Zahid İsmayılov – Gəncədən gələn redaktor

1980-ci illərin əvvəlləri idi. Mənim “İşıq” qəzetində yazılarım təzə-təzə cap olunurdu.Hərdən redaksiyaya gələndə redaksiyanın qapısı qarşısında onunla qarşılaşırdım.

Qəzetin redaktoru Zahid İsmayılov çox ciddi adam idi. Ağır hərəkət edirdi. Sakit danışır, ciddi və nüfuzlu baxışları ilə diqqəti cəlb edirdi. Onun yanında hamı istər-istəməz özünü daha məsuliyyətli aparırdı.

Zahid müəllim bəzi hallarda ştatdankənar müxbirləri redaksiyaya çağırır, onlarla söhbət edir, yazı hazırlamaqla bağlı tapşırıqlar verirdi. Onun jurnalistikaya münasibətini göstərən bir tövsiyəsi xüsusilə yaddaşımda qalıb.

Deyirdi ki, məsələn, bir avtobaza sürücüsü yolda sizi maşınına götürürsə, həmin adam haqqında dərhal yazı hazırlamaq lazım deyil. Gedin həmin müəssisəyə, rəhbərliklə danışın, kollektivin fikrini öyrənin, sonra yazınızı hazırlayın. Bir şəxs sizi çaya qonaq etdisə gedib dərhal  ondan yazmayın. Öyrənin görün necə işçidir. Zahid müəllim bu sözləri təsadüfən demirdi. Ştatdankənar müxbirlərin davranışı haqda ona məlumat verirdilər.Eşidirdi ki belə hallar olur. O da sözünü deyirdi.Həmin adama işarə edirdi ki, özünü yığışdır.Ağlını başına yığ.

Zahid müəllim həmişə faktların dəqiq yoxlanılmasını tələb edirdi. Onun üçün jurnalist bir nəfərin dediyi sözə əsaslanaraq yazı hazırlamamalı, hadisəni araşdırmalı, müxtəlif insanlarla danışmalı və həqiqəti öyrənməli idi.

Sonralar onun bu tövsiyəsinin nə qədər doğru olduğunu öz təcrübəmdə də gördüm.

Bir dəfə bir idmançı haqqında məqalə yazmışdım. Yazı qəzetdə dərc olundu. Bir gün yolda o vaxt idman idarəsinin müdiri V. Cəfərov və əməkdar məşqçi  İ. Həşimovla rastlaşdım. Onlar əsəbi halda mənə bildirdilər ki, yazıda səhv gedib, bəzi faktlar həqiqətə uyğun deyil.

Mən dedim:

— Mən götürdüyüm faktları necə deyilirsə, elə də yazmışam.

Onlar bildirdilər ki, bu dəqiqə redaksiyaya, Zahid müəllimin yanına gedəcəklər.

Mən də cavab verdim:

— Gedin. Mən də gəlirəm. Əgər səhv etmişəmsə, cavabdehlik daşımağa hazıram.

Redaksiyaya gəldik. İdman idarəsinin müdiri V. Cəfərov əməkdar məşqçi İ. Həşimov və mən Zahid müəllimin otağına gəldik. Mən məsələnin necə baş verdiyini danışdım və təklif etdim ki, yazının əlyazması gətirilsin.

Şöbə müdiri Vaqif Abbasov gəldi. Yazı onun şöbəsindən keçmişdi. Zahid müəllim Vaqif müəllimə yazının əlyazmasını gətirməyi tapşırdı.

Sonra mənə dedi ki, koridorda gözləyim, lazım olanda çağıracaqlar.Deyəsən Zahid müəllim əməkdaşların mənim yanımda pərt olmalarını istəmirdi.Səhvlərinin ola biləcəyi təqdirdə iradlarını onlara təklikdə demək istəyirdi.

Bir qədər sonra şöbənin əməkdaşı Tofiq Hüseynov da redaktorun kabinetinə çağırıldı. İçəridə böyük mübahisə gedirdi. Zahid müəllimin  acıqlı danışıq səsi dəhlizdən eşidilirdi.

Bir qədər sonra kabinetdə olanlar bir-bir otağı tərk etdilər.

Məlum oldu ki, mən faktları düzgün yazmışam. Yanlışlıq yazının üzərində redaktə işi aparılarkən baş verib. Tofiq Hüseynov yazının yaxşı çıxmasını istəyib, lakin redaktə zamanı bəzi faktlarda yanlışlığa yol verilib.

Tofiq müəllim əməlli-başlı pərt olmuşdu. Vaqif Abbasov isə dəhlizdə mənə baxıb dedi:

— Sən get. Sənin səhvin deyil. Yazı redaktə olunanda yanlışlıq olub. Yazının üstündə Tofiq işləyib.

Bu hadisə mənə Zahid müəllimin başqa bir xüsusiyyətini göstərdi. O, məsələni araşdırmadan heç kim haqqında hökm vermirdi. Əvvəlcə əlyazmanı tələb etdi, yazının necə hazırlandığını araşdırdı, sonra nəticəyə gəldi. Onun üçün əsas məsələ günahkar tapmaq yox, həqiqəti müəyyənləşdirmək idi. Həm də o işçilərin yaşca onlardan xeyli kiçik olan mənim qarşımda pərt etmək istəmirdi.

Bir dəfə də redaksiyaya yazı gətirəndə dəhlizdə Zahid müəllimlə rastlaşdım. O, asta addımlarla qapıya tərəf gedirdi. Salamlaşdım. Sonra məktublar şöbəsinə tərəf dönmək istəyəndə Zahid müəllim mənimlə danışdı:

— Sən sənaye şöbəsinə niyə yazı hazırlamırsan?

Bilmədim nə cavab verim.

O, sözünə davam etdi:

— Sənaye şöbəsi ilə də əlaqə saxla. Orada Nəmidə xanım işləyir. Ona yaxınlaş. Yazıların müxtəlif mövzularda olsun. Həm də onların da yazıya ehtiyacı var.

Növbəti dəfə sənaye şöbəsinə getdim. Mənə Qazıməmməd rayonundakı xalça sexində yazı hazırlamaq tapşırığı verildi. Tapşırığı uğurla yerinə yetirdim.

Nəmidə xanım mənim yazılarımı bəyənirdi. Onun yazılarıma münasibəti mənə də stimul verirdi. Bundan sonra Zahid müəllimin mənə qarşı münasibətinin daha yaxşı olduğunu hiss etdim.

Bu hadisə də göstərirdi ki, Zahid müəllim bizim hansı mövzularda yazmamıza da diqqət yetirirdi. Müxbirin imkanlarını görür, onu yeni mövzulara yönəldirdi.

Zahid müəllim bizə bir şeyi dönə-dönə aşılayırdı: faktları dəqiq yoxlamaq lazımdır.

Bu, sadə bir tövsiyə kimi səslənsə də, əslində jurnalist peşəsinin ən vacib prinsiplərindən biri idi. Hadisəni yerində görmək, insanlarla danışmaq, müxtəlif fikirləri öyrənmək və yalnız bundan sonra yazmaq — onun bizə öyrətdiyi jurnalistlik məktəbinin əsas qaydaları idi.

Mən həmin illərdə Zahid müəllimin bu tövsiyələrindən çox şey öyrəndim. Onun olduqca zəngin  jurnalist təcrübəsi olduğu aydın hiss olunurdu. Redaksiyamızın jurnalistlərinin söhbətlərindən  eşitmişdim  ki,  Zahid müəllim  Əli Bayramlıya gəlməmişdən əvvəl uzun illər  Gəncə şəhərində “Kirovobad kommunisti ” qəzetinin redaktoru olub. Gəncədən Əli Bayramlıya  “İşiq” qəzetinə redaktor göndərilib.
1988-ci ildə Zahid müəllim “İşıq” qəzetinin redaksiyasını və şəhərimizi tərk etdi. O, qəzetə 12 il rəhbərlik etmişdi. Bu dövr “İşıq” qəzetinin həyatında uzun və mühüm bir mərhələ idi.

Əslən Kəlbəcər rayonundan olan Zahid müəllim həmin il Kəlbəcərdə məsul vəzifəyə təyin olundu. Əvvəlcə rayon İcraiyyə Komitəsində şöbə müdiri kimi fəaliyyət göstərdi. Bir müddət sonra isə Kəlbəcər rayonunun birinci katibi vəzifəsini tutdu.1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinə deputat seçildi.

Lakin onun Kəlbəcərdəki həyatı heç də asan olmadı. Həmin illərdə bölgədə ermənilərlə gərginliklər getdikcə artırdı. Rayon rəhbəri kimi belə mürəkkəb bir dövrdə işləmək böyük məsuliyyət tələb edirdi. Bir yandan da Zahid müəllimin həyat yoldaşı 1989-cu ildə erməni güəlləsinə tuş gəldi. Həyatını  erkən itirdi.Həyat yoldaşının faciəvi həyatdan getməsi onu sarsıtdı.

Zahid müəllimin bu hadisədən sonra ömrü çox uzun olmadı. 1991-ci ildə ürək çatışmazlığından dünyasını dəyişdi. Onun cəmi 55 yaşı var idi. Az yaşasa da çox işlər gördü.

Onun ölüm xəbərini eşidəndə “İşıq” qəzetinin redaksiyasında keçirdiyim illər, dəhlizdə asta addımlarla gedən Zahid müəllim, onun ciddi siması və ağır baxışları yadıma düşdü.

İllər keçsə də, onun mənə dediyi sözlər yaddaşımdan silinməyib:

Faktları yoxla. Hadisəni araşdır. Müxtəlif insanların fikrini öyrən. Sonra yaz.

Bu sözlər mənim üçün sadəcə redaktor tapşırığı deyildi. Bu, jurnalist peşəsinə münasibətin ifadəsi idi.

Zahid İsmayılov mənim yaddaşımda ilk növbədə ciddi, tələbkar və ədalətli redaktor kimi qalıb. O, jurnalistə yol göstərən, onun səhvindən nəticə çıxarmasına kömək edən, yaxşı tərəflərini görüb daha çox çalışmağa həvəsləndirən bir redaktor idi.

Bu gün geriyə baxanda düşünürəm ki, onun redaksiyada dediyi həmin sadə cümlələr mənim jurnalistlik yolumda öz izini qoyub.

Zahid müəllim həyatda yoxdur. Amma onun redaktorluq məktəbindən öyrəndiyim bir prinsip bu gün də mənim üçün dəyişməz olaraq qalır:–Faktları yoxla .Müxtəlif adamların fikirlərini öyrən sonra yaz.

Feyruz Muradov.  5 okyabr 2026

Müəllifin “Sirvan jurnalistləri-Hərənin bir taleyi” kitabından

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.