İsa İsayevlə ilk tanışlığım 1970-ci illərə təsadüf etdi.O zamanlar rayonda çıxan “Həqiqət” qəzeti redaksiyası nəzdində,ayda bir dəfə H.Bozalüanlı adına ədəbi dərnək fəaliyyət göstərirdi,İsa müəllim də həmin birliyin rəhbəri idi.
Müəllim haqqında bir şeir yazmışdım,həmin şeiri oxuyanda qəzetin redaktoru M.Musayevin kəskin tənqidi ilə rastlaşdım,lakin İsa müəllim mənim birinci dəfə dərnəyə gəldiyimi,şeirdə ümidverici məqamlar olduğunu əsaslandırıb,bir bəndin çap olunmasına nail oldu,7-ci sinifdə oxuyan bir kənd uşağı üçün bu çox böyük sevinc ,qələbə idi.
Arzularım açdı qanad,
Sevincimdən gözüm doldu.
Ən böyük məktəbim həyat
İlk müəllimim,atam oldu.
Növbəti dərnəkdə “Qarğa və bülbül” adlı bir təmsillə dərnəyə gəldim,qızğın müzakirələrdən sonra,rəhmətlik Telman Tovuzlunun tə’kidi ilə həmin yazı qəzetdə dərc edildi.
Bunları yazmaqda məqsədim odur ki,o zamanlar dəstək olmasa “Həqiqət” qəzetində hər adamın çap oluna bilməzdi və bu dərnək də senzuradan keçən yazılar respublikada dövrü mətbuatda maneəsiz çap olunurdu.
Növbəti dəfə “Şərafət” adlı bir hekayə göndərdim redaksiyaya,bu yazı da çap olundu və Musa müəllim dedi ki,a dəli beləcə davam elə.”Dəli” sözündən incisəm də,sonralar başa düşdüm ki,Musa müəllim bu sözü qoçaq mə’nasında deyirmiş…
(“Hər kənddən bir dəli,Əsrikdən kim əlinə keçsə”
Musa Musayev)
Allah dünyasını dəyişənlərin hər birinə rəhmət eləsin,adını çəkdiyim bu üç nəfər mənim yaradıcılığımda rolu böyük oldu,lakin İsa müəllimin bir gözü həmişə üstümdə oldu.
İnsan öləndən sonra,unudulursa demək yaşamır,yox olmuş kimidir…
İsa müəllim dünyasını dəyişdi…Bu dünyadan,o dünyaya köç etdi…
O, yaşayır və yaşayacaq.Rəhmətlik M.Azaflı deyirdi ki,İsa müəllim şeirimizin peyğəmbəridir.
İsa müəllimin qalaq-qalaq kitabları çıxmasa belə,təkcə “Tovuza gəlsin” şeiri dünya durduqca duracaq və İsa müəllim yaşayacaq.Rəhmətlik deyirdi ki,həmin şeir dövrü mətbuatda çap olunandan sonra,S.Rüstəm də,həmin şeirin mayasından üyüşən “Azərbaycana gəlsin” şeirini yazıb…
İsa müəllimlə bağlı xatirələr çoxdur.Bir dəfə Qazaxda ədəbiyyat muzeyində bir görüş var idi.M.Alıyev,M.Rasimoğlu,İsa müəllim və mən AYB-nin üzvləri kimi də’vətli idik.QazaxRİH-nin də qatıldığı bu tədbirdə hərə bir şeir oxudu.Mən sonda “Ana” adlı şeir dedim,həmin şeir alqışlarla və göz yaşları ilə qarşılandı.(Həmin şeir R.Çıraqlını da duyğulandırıb)
Nə isə tədbirdən çıxdıq,Ağsafaya çatanda İsa müəllim maşını saxlatdırdı,yerə düşdük,alnımdan öpdü,dedi ki,sənin şeir olmasa biz burdan məğlub durumda gedəcəkdik…
Rəhmətliyin çox təmiz ürəyi var idi.Səhv etmirəmsə 2018-ci ildə Qovlar şəhərində dövlət tədbiri keçirilirdi.Bakıdan və Türkiyədən,bölgələrdən nümayəndələr var idi.Hər kəs ön cərgələrə can atırdı.İsa müəllimlə keçib arxa sıraların birində əyləşdik.Tədbir başlayanda birinci sırada əyləşənləri qaldırıb arxaya keçirdilər,Türkiyədən gələn qonaqları yerləşdirmək üçün.
İsa müəllim xəfifcə gülümsədi.Tədbirdə iştirak edən MM-n deputatı rəhmətlik Qənirə xanım fəxri kürsüdən baxdı ki,İsa müəllim arxada əyləşib.
Qənirə xanım ayağa qalxıb — İsa müəllim Siz niyə arxa sırada əyləşmisiniz — deyə hayqırdı və xahiş etdi ki, İsa müəllim ön sıraya keçin.
İsa müəllim təşəkkür edib bildirdi ki,biz iki nəfərik…
Ön sırada bizə yer ayırdılar…
Allah ona qəni-qəni rəhmət eləsin.Özünün və sözünün yerini bilən adam idi.
Maarif Həsənoğlu.AYB-nin üzvü,şair-publisist.14.09.25
Yazıya 31 dəfə baxılıb









