Əsgəri sındırmaq… – Brilyant Ramazanqızı yazır

Hərbçi deyiləm. Hərbi qanunları, vəzifəli şəxslərin öhdəliklərini və təlim-tərbiyə qaydalarını da dərindən bilmirəm. Amma pedaqoq kimi gördüklərimə və eşitdiklərimə münasibət bildirmək istəyirəm. Əminəm ki, pedaqoqların və psixoloqların böyük əksəriyyəti mənimlə razılaşacaq.

Xəstəxanada növbə gözləyirdim. İki gənc əsgərin həddindən artıq əhvalsız, əzgin və qorxaq görkəmi diqqətimi çəkdi. Üzlərindən onların yeni xidmətə başlamış olduqları açıq-aydın hiss olunurdu. Çox çəkingən, zəif səslə təxminən 30 yaşlarında olan tabeliyindəki hərbçidən nəsə soruşurdular. Həmin hərbçi isə özünü əsgərlərin “Allahı” kimi aparır, əsgərlərə bir yana, ətrafdakı insanlara da etinasız və təkəbbürlü davranaraq telefonla danışırdı.

O, bir anlıq telefondan ayrılıb ətrafa baxanda, əsgərlərdən biri bu fürsətdən istifadə edərək yenə çox sakit və qorxaq səslə sual verdi. Hərbçi isə ictimai məkanda olduğunu belə nəzərə almadan, ətrafdakılara özünü “böyük adam” kimi göstərməyə çalışaraq əsgərin üstünə qışqırmağa başladı:
— Görmürsən, telefonla danışıram?!

Əsgərlərin reaksiyası sanki 2 yaşlı uşağın böyüyün qışqırığı qarşısında çaşqın qalmasına bənzəyirdi. Mən dözməyib səsimi qaldırdım:
— Niyə qışqırırsan?! Sənə kim ixtiyar verib ki, əsgərə qışqırasan?!

O, soyuqqanlı cavab verdi:
— Bunlar mənim tabeliyimdədir.

Bu cavab məni daha da qəzəbləndirdi:
— Mənə nə?! Hansı hüquqla, hansı ixtiyarla kiməsə qışqırırsan?!

Kənarda dayanan yaşlı bir qadın mübahisənin böyüməsini hiss edərək söhbətə qarışdı:
— Düz deyir, a bala. Yazıq uşaqlara niyə qışqırırsan? Qadan alım, mülayim danış!

Hərbçi heç kimə baxmadan xəstəxananı tərk etdi.

Eşitdiklərimizdən də məlumdur ki, orduda tez-tez “əsgəri sındırmaq” anlayışı işlədilir. Amma düşünməliyik: əsgəri sındırmaqla düşməni zəiflədirik, yoxsa özümüzü? Axı Vətən həmin əsgərlərin çiynində dayanır!

Dəyərli pedaqoqlar və psixoloqlar! Qorxaq körpəyə çevrilən, mənliyi alçaldılan insan kiminsə, xüsusilə də Vətənin işinə yararlı ola bilərmi? Vətən üçün faydalı olan əsgər — özgüvəni olan, sözünü deməyi bacaran, ləyaqətini qoruyan gəncdir. İgid yetişdirmək beləmi olmalıdır? Müəllimlərin illərlə vətənpərvər böyütdüyü oğullar əsgərlikdə niyə bu hisslərinə görə təəssüf etməlidirlər?..

Yazıya 19 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.