Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Kərkük türkmən ədəbiyyatının tanınmış nümayəndələri – Dr. Faruk Faik Köprülü və Dr. Ümit Köprülü qonaq olublar.
Qonaqlar Mərkəzin sədri, ədəbi tənqidçi Əsəd Cahangirlə ədəbi söhbət aparıblar. Söhbət zamanı Kərkük türkmən ədəbiyyatı, müasir ədəbi proseslər, Azərbaycan və İraq türkmən ədəbiyyatları arasındakı əlaqələr və ədəbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dr. Faruk Faik Köprülü 1953-cü ildə Kərkükün Altınköprü qəsəbəsində anadan olub. Bağdad Təhsil Fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsini bitirib. Uzun illər müəllim, məktəb direktoru, müfəttiş və Bağdad Təhsil Nazirliyində Türkmən dili üzrə baş direktor vəzifələrində çalışıb. Müqayisəli ədəbiyyat üzrə doktorluq dərəcəsi alıb.
Ədəbi fəaliyyətinə orta məktəb illərində başlayan Köprülü şeir, hoyrat, məqalə, tədqiqat, ədəbi tənqid və tərcümə sahələrində yaradıcılıqla məşğuldur. Əsərləri İraqla yanaşı, Azərbaycan, Türkiyə, Misir və digər ölkələrdə nəşr olunub. Müəllifin təqdim etdiyi məlumata görə, 63 əsəri çap olunub və ya nəşrə hazırlanır. Əsərləri arasında poeziya kitabları, elmi və ədəbi-tənqidi araşdırmalar, tərcümələr, eləcə də İraq türkmən ədəbiyyatına həsr olunmuş tədqiqatlar xüsusi yer tutur.
Dr. Ümit Köprülü 1962-ci ildə Kərkükün Altınköprü şəhərində anadan olub. Ədəbi yaradıcılığa 15 yaşında başlayan müəllif şeir, hekayə və məqalələr yazır. Əsərləri türk, ərəb və fin dillərində nəşr olunub.
1997-ci ildən Finlandiyada yaşayan Ümit Köprülü burada jurnalist və televiziya aparıcısı kimi fəaliyyət göstərib. 2000-ci ildə “Türkmenşanı” jurnalını təsis edib. Hazırda həmin il bir qrup ziyalı tərəfindən yaradılmış Türkmenşanı Media və Araşdırma Mərkəzinə rəhbərlik edir. Müxtəlif beynəlxalq ədəbi, mədəni və insan hüquqları təşkilatlarının Finlandiya üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Dr. Faruk Faik Köprülü və Dr. Ümit Köprülünün iştirakı ilə 9 oktyabr 2026-cı il saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına zalında ədəbi görüş keçiriləcək. Tədbir çərçivəsində müəlliflərin kitablarının təqdimatı da olacaq.
Yazıya 10 dəfə baxılıb










