“Özbək həkim” və “Ulu babası” – Sənan Mustafayev

Sənan Mustafayev: ŞEYX NƏSRULLAH, KEFLİ İSKƏNDƏR VƏ ÖZBƏK HƏKİM

Bu yaxında paytaxt Bakı şəhərinə getmişdim. Bir müddət orada qalası oldum. Bu vaxtlar sosial şəbəkələrdə Özbəkistandan Bakı şəhərinə bir həkim gəlməsi və şəfa tapmaq üçün çoxlu sayda insanların onun qəbulu üçün növbə gözləmələri barədə məlumatlar yayılmış, hətta bəzi xəstələrin artıq özlərini yaxşı hiss etmələri təbliğ olunmuşdu. Dərindən fikirləşəndə bu özbək həkim pis adam deyilmiş. Belə ki, həkimin üz cizgiləri özbəyə oxşasa da xaraktercə azərbaycanlıya oxşaması onu başqa ölkəyə yox, məhz Azərbaycana çəkib gətirməyə vadar etmişdi. Bir neçə gün ərzində araşdırmamdan müəyyən etdim ki, bizim özbək həkim sən demə 117 il əvvəl el-obada cahilliyə, ədalətsizliyə, mövhumata qarşı çıxan, cəmiyyətinin sosial problemlərini üzə çıxardan, buna görə də əhali arasında onu nüfuzdan salmaq məqsədilə adına “kefli” ləqəbi qoyulan rəhmətlik İsgəndərin uzaq qohumu, lakin onu zərrə qədər də sevməyən Şeyx Nəsrullahın törəmələrindən imiş. Belə ki, Şeyx Nəsrullah 1909-cu ildə vətənə geri qayıtmazdan əvvəl bir neçə il Özbəkistanda yaşamış və həmin illərdə indi bizə xeyirxah əməlləri ilə təşrif buyuran özbək həkimin ulu nənəsi ilə bir müddət eşq yaşamışdı. Bax buna görə də damarında axan qan onu ata yurduna çəkmiş, ulu baba sevgisi həkimi daimi narahat etmiş, uzun illər millətimizə necə dayaq olmaq haqqında düşünmüş, həkimlik istedadından bəhrələnərək ənənəvi xəstəliyimiz olan və son vaxtları çox yayılmış oynaq, əzələ, bel, ayaq, baş və “sair” ağrılarından millətimizi xilas etmək üçün kömək əlini əsirgəməmişdir. Əl deyəndə ki, “şəfalı əllərini” şəfa tapmaq ümidi ilə müraciət edənlərin orasına-burasina çəkəndə, bəzilərinə isə şapalaq və təpik vuranda məqsədi ulu nənəsinin qisasını almaq yox, millətimizi bu bəlalardan xilas etmək olmuşdur. Hər halda Şeyx Nəsrullahın törəmələrindən olması bunu deməyə əsas verir. Onu da deyimki həkimin ulu babası, kefli İskəndərin uzaq qohumu Şeyx Nəsrullah da millətini sevən olmuş. Hətta ona qatı millətçi olub desəm, bəlkə də yanılmaram. Çünki bu adam 1909-cu ildə Özbəkistandan qayıdar-qayıtmaz yaşadığı obada doğum sayının kəskin azalmasını və bunun da ümumi sayımıza mənfi təsir edəcəyini düşünərək ölüləri diriltməyi özünə borc bilmişdi. Belə ki, seçdiyi ən böyük qəbirstanlıqda dəfn olunmuş mərhumların dirilib qəbirdən çıxmalarına bir-iki saat qalmış ölü sahiblərindən birisi qəflətən qardaşının dirilməsinin böyük fəlakətə səbəb olacağını düşünmüş, Şeyxin qulağına pıçıltı ilə qardaşı arvadının hazırda onun kəbinli arvadı olmasını və birgə kəbindən üç övlad sahibləri olduğunu bildirmişdir. Yanında duran Məşədi Kazım da ondan Şeyxə nə dediyini soruşanda bu yazıq sir saxlamağı dostuna xəyanət kimi dəyərləndirirək nə var hamısını söyləmişdi. Məşədi Kazım da eləmə tənbəllik əhvalatı Məsədi Qasıma çatdırmış, bunu eşidən Məşədi Qasımı sanki tok vurmuş, dünən axşam ülgüclə təlaş etdirdiyi başına var gücü ilə iki əlli qapaz ilisdirmisdir ki, ay belə filan bu gorbagor olmuş atam yarım saatdan sonra qəbirdən xortlayib çıxan kimi birinci anam Bilqeysi soruşacaq. Bəs mən ona necə izah edəcəm ki, sənin qırx mərasimini yola verdikdən dərhal sonra dolanışıq ucbatından anamı kəndimizin yuxarı başında yaşayan, vaxtı ilə səninlə dostluq münasibəti olmuş, dəfələrlə süfrəmizin başında oturmuş Məşədi Salmana ərə vermişəm. Bax beləcə söz-söhbət bir anda obaya yayılmış, ölü sahibləri səhv etdiklərini anlayaraq Şeyx Nəsrullaha yalvar yaxar etmiş, verdikləri nəmərləri geri istəməyəcəklərinə soz verərək ölüləri rahat buraxmasini istəmişlər. Şeyx də naəlac qalaraq hələ bu günün özündə belə elmə məlum olmayan yadplanetlilərin dili ilə nəsə bir “zad” oxuyaraq ölüləri yarı yoldan geri qaytarmışdı. O vaxtdan düz 117 il keçməsinə baxmayaraq özbək həkim Ulu babasına sadiq qalmış, uzaq yolu yaxın edərək bizlərə təşrif buyurmuşdu. Vəssalam.

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.