15 oktyabr 2025-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında “Kultur.az” internet portalının təşkilatçılığı ilə tanınmış şair Musa Ələkbərlinin 75 illik yubileyi qeyd olundu.
Yubiley gecəsi İradə Aytelin hazırladığı, Musa Ələkbərlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Videoçarxda şairin tərcümeyi-halı səsləndirildi, o, öz şeirlərindən nümunələr söylədi, həmçinin sözlərinə yazılmış mahnılardan fraqmentlər təqdim olundu. Bu mahnılar arasında Zeynəb Xanlarova və Flora Kərimovanın ifasında səslənən əsərlər tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı.
Tədbiri AYB sədrinin müavini Rəşad Məcid açaraq, şairi yubileyi münasibətilə Yazıçılar Birliyi adından təbrik etdi və onun yaradıcılığı haqqında əhatəli məlumat verdi.
Tədbirin aparıcısı akademik Nizami Cəfərov giriş sözü ilə M.Ələkbərlinin poeziyası haqqında məruzə edərək, çağdaş ədəbiyyatımızda onun məxsus olduğu yeri dəyərləndirdi. Sonra o, iştirakçılara söz verdi. Akademik Şahbaz Muradov, Tibb elmləri doktoru Rəşid Mahmudov, professor Qəzənfər Paşayev, yazıçı Seyran Səxavət, şair Avdı Qoşqar, şair-tədqiqatçılardan İslam Sadıq, Adil Cəmil, Tovuz rayon Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, Əməkdar artist Ağalar Bayramov, Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov, Ədalət Partiyasının sədri Mütəllim Rəhimli, şair Sərvaz Hüseynoğlu, şair Ramiz Qusarçaylı, yazıçı-şair İradə Aytel, Musa Ələkbərlinin oğlu Eltac Ələkbərli, Fizuli Kərimov, Ramiz Sadıxov, eləcə də digər elm və sənət adamları yubilyar haqqında ürək sözlərini bəyan etdilər.
Milli Məclisin eksperti, şair Əkbər Qoşalı parlamentin komitə sədri Fazil Mustafanın Musa Ələkbərliyə ünvanlanmış təbrik məktubunu oxudu, rəssam Brilyant Ramazanqızı çəkdiyi portreti yubilyara təqdim etdi.
Gədəbəy aşıqlar qrupunun və tanınmış aşıqların iştirakı ilə maraqlı konsert proqramı dinləyicilərin ruhuna mənəvi qida verdi.
Sonda söz yubilyara verildi. 75 yaşı tamam olan Musa Ələkbərli gələn qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirməklə, yeni bir şeirini auditoriyanın diqqətinə çatdırdı.
Tədbirin sonunda yubilyarla xatirə fotoları çəkildi.
Fotoların müəllifi: Bayram Afurcalı
Yazıya 51 dəfə baxılıb