(Milli Qəhrəman Əliyar Əliyevin həyat və döyüş yolu işıqlandırılır)
Bir dəqiqə sükut…, ay yolçu qardaş,
Burda eloğlumuz ər igid yatır.
Sayğı duruşuna dayanaq, getmə…,
Burda bir qəhrəman, bir şəhid yatır.
Sükutsuz ötüşmək, yan keçmək olmaz,
Hərtiz razı qalmaz, Səngər inciyər.
Azadlıq deməkdir şəhid ünvanı,
Onu yad etməsək vətən inciyər.
Bir dəqiqə sükut, ruhun zamanı,
Bu yerdə bu yurdun ər oğlu yatır.
Bir dəqiqə sükut…, ay yolçu qardaş,
Burda ədalət, haqq, doğru yatır.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəfli döyüşçü ömrü yaşadı.
YUSİF KİŞİNİN OĞLU
Qəzyanda doğulub, Əl(i)yar Əliyev,
Ölkədə tanınıb, ailə, kənd, ev.
Əl(i)yar ər oğluydu Yüsif kişinin,
Qulpundan tutardu hərdən işinin.
Boy atıb elinin alqışlariyla,
Tez- tez güləşərdi tay-tuşlarıyla.
Hərdən qarmon çalar, fərəhlənərdi,
Sevəni artdıqca şərəflənərdi.
Balıq da tutardu o Həkəridə…,
Üstündən keçərdi VAZ təķəri də…
Tutub, saxlayardı gedən maşını,
Bir yol tərpətməzdi qara qaşını.
Başında kərpici sındırıb hərdən,
Şöhrət qazanmışdı bu “nömrə”lərdən.
Çempion olmuşdu, qalib olmuşdu,
Peşəkar güləşdə yaşa dolmuşdu.
İdman ustaysıydı, tələbkar idi,
Uca zirvələrdə bərqərar idi.
Bəzən qeyzə gələr, təbi coşarmış,
Məzmunlu, dəyərli şeir qoşarmış:
“Dostumuzu düşmən sandıq,
Düşməni dost sana-sana.
Azadlıqdan çox danışdıq,
Fəqət qaldıq yana-yana.”
Neçə şagirdi var: çempion, usta…,
Təlimlər onları çevirdi dosta.
Bu birlik, bu dostluq rəğbət qazandı,
Dostluq, birlik varsa, ardı asandı.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəflə yaşadı, məğrur yaşadı.
DEPORTASIYA DALĞASI
Soyuq bir havaydı, sazaq əsirdi,
Yaza çox qalsa da, qış tələsirdi.
Yenə yayılmışdı Novruz sorağı,
Nərgiz tətiklədi qarı, torpağı.
Günəş buludlarla pəncələşirdi,
Hərdən bir yol tapıb, yerə düşürdü.
Buludlar udurdu şəfəqin, nurun,
Kölgəsi pozurdu Yerin huzurun.
Zülmətə büründü, bulud qaraldı,
Yer Günəşsiz qaldı, səbri daraldı.
Qışın buz nəfəsi kəsdikcə Yeri,
İnadla parladı gün şəfəqləri.
Belə bir qış günü xəbər yayıldı,
Bütöv Azərbaycan birdən ayıldı.
Dumanlandı başlar, qan tutdu gözlər,
Ürəklər kövrəldi, bozardı üzlər.
Yenə ayaq tutub erməni şəri,
Deportə edirlər “azəri”ləri.
Seyrçi qalıbdı o boyda dövlət,
Hanı sovet xalqı, hanı ədalət?!
Bitirib özünü sovet diyarı,
Haqlı çıxardırlar quldur hayları.
Camaat evindən düşübdü qaçqın,
Məzlumu “görmürlər”, qudurur azğın.
Tazını qurd bilib, məzlumu da ov,
Tamamən haylaşdı xallı Qarbaçov…
Yaman gurlayırdı arxalı köpək,
Hələ görməmişdi zopa, dəyənək.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəfli bir insan ömrü yaşadı.
TƏŞKILATLANMA
Gəldi Qubadliya bir köç karvanı,
Ürək dağlayırdı xalqın amanı.
Atası girov kim…, əri ölən kim…,
Yaralı çoxuydu…, baxırdı həkim.
Ətrafa yayırdı ana fəryadın,
Gücü tükəndikdə sustaldı qadın.
Hamı danışırdı “Zor”dan, “Bala”dan1,
Biz necə qurtulaq bu zor bəladan?!
Siqaret yandırıb, sümürürmüşlər,
Qadının döşündə söndürürmüşlər.
Öldürüb uşağın ata-anasın,
Çılpaq yola salıb, əzmin sınasın.
Görüb erməninin qansızlıgını,
Çarə arayırdı insan axını.
Yaman aciz qaldı məmləkətimiz,
Ayaqlara düşdü ləyaqətimiz.
İttifaq deyilmiş, sözmüş birliyi,
Sovet gözdən saldı “bərabər”liyi.
Rayon rəhbərləri loyal xətt tutdu,
Xalqın doğal ruhun, təhrin unutdu.
Çarə umurdular yuxarılardan,
Ayrı düşmüşdülər xalqdan, diyardan.
Qoy gözləsin onlar, qoy umsun onlar,
Hərəkətə keçdi gənclər, cavanlar.
Elin dar günündə oğul gərəkir,
Toxumu torpağa iş bilən əkir.
Yığıldı bu yurdun pəhləvanları,
Görmək istədilər başda Əl(i)yarı.
Əl(i)yarın tədbiri ilk təşəbbüsdü,
Başqa yol yoxuydu…, elə bu düzdü.
Nə evdə demişdi, nə də dostuna,
Məğrurluq yaraşır ər soyadına.
Yurdun oğulları təşkilatlandı,
İgidlər döyüşdə ad-san qazandı.
Qəzyanda doğuldu, Əl(i)yar Əliyev,
Ölkədə tanındı bu yurd, bu kənd, ev.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəfli döyüşçü ömrü yaşadı.
PƏHLƏVANLAR TABORU
Əl(i)yar az bir vaxtda çox məhşurlaşdı,
Kəşfiyyatçı kimi hər gün uğraşdı…
Torpaq, yurd davası oldu məramı,
Döyüş işi oldu, yuxu haramı.
Bu qanlı davadı…, silahlar dinir,
Göydən alov tökür, “ildırım” enir.
Döyüş oyun deyil, oyuncaq deyil,
Tüfənğdə qundaq var…, oduncaq deyil.
Yatmaq mümkün deyil döyüş zamanı,
Mərmilər tanımır yaxşı, yamanı.
Top-tüfəng bir uşaq balıncı deyil.
Döyüslər bir idman yarışı deyil.
Xocalı qırğını yayıldı elə,
Əl(i)yar dözəmməzdi, dözmədi elə.
Gorusun altını üstə çevirdi,
Qana qan istədi, qanla devirdi.
336 düşmən gəbərdi,
Erməni ilanı “ulduz”un gördü.
Əlyarın taboru məhşurlaşırdı,
Ad-sanı, şöhrəti yurdu aşırdı.
Üç gün matəm etdi erməni xalqı,
Əl(i)yarın ölümün istədi yağı.
Dağlar övladıdır Əl(i)yar Əliyev,
Ölkədə tanındı ailə, kənd, ev.
Bizim qəhrəmanın məşhurdur adı,
Şərəflə döyüşdü, məğrur yaşadı.
ƏL(İ)YARIN SİRRİ
92-ci il, payız günüydü,
Gündüz sənğər idi, gecə süngüydü.
Gündüzün sükutun mərmi pozurdu…,
Gecənin sükutu əsil huzurdu.
Bir gün zabitləri kombirq çağırdı,
Dedi ki,
“Vəziyyət bir az ağırdır.
Məlumat almısam bütöv cəbhədən,
Biz çıxa bilmirık hələ şübhədən.
Döyüş qurğuları gətirir düşmən,
Sərhəddə cəbhəyə ötürür düşmən.
Zirehli texnika, canlı qüvvələr…
Tarazlıq pozulur, artır şübhələr.
Düşmən güc toplayır hər bir tərəfdə,
Kəşfiyyata gedən olar tələf də…
Məlumatsız qalmaq, bu lap ayıbdır,
Sərhəd hər tərəfdən minalanıbdır.
Böyükdür təhlükə…, nəzərə alın…,
Hər bir variantı siz yada salın.
Şübhəylə iş olmaz…, siz də bilirsiz…,
Hansı qənaətə, fikrə gəlirsiz?
Onu da bilin ki, ciddidir mövzu,
Təqdir edəcəyəm uğurunuzu…”
Tələbin, istəyin bir-bir yetirdi,
Polkovnik Namazov sözün bitirdi.
Fikir bildirənlər durdu danışdı,
Fikir haçalandı, məzmun qarışdı.
Müxtəlif təkliflər verildi, amma
Sonda yox olurdu ilkin canlanma.
“Necə keçəcəksən minalı yerdə?
Minasız yer varmı bu həndəvərdə?”
Bir xeyli suallar cavabsız qaldı,
Müşküllər ortada…, gümansız haldı…
Gələnlər qayıtdı, dağılışdılar,
Sanki vəziyyətlə ta barışdılar.
Kombirqi üzürdü qərarsızlığı,
Müşkülə düşmüşdü sözün açığı.
Sanki üşüyurdü, kürkə büründü,
Birdən astanada, Əl(i)yar göründü.
“Buyur cənab mayor, buyur içəri.”-
Sualla doluydu qartal gözləri.
Göstərilən yerdə oturdu Əl(i)yar:
“Qərara gəlmişəm, bir planım var.
Sabah göndərərəm ilk məlumatı,
Özüm düşünmüşəm hər təminatı.
Sağ gəlsəm, deyəcəm etmişəm necə,
Gündüzmü getmişəm, yoxsa ki, gecə.
Qalsın aramızda, olsun sirrimiz,
Hesabatın verər sonra birimiz.
Bir xahişim də var, bir əsgər verin,
Etibarlı olsun, bilsin öz yerin.”
“Mən səni itirmək istəmirəm də,
Başqa birisindən gözləmirəm də.
Bunu kim bacarar Əl(i)yardan özgə,
Sizə arxalanır bü yurd, bu ölkə.
Üstündə yar olsun uca tanrımız.
Çözümə qovuşar intizarımız.”
Elə bil azaldı çiynindəki yük,
Amma qayğılandı, axı o böyük.
Hərbi təzim etdi qəhrəmanımız:
“Yurda fəda olsun şirin canımız.”
Əl(i)yar yön almışdı, getsin qabağa,
Bir ağırlıq çökdü, amma otağa.
İçindən gəlirdi, ürpəndi səsə,
“Onu yola saldın gedər-gəlməzə.”
Düşündü-daşındı biçarə kimi,
Qərara haqq verdi bir çarə kimi:
“Bu cür oğlu olan bu yurd basılmaz,
Bəlkə göndərməzdim… .
Yox, belə olmaz…
İnşallah, xəbərlə qayıdar geri,
Bilinər Əl(i)yarın xüsusi yeri.”
Kombirq düşünürdü, düzdür addımı:
“İnşallah, doğruldar etimadımı.”
Fikirləri qəti…, gözləri sərraf…
Hava işıqlandı, canlandı ətraf.
Bir az keçmişdi ki, şad xəbər gəldi,
Kombirqin əhvalı xeyli düzəldi.
Bütün məlumatlar qeydə alındı,
Qərarlar, tədbirlər işə salındı.
Arxada qalmışdı narahat günlər,
Aşkara çıxmışdı sirli düyünlər.
Əl(i)yar qayıtmışdı, ağır səfərdən,
Kombirq gözləyirdi yolun səhərdən.
İsti görüşdülər Nüsrətlə Əl(i)yar,
Kaş belə bitəydi hər bir intizar.
Birbaş keçid etdi kombirq mətləbə:
“Minamı yox idi, hansı səbəbə?!
Elə hey düşündüm sən gedən gündən,
Yoxsa mina qorxub, qaçıbdı səndən?!
Sənə arxa imiş ya pərvərdigar.”
Bu isti sözlərdən yayındı Əl(i)yar:
“Cənab polkovnikim, qoy əsgər gəlsin,
Görüb, necə olub, özü söyləsin.”
Toran əl edirdi ötən gündüzə,
Əsgər də gəlmişdı, başladı sözə:
“Söz vaxtına çəkər, Günəş aşırdı,
Hava yavaş-yavaş toranlaşırdı.
Piyada gedirdik Həkəri boyu,
Hərdən parlayırdı köpüklü suyu.
Minalı yerlərə çatıb, dayandı,
Ətrafdakı quşlar qəfil oyandı.
Məndən geri aldı meşin zənbili,
Nəfəsimi dərdim, aldım təsəlli.
Açdı içindəkin boyu uzunu,
Geyindi rezindən kombinizonu.
Orada basdırıb çəkmələrini,
Bağladı əynində düymələrini.
Elə bilirdim ki, mən də gedəcəm,
Hərdən komandirə kömək edəcəm.
Mənimlə şərt kəsdi, gedirsən evə,
Bir həftə get dincəl, gəz sevə-sevə.
Bir kimsə duymasın bunu bir həftə,
Bir həftə görünmə tabor tərəfdə.
Çayın içi ilə gedirdi…, gördüm,
Qaranlıq düşürdü, geriyə döndüm.
Bildiklərim budur, cənab komandir,
Bu qalıq paltarlar, bu məktub da bir.
Demişdi kombirqə verərsən yalnız.”
- “Öpüşə layiqdir Sizin alnınız.
Bu bir sirrimizdir biz üçümüzün,
Sirri olmalıdır hər gücümüzün.
Taboruna qayıt, azadsan əsgər,
Təşəkkür qazandın, bir də xoş nəzər.”
Burdaca yönəldi Əlyara sarı,
Onu sıxcaladı güclü qolları:
“Bu elə lütfüdür, elə qədərdi,
Bir sənin ağlına gələ bilərdi.
Halaldır ananın südü-çorəyi,
Sən bu yurdumuzun fəxri, örnəyi.”
Şakəri…,
qısda da o tor atardı,
Kombinizon geyib balıq tutardı.
İndi dəyişibdi “balıqlarını”,
Kəşfiyyata geyir “çarıqlarını”.
Kambirqin içində bir işıq yandı,
Baxışı, duruşu nura boyandı.
Alnından düşmüşdü düyünlü qırış,
Içini süslədi mərhəmət, alqış.
Döyüşən taborun beyin mərkəzi,
Sevdirdi özünü, sevdi hər kəsi.
Onun fərqli yönü cəsarətiydi,
Döyüş bacarığı, məharətiydi.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəfli döyüşçü ömrü yaşadı.
BƏBİR OLAMMADI
92-ci il, aprel ayında,
16-cı gündü, təqvim sayında.
Azğın “Qara Bəbir” ləqəbli Karlen,-
Məlumat vermişdi Goruslu “barmen”,-
istəyir təxribat etsin kəndlərdə,
50 döyüşçüylə çıxıb, səfərdə.”
Əl(i)yar məlumatı səhih almışdı,
Kəşfiyyat dəstəsin yola salmışdı.
Terrorçular gəldi… Əl(i)yar hazırdı,
Səngərdə Karlenə “qəbir” qazırdı.
Pusquya pusquyla tədbir töküldü,
Gizlilik birə bir, içdən söküldü.
Karlenlə birlikdə 10-11 əsgər,
Pusqu qurmaq üçün gəzdilər vər-vər.
Laləzar körpüsün dalda bildilər,
Körpünün altına “gizlin” girdilər.
Sərrast atışlara şahidəm mən də,
Mən də işdə idim, “Yol kəsişən”də.
Qəsəbə salırdıq, evlər tikirdik,
Yerimiz qəlbiydi, biz də görürdük.
Sərrast atırdılar bizim igidlər,
Qurtula bilməzdi bir düşmən əsgər.
Karlenin meyidi “QAZİK” maşında,
Gəzdilər şəhərin o, bu başında.
Sonra meyidləri geri verdilər,
Əsir düşənlərlə dəyişdirdilər.
“Bəbir” olammadı Karlen beləcə,
Çox tez unuduldu, gəlmədi vecə.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəflə döyüşdü, məğrur yaşadı.
VERTALYOT HÜCUMU
Doğsan ikinci il, 24 iyun,
Ermənistan qurub yeni bir oyun.
Rayon mərkəzini vurmaqmış qəsdi,
Başa çatammadı düşmən məqsədi.
Üç vertolyot qalxdı Gorus tərəfdə,
Amma bilmirdilər onlar hədəfdə.
Üçü də vuruldu açıq səmada,
Bunlar gözləmirmış olar tələf də.
Fikir verən kimdir, dözə hədəyə,
Mən də şahid oldum bu hadisəyə.
Tüstülənən biri qayıtdı geri,
Biri də çırpıldı, dağıtdı yeri.
Biri qaçammadı, əsir alındı,
Vertolyot orduda qeydə salındı.
Birin gətirdilər düz Qübadlıya,
Bunu Ermənistan çətin anlaya.
Onu qaldırdilar dayağın üstə,
Baxan çox olurdu “təyyarə büstə”.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəflə döyüşdü, məğrur yaşadı.
ŞURNUXU ƏMƏLIYYATI
Şurnuxu kəndində tora saldılar,
İyirmi erməni əsir aldılar.
Dəyişildi girov düşənlərimiz,
Comərd davrandılar ərənlərimiz.
“Başarat”, “Susuz dağ”, “Suarası”nda
Seçilib, fərqləndi mərd davasında.
Laçın ellərinin gördü rəğbətin,
Birə beş artırdı şanın, şöhrətin.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəflə döyüşdü, məğrur yaşadı.
“TIKANLI ZƏMİ” YÜKSƏKLİYİ
Payız günləriydi 92-nin,
Önündə döyüşdü 40 könüllünün.
4 günə çoxlu kənd azad etdilər,
Qırıq könülləri abad etdilər.
Bu elin gözündə ümid parladı,
Onu duz-çorəklə el ağırladı.
Dağlar arxa idi dağlar oğluna,
Dağlar dözməliymış dağ yoxluğuna.
Qara bir tarixdir oktyabrın üçü,
Fələyə çatmayır insanın gücü.
Kədərə büründü Qubadlı, Laçın,
Kədərə büründü Göyçəli qaçqın.
Laçının dağları şahid oldular,
“Tikanlı zəmi”də şəhid oldular:
Əl(i)yarla sürücü Əlisadət,
Rəhmət diləyirik, Allahım, rəhmət.
Sən ey vətənimin cəsur övladı,
Gözlər qan-yaş tökdü, içim sızladı.
Yenə alovlandı qisasım, kinim,
Qanın yerdə qalmaz, buna əminim.
Yer lərzəyə gəldi, göylər kişnədi,
Intiqam duyğusu qana teşnədi.
El yığıldı yola salsın övladın,
Sənə halal olsun ər doğan qadın.
Bu el, bu yurd fəryad çəkib ağladı,
Bütün Azərbaycan matəm saxladı.
Bulud qan-yaş tökdü, göylər kişnədi,
“Qəzyan”a yığışdı hər kəs…, iş nədi.
Ey Azərbaycanımın igid övladı,
Adın birləşdirdi doğmanı, yadı.
Itkin ağır oldu, yıxıldı millət,
Bir bayraq altında yığıldı millət.
Ruhunuz şad olsun, yeriniz cənnət
Rəhmət diləyirik, Allahdan rəhmət.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Qəhrəman doğuldu, ər tək yaşadı.
QİSAS ALDILAR
Topağac, Başarat yüksəkliyində,
Nəfəslər tıncıxdı qisas səyində.
Pəhləvan taboru hərb havasında,
Döyüşə girdilər haqq davasında.
Haya qan uddurub, qisas aldılar,
Əl(i)yarın varlığın yada saldılar.
Əl(i)yar öz kəndində dəfn edilmişdir,
Haqqında poema dərc edilmişdir.
Ölümündən sonra təltif olundu,
Sən ey qəhrəmanım, yolun yolumdu.
Milli Qəhrəmanın ruhu çox şaddır,
Canından keçdiyi torpaq azaddır.
Pəhləvan taboru xatırlanacaq,
Əl(i)yar bir məşəldir, daim yanacaq.
Hər il yad edirlər qazi dostları,
Heç vaxt unutmurlar onlar Əl(i)yarı.
Adların yazıram mən də buraya,
Oxuyub durarlar hərbi sıraya.
Günəş yenə batıb, yenə doğacaq,
Çaylar hərdən daşıb, bulaq axacaq.
Özümüzdə olsun ixtiyarımız,
Yenə doğulacaq Əlyarlarımız.
*****
Bir dəqiqə sükut…, ay yolçu qardaş,
Burda eloğlumuz ər igid yatır.
Sayğı duruşuna dayanaq, getmə…,
Burda bir qəhrəman, bir şəhid yatır.
Əl(i)yar Əliyevin məşhurdur adı,
Şərəfli döyüşçü ömrü yaşadı.
PƏHLƏVANLAR TABORU:
Əliyar Əliyev -milli qəhrəman, 03.10.1992-ci ildə şəhid olub;
Sadiq Paşayev- Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik;
Əlisadət Ağayev- komandirin sürücüsü olub, 03.10.1992- ci ildə
komandiri ilə birlikdə şəhid olub;
İmamverdi Dadaşov – Qarabağ qazisi, II qrup əlil, müharibə veteranı;
Füzuli Həsənov – Qarabağ qazisi, II qrup,əlil, Qarabağ müharibəsi veteranı;
Vüqar Cavadoğlu – Qrabağ qazisi, “kürd” talış deyirmişlər, dzyudoist,
idman ustalığına namizəd, Astaralı(təsadüf görüş zamanı
özündən eşitmişəm,.);
Ağaverdi Zəngəzurlu
Yazıya 13 dəfə baxılıb










