Qoca Xalidə də rəhm etməyən qoca dünya… – Fərqanə Səfərzadə

Ruhuna ehtiramla…

Bəzən insanın həyatı böyük tribunalarla deyil, sakit addımlarla, səmimi münasibətlərlə yadda qalır. Bu yaxınlarda dünyasını dəyişən Qoca Xalid də belə insanlardan idi. Onun yoxluğu yalnız ədəbiyyat mühitində deyil, onu tanıyanların qəlbində də dərin bir boşluq yaratdı.
Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirməsi onun ədəbi dünyagörüşünün genişliyindən xəbər verirdi. Gözəl şair və çox səmimiyyət dolu bir insan idi.
Rus dilindən çevirdiyi şairlərin şeirləri Azərbaycan oxucusuna yeni nəfəs, yeni ovqat gətirirdi. O, tərcüməyə sadəcə sözlərin köçürülməsi kimi yox, ruhun ötürülməsi kimi yanaşırdı. Rus poeziyasının incə çalarlarını ana dilimizin ahəngi ilə birləşdirə bilirdi.
Amma Qoca Xalid təkcə tərcüməçi deyildi. O, həm də öz şeirlərinin havasını Şəkinin Kiçik Dəhnə kəndindən Bakıya gətirən şair idi. Onun misralarında kənd nəfəsi, dağların sükutu, torpaq qoxusu duyulurdu. Paytaxt mühitində belə o sadəliyini, təbiiliyini qoruyub saxlayırdı.
Yay aylarında Azərbaycan Yazıçılar Birliyinə tez-tez gələr, tərcümə etdiyi şeirləri kompüterdə çap edib nəşrə hazırlayardı. Bu zəhmətkeşlik, bu ardıcıllıq onun sənətə olan məsuliyyətindən doğurdu. O, ədəbiyyata xidmət etməyi həyat amalına çevirmişdi.
Mənim AYB üzvlüyünə qəbul olunmağımda onun rolu isə – Qoca Xalidin insanlıq keyfiyyətlərinin ən gözəl göstəricisidir. Xasiyyətnamə yazan üç nəfərdən birincisi olmaq — bu, həm etimad, həm də dayaq olmaq deməkdir. O, gənc qələm adamlarına yol açan, onlara inanan, arxa duran ustad idi.
Belə insanlar dünyadan köçsələr də, xatirələrdə, yazılarda, yetişdirdikləri qələm sahiblərində yaşamağa davam edirlər. Ruhun şad olsun, ustad. Sözə və insana dəyər verən ömrün heç vaxt unudulmayacaq.

Hər gün dilə tutdum neçə palıdı, –
Gah cavan, gah da ki qoca palıdı.
Ağac da saymadı Qoca Xalidi;
Soyuq qarşıladı bu şəhər məni.

Arzuyla, ümidlə girib qol-qola,
Baxmayıb yağışa, qara, gedirəm.
…Mən çoxdan çıxmışam getdiyim yola! –
Di, gəl ki bilmirəm, – hara gedirəm.

Ruhun sad olsun, USTAD.

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.