27 fevral 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib (“Elm və təhsil” nəşriyyatı. Elmi redaktoru Kamal Camalov, redaktoru Nisə Rzayeva).
Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri, eləcə də müəllifin ailə üzvləri və doğmaları iştirak ediblər.
Təqdimat mərasimini AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir aparıb. O, çıxışında qeyd edib ki, Azərbaycan ədəbiyyatında ana mövzusu həmişə xüsusi yer tutub və xalqın mənəvi dünyasının ən dərin qatlarını əks etdirən əsas bədii motivlərdən biridir. Nicat Ərtürkün “Ana həsrəti” kitabı da bu ənənənin davamı kimi diqqəti cəlb edir.
Əsəd Cahangir bildirib ki, kitabda insan varlığının mənası, həyatın faniliyi, ana məhəbbətinin ucalığı və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Müəllifin şeirlərindəki səmimi duyğular və sadə ifadə tərzi oxucunu düşündürür və onu mənəvi dəyərlər üzərində yenidən düşünməyə sövq edir.
O həmçinin Nicat Ərtürkün həyat və yaradıcılıq yoluna toxunaraq bildirib ki, müəllif Naxçıvanda doğulub, orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Regionlararası Akademiyanın iqtisad fakültəsində ali təhsilə yiyələnib və ixtisasca iqtisadçıdır. Buna baxmayaraq, o, ədəbiyyata böyük maraq göstərərək poeziya sahəsində də öz sözünü deməyi bacarıb. “Ana həsrəti” onun üçüncü kitabıdır.
Tədbirdə professor Əlizaman Rəsulov, filologiya üzrə fəlsəfə doktoru Fariz Qasımbəyli, şairlər Kəmaləddin Qədim, Murad Qoçoğlu, Manya Səxavətqızı, kitabın ön söz müəlliflərindən biri Nisə Rafiqqızı, hüquqşünas Malik Cəfərov, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Sədərək Xeyriyyə Cəmiyyətinin sədr müavini Ramiz Haqverdi, müəllifin müəllimləri İsmayıl İsmayılov və Rafiq Rəhimov, jurnalist Çingiz Qurbanoğlu, müəllifin dostu Əbülfəz Kərimov, müəllifin atası Ərrəhman Qasımov, Müharibə Veteranı Qadınların Sosial Yardım İctimai Birliyinin Sabunçu təşkilatının sədri Elmira Məmmədova və başqaları çıxış edərək Nicat Ərtürkün yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar şairin əsərlərində vətən sevgisi, valideyn məhəbbəti və milli-mənəvi dəyərlərin əks olunmasını vurğulayıb, şeirlərindən parçalar səsləndiriblər.
Nicat Ərtürk tədbir iştirakçılarına göstərilən diqqətə görə təşəkkürünü bildirib, oxuculara imzalı kitablarını hədiyyə edib. Tədbirin sonunda xatirə fotoları çəkdirilib.
Yazıya 145 dəfə baxılıb













