümüzün şirindil qızı.

 

Bu məqamda “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər TURANın müəllimi Aslan Aslanov haqqında qələmə aldığı xatirələrdən bir epizod yada düşür: “Аlmаn dili müəlliməmiz Sеvdа xаnımın dərsində uşаqlаrın sinif otağındakı səs-küyü dəhlizəcən yаyılmışdı. Qəfil qаpı аçıldı və rеktоr оtаğа dаxil оldu. Çоx аcı, аcıdаn аcı bir bаxışlа hаmımızı süzdü və sаkitcə bizi qınаdı: “Еyib оlsun sizə. Hеç оlmаsа, Sеvdа xаnımın familyasına hörmət еdin”, – dеdi və оtаğı tərk еtdi. Sеvdа xаnım Cümhuriyyət dövrümüzün məşhur nаzirlərindən, rеprеssiyа qurbаnı Əhməd bəy Pеpinоvun qızıydı…”.

Bu kiçik, lakin mənalı epizod sovet ideologiyasının hökm sürdüyü bir dövrdə Aslan Aslanovun Cümhuriyyət irsinə və milli dəyərlərə münasibətini göstərən mühüm detal kimi dəyərləndirilə bilər. Əhməd bəy Pepinovun adını və ailəsini ehtiramla yad etməsi onun milli yaddaşa bağlılığının göstəricisi olmaqla yanaşı, bu dəyərləri tələbələrinə sətiraltı, mənəvi işarələrlə aşıladığını da düşündürür.

Aslan Aslanovun yaradıcılığında milli yaddaşın musiqi ilə qovuşduğu ən diqqətçəkən nümunələrdən biri “Lalələr” mahnısıdır:

 

Yayın ortasında Gəncə çölündə

Çıxıblar yenə də dizə lalələr.

Qıpqırmızı şehli köynəklərini

Səriblər dərəyə, düzə lalələr.

 

Telman Hacıyevin bəstələdiyi bu mahnı Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin və digər tanınmış sənətçilərin ifasında geniş yayılaraq Azərbaycan musiqi yaddaşında özünəməxsus yer tutub.

“Lalələr”in yaranması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, şair Gəncə təbiətinin lalələrlə bəzənən mənzərəsindən ilhamlanaraq bu əsəri qələmə alıb. Digər yozumda isə lalə obrazı 1918-ci ildə Azərbaycana gələn Qafqaz İslam Ordusu, Nuru Paşa və Bakının azadlığı ilə bağlı tarixi yaddaşla əlaqələndirilir. Hətta “Lalələr”in Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad tərəfindən yazıldığı barədə də fikir mövcuddur. Lakin bu yanaşmanı müəllifliyə dair təsdiqlənmiş fakt kimi deyil, əsərin mənşəyi ətrafında formalaşmış tarixi-poetik versiya kimi təqdim etmək daha məqsədəuyğundur.

Kitabda Aslan Aslanovun tərcümələri də diqqət çəkir. Platon, Şekspir, Nekrasov və Tvardovski kimi sənətkarların əsərlərini Azərbaycan dilinə çevirən şair milli poeziya ilə dünya ədəbiyyatı arasında əlaqə yaradır və poetik imkanlarının genişliyini göstərir.

 

***

 

Bir gün gedəcəyəm mən bu dünyadan,

Payız bir yarpaq da xəzəlləşəcək.

Yerimdə bir ömür açacaq çiçək,

Dünya bir çiçək də gözəlləşəcək.

 

Şair bir gün bu dünyadan köçdü. 1995-ci ildə, 69 yaşında Bakıda vəfat etdi və II Fəxri xiyabanda dəfn olundu. Lakin onun sözünün, sənətinin və Vətən sevgisinin yaratdığı ömür davam edir. Bu il görkəmli şəxsiyyət Aslan Aslanovun anadan olmasının 100 ili tamam olur. Bir əsr sonra da onun yaradıcılığına nəzər saldıqda, şairin misralarında yaşatdığı Azərbaycan sevgisinin nə qədər dərin və səmimi olduğu daha aydın görünür.

Aslan Aslanov yoxdur, amma onun şeirlərində yaşayan Azərbaycan var: Arazı, Kürü, Xəzəri, çinarı, sazı, ana dili, Qarabağ nisgili, milli yaddaşı və Vətən sevgisi ilə. Onun “Dünya bir çiçək də gözəlləşəcək” misraları bu gün azad Qarabağın timsalında yeni bir məna qazanır. Bəlkə də şairin arzuladığı həmin “çiçək” elə Vətənin azadlığı idi. O, bu günü görmədi, amma sözləri gördü.

Aslan Aslanovun poetik ömrü məhz burada davam edir – Azərbaycan torpağında, Azərbaycan yaddaşında və bu Vətənə olan sonsuz sevgidə.

 

 

İradə Aytel

İradə AYTEL

Mənbə: “Ədəbiyyat qəzeti”

Yazıya 34 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.