AYB-də Kərkük türkmən ədəbiyyatının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 9-da Birliyin Natəvan zalında Kərkük türkmən ədəbiyyatının tanınmış nümayəndələri – professor, doktor Faruk Köprülü və doktor Ümit Köprülü ilə görüş keçirilib.

Tədbir çərçivəsində professor Faruk Köprülünün “Şehriyarın Haydar baba dastanı” (araşdırma və örnəklər), şeirlərdən ibarət “Suların ölümü”, “Ağlayan atlar” və “Güneş kızı” kitablarının təqdimatı olub.

Ədəbi-mədəni tədbiri AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir açaraq qonaqları salamlayıb, görüşün əhəmiyyətindən, Kərkük türkmən ədəbiyyatının zəngin ənənələrindən və bu ədəbiyyatın Azərbaycan oxucusuna tanıdılmasının vacibliyindən danışıb.

Sonra Əsəd Cahangir ilk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verib. Anar çıxışında Azərbaycan, Kərkük türkmən və ümumən türk xalqlarının ədəbi əlaqələrindən söz açıb, ortaq dilin, tarixin, mədəniyyətin və mənəvi dəyərlərin xalqlar arasında yaxınlığın qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Çıxışının sonunda Anar hər iki qonağa Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqələrini təqdim edib.

Təqdimat mərasimində professor, doktor Faruk Köprülü də həyat və yaradıcılığı barədə məlumat verib. Orta məktəb illərindən ədəbi fəaliyyətə başlayan müəllif şeir, hoyrat, məqalə, tədqiqat, ədəbi tənqid və tərcümə sahələrində çalışıb. Əsərləri İraqla yanaşı, Azərbaycan, Türkiyə, Misir və digər ölkələrdə nəşr olunub. Müəllifin verdiyi məlumata görə, 63 əsəri çap olunub. Onun yaradıcılığında poeziya ilə yanaşı, elmi və ədəbi-tənqidi araşdırmalar, tərcümələr və İraq türkmən ədəbiyyatına dair tədqiqatlar mühüm yer tutur.

Görüşdə Faruk Köprülünün təqdim olunan kitabları ətrafında fikir mübadiləsi aparılıb, müəllifin poetik dünyası və tədqiqatçılıq fəaliyyəti diqqətə çatdırılıb. “Şehriyarın Haydar baba dastanı” kitabı ortaq poetik ənənələrin öyrənilməsi baxımından maraq doğurub. “Suların ölümü”, “Ağlayan atlar” və “Güneş kızı” kitabları isə müəllifin şeir yaradıcılığını əks etdirib.

Görüşün davamında doktor Ümit Köprülü də həyat və fəaliyyəti barədə məlumat verib. 1962-ci ildə Kərkükün Altınköprü şəhərində anadan olan müəllif ədəbi yaradıcılığa 15 yaşında başlayıb. Şeir, hekayə və məqalələri türk, ərəb və fin dillərində nəşr olunub. 1997-ci ildən Finlandiyada yaşayan Ümit Köprülü jurnalist və televiziya aparıcısı kimi fəaliyyət göstərib. 2000-ci ildə “Türkmenşanı” jurnalını təsis edib. Hazırda Türkmenşanı Media və Araşdırma Mərkəzinə rəhbərlik edir, müxtəlif beynəlxalq ədəbi, mədəni və insan hüquqları təşkilatlarının Finlandiya üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.

Ümit Köprülü Kərkük türkmən ədəbiyyatının yaşadılması, müxtəlif ölkələrdə tanıdılması və mühacirətdə mədəni kimliyin qorunması istiqamətində görülən işlərdən danışıb. Qonaqlar Azərbaycan və Kərkük ədəbiyyatı arasında əlaqələrin genişləndirilməsi, əsərlərin qarşılıqlı tərcüməsi və ortaq ədəbi irsin təbliği ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə filologiya elmləri doktoru Esmira Fuad, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, professor Münəxanım Təkləli, yazıçı Hacı Qəni Camalzadə, jurnalist Zərnişan Turan,  Aida Gülzar çıxış ediblər. Şairlər Ağaverdi Zəngəzurlu, Şəfəq Sahibli, Mafiə Müntəzir, Fatimə Vəfa və Güləmail Murad isə şeirlər söyləyiblər. Şair Güləmail Murad çıxışı zamanı AYB-nin nəzdində nəşr olunan “Zəfərnamə” və “Qadın işıqdır” jurnallarını qonaqlara təqdim edib. O, bu nəşrlərin türk dünyasının ədəbi-mədəni dəyərlərinin təbliğindəki roluna diqqət çəkib.

Tədbir çərçivəsində şair Cəvahir Qaraqızı “Məhsəti” Şairlər Məclisinin təsis etdiyi “Heydər zirvəsi” diplomunu professor, doktor Faruk Köprülüyə və doktor Ümit Köprülüyə təqdim edib.

Əsəd Cahangir isə 60 illik yubileyi münasibətilə çapdan çıxmış “Sözün Cahangiri” və esselərindən ibarət “İşıq kölgədən düşür” kitablarını qonaqlara hədiyyə edib.

Sonda professor Faruk Köprülü və doktor Ümit Köprülü Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Professor Faruk Köprülü qonaqlara imzalı kitablarını hədiyyə edib.

Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.