Çingiz Abbasov Köhnə Kişilərdəndi və mənim Köhnə Dostumdu. Onun beşiyi Tovuzun Qandallarında yırğalanıb. Qandallar dağ yeridi, havası safdı, adamları da safdı. Çingizin kəndə apardığı qonaqların sayını yəqin ki, heç özü də bilməz. Hardan bilsin? Birdimi, beşdimi? Çingiz Abbasov Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavinidi. Əslində cəmiyyətdə ən çox o aktivdi, o böyükcəlik edir. Heç keçirdiyi tədbirlərin də sayını bilməz. Hardan bilsin? Birdimi, beşdimi? O, saz-söz adamlarının yaxın dostudu. Mikayıl Azaflının yubiley medalını təsis elədi, ərsəyə gətirdi, yubiley törəninə yiyə durdu. Məmməd İsmayılın Əsrikdə gömüldüyü yolqırağı təpəni Xiyabana döndərib. Musa Ələkbərlinin son köçünü uğurladı. Dəfələrlə Qazağa gedib qazaxlı söz adamlarını da ziyarət edib. Daşdəmir Musazadə, Ramiz Hümbət ortaq dostlarımız, tostluğumuzun tarixləriydilər. Çingizə deyəcəyimiz sözlər, gördüyü işlərinin təsnifatı bir təbrikə sığan deyil. Deməklə bitməz. Sonda onu deyim ki, dostum yenə eşqlə öz xeyrxahlıq missiyasını davam etdirir. İctimai-siyasi fəaliyyətini urvatla yerinə yetirir. Yaxşılığından əl çəkmir, əl çəkə bilmir. Ona görə biz də eşqlə deyirik ki, ömrün uzun və sağlam olsun, əziz dost. Ki, təkcə özünə, ailənə deyil həm də el-obaya, dost-tanışa, saza-sözə gərəksən, arxa-dayaqsan. Usanmayasan, yorulmayasan! Doğulduğun bu günə salam olsun!
Yazıya 9 dəfə baxılıb








