12 may 2026-cı il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Pəri Məclisinin qurucularından biri, Gürcüstanın “Şöhrət” ordeni ilə təltif olunmuş tanınmış şair Səadət Butanın 75 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Borçalı” Cəmiyyətinin sədri Ramiz Həsənov yubilyarın Borçalı mühitindəki fəaliyyəti, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verdiyi töhfələr barədə geniş məlumat verib. O, Səadət Butanı yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Daha sonra tədbiri aparmaq üçün söz Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Qaraçaylıya verilib.
Vəli Qaraçaylı çıxışında Səadət Butanın zəngin yaradıcılıq yolundan, poeziyasının milli ruhundan, saz-söz ənənələrinə bağlılığından bəhs etdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə verib. Natiq Səadət Butanın yaradıcılığı, Azərbaycan poeziyasındakı özünəməxsus yeri və ədəbi fəaliyyəti barədə fikirlərini bölüşdükdən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın imzası ilə hazırlanmış fəxri diplomu yubilyara təqdim edib.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Professor Hüseyn Artıkoğlu, yazıçı-publisist Elşad Həsənov, Aşıq Ələsgər Ocağının rəhbəri Xətai Ələsgərli, şairlər Şərafəddin İlkin, Ziyadxan Budaq, Qulu Xaləddinoğlu, Güllü Eldar Tomarlı, Zöhrə Xəlil, Cəvahir Qaraqızı və digər ziyalılar Səadət Butanın Azərbaycan poeziyasında xüsusi yeri olduğunu qeyd edərək onu yubiley münasibətilə təbrik ediblər. Çıxışlarda şairənin yaradıcılığında Borçalı ruhunun, el sənətinin, milli-mənəvi dəyərlərin mühüm yer tutduğu vurğulanıb.
Yubiley tədbiri zəngin musiqi proqramı ilə davam edib. Aşıqlar – Gülarə Azaflı, Ramin Qarayev, Şaiq Qazaxlı, Gözəl Kəlbəcərli, Dərya Qarabağlı eləcə də müğənnilər Marat Darvazlı, Rəşid Hüseynli və başqaları Səadət Butanın sözlərinə bəstələnmiş mahnıları və el havalarını ifa ediblər. İfa olunan musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda Abbas Məmmədoğlu ailə adından çıxış edərək nənəsi Səadət Butanın 75 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə tədbirin təşkilatçılarına, iştirak edən ziyalılara, qonaqlara və sənət adamlarına dərin minnətdarlığını bildirib. Yubilyar da eyni zamanda çıxış edərək göstərilən diqqət və ehtiramın onu duyğulandırdığını qeyd edərək, Azərbaycan ədəbiyyatına və saz-söz sənətinə xidmət etməyin onun üçün ən böyük xoşbəxtlik olduğunu vurğulayıb.
Sazlı-sözlü, yüksək mənəvi ovqatda keçən yubiley tədbiri xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.
Yazıya 15 dəfə baxılıb










