QONDARMA İMZA VƏ HƏQİQİ DƏYƏRLƏR – İradə AYTEL yazır

“Əgər məqalənin birgə müəlliflərinin kişiliyi olsaydı, öz adları ilə çıxış edərdilər”.

İradə Aytel

 

Son günlərdə təsadüfən qarşıma çıxan, müəllifi mənə naməlum olan bir saytda dərc edilmiş “Qartımış ürək və ya sarsaqlığın anatomiyası” adlı yazı diqqətimi çəkdi. Təəssüf ki, həmin mətn sağlam tənqidi yanaşmadan uzaq, daha çox əsassız iddialar və təhqiramiz ifadələrlə zəngin idi. Yazıda Azərbaycan ziyalısı ümumiləşdirilmiş şəkildə hədəfə alınır, xüsusilə də milli ədəbiyyatımızın dünyada tanınmasında mühüm rol oynamış yazıçı Anar haqqında qeyri-obyektiv mülahizələr irəli sürülürdü.

Müəllifin əsas tezisi Anar müəllimin Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən getməli olduğu fikri üzərində qurulub. Lakin bu mövqedə diqqət çəkən məqam tənqid yox, məhz emosional və təhqiramiz ritorikanın üstünlük təşkil etməsidir. Halbuki ədəbi tənqid, ilk növbədə, faktlara, məntiqə və etik çərçivəyə əsaslanmalıdır.

Qeyd etmək lazımdır ki, Anar Rzayevin ədəbiyyatdakı mövqeyi hər hansı inzibati vəzifə ilə ölçülə bilməz. Onun əsas və dəyişməz statusu yazıçı kimliyidir və bu, nə inzibati qərarlarla verilir, nə də həmin qərarlarla alınır. Yazı masası onun ən yüksək kürsüsüdür və bu kürsü ədəbi yaradıcılıqla müəyyən olunur. Bu kürsünü isə heç kim onun əlindən ala bilməz!

Anar Rzayevin Azərbaycan Yazıçılar Birliyində tutduğu rəhbər vəzifəyə gəldikdə isə, bu, ictimai xarakterli bir mövqedir. Belə qurumlarda uzunmüddətli rəhbərlik təcrübəsi təkcə AYB-yə xas deyil – müxtəlif sahələrdə fəaliyyət göstərən digər təşkilatlarda da oxşar hallar müşahidə olunur. Bununla belə, məhz AYB və xüsusilə Anar Rzayevin şəxsiyyəti ətrafında bu qədər diqqətin cəmlənməsi təsadüfi görünmür.

Görünən odur ki, burada müzakirə mövzusu təkcə bir vəzifə deyil, həm də həmin vəzifəyə məna və nüfuz qazandırmış bir şəxsiyyətin miqyasıdır. Çünki hər hansı kürsünü dəyərli edən, onu tutan fərdin intellektual və yaradıcı potensialıdır. Bu mənada, Anar Rzayevin adı ilə bağlı olan ictimai və ədəbi statusu sadəcə formal vəzifə ilə eyniləşdirmək doğru olmaz.

Nəticə etibarilə, ədəbi mühitdə sağlam polemika üçün emosional ittihamlar deyil, əsaslandırılmış arqumentlər və obyektiv yanaşma zəruridir. Əks halda, bu cür yazılar tənqid funksiyasını yerinə yetirmək əvəzinə, yalnız polemik gərginliyi artıran mətnlər kimi qalır.

Anar müəllimin bu vəzifədən getməli olduğu barədə səslənən fikirlər nə dərəcədə əsaslıdır? Ən çox irəli sürülən arqument onun yaşı ilə bağlıdır. Lakin bu yanaşma, məncə, olduqca səthi və birtərəflidir. Çünki 90 illik ömrün qazandırdığı bilik, təcrübə və həyat müşahidələri qısa zaman kəsiyində formalaşan keyfiyyətlər deyil. Belə bir intellektual və mənəvi kapitalı yenidən əldə etmək üçün bəzən onilliklər, hətta bir əsr lazım gəlir.

Anar Rzayev kimi şəxsiyyətlər nadir hallarda yetişir. Onların dəyəri yalnız tutduqları vəzifə ilə ölçülmür, əksinə, həmin vəzifələr çox zaman məhz belə şəxslərin varlığı ilə məna və nüfuz qazanır. Bu baxımdan, onun təcrübəsindən, zəkasından və ədəbi-estetik baxışlarından səmərəli istifadə etmək əvəzinə, onu yalnız yaş faktoru üzərindən qiymətləndirmək düzgün yanaşma sayıla bilməz.

Ümumiyyətlə, yaş meyarı intellektual fəaliyyət üçün həlledici göstərici deyil. Tarix göstərir ki, bəzən gənc yaşda olan fərdlərin təfəkkürü kifayət qədər yetkin olmur, əksinə, yaşlı nəsil nümayəndələri yüksək analitik düşüncə və mühakimə qabiliyyəti nümayiş etdirirlər. Bu mənada, fərdin bioloji yaşı ilə onun düşüncə çevikliyi arasında birbaşa və mütləq əlaqə qurmaq elmi və məntiqi baxımdan əsaslı deyil.

Anar müəllimin yaradıcılığına, ictimai fəaliyyətinə və intellektual səviyyəsinə nəzər saldıqda, onun düşüncə tərzində durğunluq və ya zəifləmə deyil, əksinə, ardıcıllıq və zənginlik müşahidə olunur. Bu isə onu göstərir ki, belə şəxsiyyətlərə münasibətdə emosional deyil, rasional və obyektiv mövqe sərgiləmək daha doğru olar.

Biz fəxr etməliyik ki, Anar Rzayev kimi böyük bir şəxsiyyətlə eyni dövrdə yaşayırıq. Onu şəxsən tanımaq, canlı görmək, fikirlərini birbaşa eşitmək imkanı nadir nəsillərə nəsib olan bir xoşbəxtlikdir. Necə ki, biz bu gün Nizaminin, Füzulinin, Cavidin, Sabirin dövrdaşlarına bir növ qibtə ilə yanaşırıq, gələcək nəsillərin də eyni hissləri bizim barəmizdə yaşayacağı istisna deyil. Onlar da arzulayacaqlar ki, kaş Anar kimi bir ədibin müasiri olaydılar.

Bu, zamanın bizə bəxş etdiyi xüsusi bir imkandır və onu dərk etmək, qiymətləndirmək hər birimizin mənəvi borcudur. Təəssüf ki, bəzən bu dəyəri yetərincə anlaya bilmirik və onun mahiyyətini gündəlik mübahisələrin kölgəsində itiririk.

Mən Anar müəllimi, sanki, coşğun dalğaların döyəclədiyi, lakin əyilməzliyini qoruyan qocaman bir dağa bənzədirəm. Bu məqamda Sabirin məşhur misraları yada düşür:

 

Bənzərəm bir qocaman dağə ki, dəryada durar,

Döysə də canımı minlərcə məlamət ləpəsi,

Zövrəqi-himmətim əvvəlki təmənnadə durar!

 

Bu bənzətmə yalnız poetik təsvir deyil, həm də möhkəm iradənin, sarsılmaz mövqenin və zamanın sınaqlarından keçmiş bir şəxsiyyətin simvolik ifadəsidir.

Anar müəllim sədaqətin, dostluğun və şəxsi ləyaqətin simvoludur. O, həmçinin kəsdiyi duz-çörəyin dəyərini bilmək nümunəsidir.

Həyatımın bir dövründə mən də Anar müəllimə qarşı haqsızlıq etmişəm. Lakin bunun qarşılığında ondan gördüyüm anlayış, hörmət və dəstək o qədər böyük idi ki, yanlışımı dərhal dərk etdim və daxilən xəcalət çəkdim.

Bu yazını yazmağımın əsas səbəbi də həmin yanlışımı bir qədər də olsa düzəltməkdir. Eyni zamanda, istəmirəm ki, başqaları da bu cür səhvlərə yol versin. Mən öz həyat təcrübəmdən doğan bu dərsləri paylaşır, sizi də hərəkətlərinizin nəticələrini düşünməyə çağırıram, çünki sonradan peşmanlıq çəkdiyinizdə bunun yükü çox ağır olur.

Anar müəllimə toxunmayın!

Ədəbiyyatı, insanlığı və vətəni sevən hər bir kəs kimi mənim də gözümdə Anar Rzayev toxunulmazdır.

Anar müəllim təkcə bir yazıçı deyil, o, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və ziyalılığın tarixinin, bütövlükdə 1500 illik Azərbaycan – VƏTƏN anlayışının canlı simvoludur. O, müasir Azərbaycanın Dədə Qorqudu sayılır. Dədə Qorqud dastanını Azərbaycana tanıdan, ona sahib çıxan və bu irsi müasir dövrə bağışlayan şəxsiyyət elə Anar müəllimdir. Onun filmləri, ssenariləri və yazıları ilə bu nəsihət yaşamaqda davam edir. Artıq o, yalnız yazıçı kimi deyil, müasir Azərbaycanın Dədə Qorqudu kimi yaddaşlarda yaşayır. Hətta bəzən Anarın öz sözləri səhvən Dədə Qorqudun adına verilir. Məsələn: “Torpağı qorumasan, onu əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz.”

Anar müəllimin 1975-ci ildə söylədiyi bu sözlər 15 il sonra öz uzaqgörənliyi ilə təsdiqləndi. Həqiqətən də biz torpağımızı qorumaqda gecikdik və bunun ağır nəticələrini 30 il boyunca yaşadıq. Əgər vaxtında Anarın müdrik nəsihətlərini dərk etmiş olsaydıq, bəlkə də Qarabağ faciəsi ilə üz-üzə qalmazdıq.

Tarixi nümunələrdən də görürük ki, Oğuz bəyləri Dədə Qorqudun sözlərinə qulaq asmayaraq bir-birlərini qırmışlar. Bizim acımız isə bundadır ki, ağsaqqal sözünün və nəsihətin əhəmiyyətini lazımı dərəcədə anlamamışıq.

Yazıda həmçinin iddia edilir ki, Anar müəllimin ətrafındakı insanlar onun vəzifədən getməsi ilə özlərinə başqa “sahib” axtaracaqlar və konkret olaraq müşavir Rauf Aslanovun adı çəkilir. Əvvəlcə onu deyim ki, Rauf Aslanov 15 il Milli Məclisdə Anarla birgə çalışıb və 20 ilə yaxındır ki, AYB-də fəaliyyət göstərir. Onları uzun illər boyu həm işgüzar, həm də mənəvi tellər birləşdirir. Hesab etmirəm ki, Rauf Aslanov Anarla yalnız vəzifə, hörmət və şöhrət məqsədilə birlikdədir. Xeyr. Mənim qənaətimə görə, Rauf Aslanov Anarın həm  əməkdaşı, həm də silahdaşıdır. O, şüurlu həyatının böyük bir hissəsini demək olar ki, Anara həsr edib.

Bu səbəbdən Rauf Aslanov bu gün AYB-də yalnız Anarın baş müşaviri deyil, haqqın, ədalətin və həqiqətin müşaviridir. O bütün fəaliyyətini tamamilə təmənnasız, vicdanının hökmünə görə həyata keçirir. Rauf Aslanova qarşı hər hansı bir cəbhə açmaq – vicdanı ayaq altına almaq deməkdir. Bu, nadanlığın və cəhalətin ən açıq nümunəsidir.

Üstəlik, bu iddiaları səsləndirən şəxs anonimdir – tanınmayan bir imza sahibidir, heç bir ziyalı, yazıçı və ya jurnalist kimi ictimai nüfuza malik deyil. Belə çıxışların elmi və ədəbi əsasdan məhrum olduğu aydındır.

Yazıda iddia edilir ki, Rauf Aslanov guya AYB-dən ev verilməsi üçün İlham Qəhrəman adlı şəxsdən 150 min manat pul istəyib. Əslində, illər öncə 150 min manata şəhərin mərkəzindən istənilən evi almaq olardı. Əlbəttə, əgər İlham Qəhrəmanda həmin pul olsaydı, Rauf Aslanova vermək yerinə, özünə ev alardı. Böhtan və iftira belə məntiqli olmalıdır, lakin bu iddianın da heç bir məntiqi yoxdur.

Hüquqi baxımdan da məsələ artıq həllini tapıb. Mülki işin gedişində keçirilmiş məhkəmə-linqvistik ekspertizasının nəticəsi göstərib ki, İlham Qəhrəmanovun yaydığı məlumatlar böhtan xarakteri daşıyır və həm Rauf Aslanova, həm də ümumiyyətlə ictimai rəyə mənfi təsir yaratmağa xidmət edir.

Bu rəy açıqlıqdan sonra məsələni yenidən gündəmə gətirmək qərəzli yanaşmadır və həm Rauf Aslanova, həm də İlham Qəhrəmanova qarşı haqsız bir təəssürat yaratmağa yönəlib. Bu tip çıxışlar, elmi və hüquqi əsasdan məhrum olaraq, yalnız böhtan və manipulyasiya xarakteri daşıyır.

Onların məqsədi yalnız Rauf Aslanovu sıradan çıxarmaq deyil. Əsl niyyətləri Azərbaycan sözünün, mənəviyyatının və ədəbiyyatının müqəddəs məbədi olan Yazıçılar Birliyini zəiflətmək, onu sarsıtmaqdır. Bu isə təkcə bir quruma qarşı deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına qarşı açıq bir təxribatdır.

Belə yanaşmalar, mədəni irsin qorunması və ədalət prinsipləri baxımından qəbuledilməzdir və yalnız cəmiyyətin mənəvi dayaqlarını hədəf alır.

Mən hesab edirəm ki, qondarma imza ilə yazılmış bu yazının arxasında məhz AYB-nin öz daxilindən uzanan barmaqlar dayanır, üstəlik, kənardan onunla həmrəy olan əllər də mövcuddur. Bu imza sadəcə saxta bir maskadır. Əgər məqalənin birgə müəlliflərinin kişiliyi olsaydı, öz adları ilə çıxış edərdilər.

Belə böhtan xarakterli çıxışlar, həm ədəbiyyatımıza, həm də Azərbaycan ziyalılığına yönəlmiş açıq hücumdur və qanun qarşısında cavabsız qalmamalıdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları bu cür təhqirləri, ədəbiyyat və mədəniyyət sahəsinə yönəlmiş təxribatları ciddi şəkildə araşdıracaq və qanun çərçivəsində layiqli qiymətini verəcəklər. Əks halda, bu, yalnız mədəni irsimizə və milli şüurumuza qarşı açıq təhdid olaraq qalacaq.

 

İradə AYTEL

Yazıya 80 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.