Vüsal HİCRAN – GÜZGÜDƏ YOXA ÇIXAN ADAMLAR (hekayə)

Hər gün yuxudan qalxan kimi hamıdan öncə mənə baxan, zərif çiyinlərinə, dolu əndamına, kövrək təbəssümlərinə tamaşa etməkdən zövq alan xanım əlinə keçən ütünü hikkə ilə üzümə çırpdı, qəfildən yüz yerə, min yerə bölünüb çilikləndim, parça-parça olub dolabın üstünə, pəncərənin qabağına, çarpayının altına səpildim, ovxam-ovxam olub qapının ağzına qədər yayıldım, döşəmənin hər yerinə bir zərrəm düşdü. Bir parçam da onun alnına dəyib sifətini qana boyadı. Səsimi evdəkilərin hamısı eşitdi, cingiltimə o biri otaqdakılar qaça-qaça gəldilər. Məni qıran əlləri kəsə bilməsəm də, qisasımı almışdım. Heç kim məni yığmadı. Sonra bildim ki, evin sahibləri bu evdən köçüb gedirlər və məni möhkəm-möhkəm yapışdırdıqları divardan qoparmağın çətin olduğunu bildikləri üçün belə etmişdilər.

Divarda əl boyda bir parçadan ibarət güzgü olaraq qaldım. Bir daha mənim üzümə baxan olmadı, daha doğrusu, məndə özünə baxan olmadı.

Beş gün keçdi…

Kəndin başı üstündən keçən raket uğultusu, silah səslərinə diksindim, amma yapışdığım divardan qopmadım, sanki müharibə gedirdi, evin damından içəri düşən mərmi ortalığı cəhənnəmə çevirdi, yanğın düşdü, tüstü, toz-torpaq çökdü üzümə, saqqallı bir məxluq əlində silah qapını təpiklə vurub içəri girdi və əvvəllər mənə baxan adamların danışmadığı dildə nəsə dedi… bəlkə də, söydü. Evdəki bütün sınmamış bahalı əşyaları apardılar, qapını, pəncərəni belə sökdülər, mən isə. Mən indi heç kimə gərək deyiləm, yaxşı ki, məni qırıbdır, yoxsa bu saqqallı, iyrənc sifətli silahlı adam məni də aparardı, görünür, gərəksizlik də bəzən nəyisə xilas edə bilir. Söküb apardığı qiymətli əşyalardan gözü doymadı, qapıdan çölə çıxıb əlində bir daş parçası qayıtdı, mənə tərəf gəldi, daşı yuxarı qaldırıb dayandı, sonra birdən-birə nə düşündüsə, daşı döşəmənin üstünə atdı, bəlkə də daha betər qisas almaq istəyirdi, sol əlinin tütün sarısı kəsmiş iki barmağı ilə əlindəki siqareti mənim üzümə basıb söndürdü, o yana bu yana sürüşdürüb külünü, tüstüsünü hər tərəfimə boyadı.
Evin tirlərdən düzəlmiş dam örtüyü kömür olub ortadan iki yerə bölünənə qədər yandı, sanki səma dəlik-dəlik olmuşdu, qırıq-sökük yerdən yalnız sahibsiz ağaclar və sahibi olan göylər görünürdü.
Axşam bir şıdırğı yağış yağdı, üzümdəki tozu, hisi, torpağı yuyub apardı, sabah yenə Günəş doğdu və günorta evin üstündən keçəndə parıldadığımı hiss elədim, günün şüası divarın arxasından zirvələrə boy verən palıdın budaqları arasından yol tapıb evin aşsüzənə bənzəyən damına, ordan da bir dəlikdən süzüb üstümə düşdü. Günəş uçuq divarın başından Qərbə tərəf bir qarış keçəndə o şəfəqlər həmişə mənim üzümə düşürdü, mənim üzümə düşən şüa əks olunub pəncərədən görünən bir az aralıda köhnə maşın
güzgüsünü parıldadırdı. Uzaqdan baxanda elə bilərdin ki, kimsə qapıda-bacada ocaq qalayıb. Demək, hələ varam. Kimisə xilas edə bilərəm. Məsələn, adada tək qalan bir üzgüçü mənim üzərimə düşən şüanın köməyi ilə özünü xilas edə bilər.
Beləcə, bir il keçdi, dağın ətəyində, meşənin ortasında tikilmiş evin içində yaddan çıxıb qaldım, qışda qar bağladı, yazda yağış yudu
üzümü.
Üzümdə bir yekə qara hörümçək tor qurmuşdu, onun altından dünyaya baxanda hər yer yarlmdairəvi şəkildə hissələrə bölünürdü, sonra külək divardan qopardığı suvağı hörümçəyin toru qarışıq üzümdən siyirib aşağı saldı.
Bir gün mən tərəfdən divarın başında yuva quran quş dimdiyində balalarını da gətirdi, onun dimdiyindən düşən palıd qozası parçalanmış döşəmənin arasından münbit torpağa düşdü, bir ildən sonra mənim aşağı tərəfimdən özünə baxa-baxa böyüyəcək palıd şivini görəndə sevindim. O mənə baxa-baxa divarın başına, ordan da ucalara gedəcəkdi, ancaq budaq mənim düz ayağımda haçalandı, mənə baxmadan hər ikisi uzanıb divarlara söykəndi, ordan da yuxarı qalxdı.
İllərin soyuq üzünü görə-görə gözlərimin kökü saraldı, bozarmış, xal-xal olmuş rəngimlə, qurumuş, ovxalanmış divarla, bu qaranlıq dünyamda daha neçə illər kimsəsizliyə baxdım. Heç nəyin sağ qalmadığı evdə müharibə mənə baxıb güzgülənirdi. Sanki adamlar məndə yoxa çıxmışdılar. Hərdən ilk dəfə bu evə necə gəldiyimi, məni baha qiymətə alıb sevə-sevə, əldən-ələ ötürə-ötürə, ehtiyatla bu evə gətirən təzə ailə qurmuş bəyi və gəlini xatırladım.
Hara getdi bunlar? Bəs niyə qayıtmadılar?
Hər parçam bir tərəfdə, neçə illər biri-birimizə uzun-uzadı həsrətlə baxa-baxa qaldıq.
On il, iyirmi il, otuz il..
Nəhayət…
Bir gün kimsə və kimlərsə ağlaya-ağlaya uçmuş, dağılmış evə ağı deyə-deyə qapıdan içəri boylandılar, hamısı evin içində bitən ağacdan, buralardan ötrü necə darıxdıqlarından danışırdılar, birdən onlardan biri özünü içəri atdı, evin ortasında diz üstə çöküb hönkür-hönkür ağladı, atasını, anasını, qaçqınlıq illərində itirdiyi başqa doğmalarını xatırladı.
Əllərini divarda gəzdirə-gəzdirə mənə tərəf gəldi, birdən o çöhrə… Otuz il qabaq məni sındıran o çöhrəni tanıdım. Alnındakı çapıqdan-məni qıranı mənim qırdığım yerdən tanıdım. O. Bəli, evin sahibəsi! Tanrım, bu necə dəyişib, üzündəki, alnındakı qırışlara bax, təkcə qabaq dişləri qalmış ağsaçlı bir qadın dayanmışdı qabağımda. Düşmənlərə qarğaya-qarğaya yanındakılara məni necə sındırıb getdiyindən danışırdı. Tez-tez yanaqlarından süzülən yaşı qoluna silir, təsəlli tapa bilmirdi. Əllərini mənim üzümdə gəzdirdi. Alnını mənə söykəyəndə, alnındakı həmin o çapıq yeri lap mənim ovxalanmış tərəfimdə gəzdirəndə üzünün qırışları tilişkələrimə toxundu. Göz yaşından bir damla mənim üzümü yandıra-yandıra aşağı süzülüb sınmış hissələrimin arasına hopdu. İndiyə kimin neçə ilin payız yağışları üzümü isladıb, bəzən elə bilirdim ki, üzümdən sel gedir, amma heç bir yağış damlası insanın göz yaşı kimi isti izlər buraxa bilməz.
Addım səsləri getdikcə uzaqlaşdı. Günəş isə yenə əvvəl tapdığı o boşluqdan əlini uzadıb yarpaqları araladı, şəfəqlərini üzümə saldı…
Birdən hımin addım səsləri yenidən eşidildi, həmin qadın-bütün gücü ilə məni xilas etməyə gələn, məni yox, bəlkə də, yaxasını qəlbini saran məşəqqətli suallardan almağa gələn qadın! Bütün gücü ilə məni çəkib divardan qopardı. Həsrət dolu və şəfqətli baxışlarla məni süzdü. Sağ kənarımda yuxarıdan aşağıya doğru iri qırmızı hərflərlə yazılmış XOŞBƏXT sözünü dodaqları titrəyə-titrəyə hecaladı, amma sağ kənarımda OLUN sözünün silindiyini görəndə doluxsundu, içini çəkə-çəkə otuz il əvvələ qayıtdı:
Onun xəyalında
bütün zərrələrim özümə döndü, parçalarım yerinə gəldi, beş ay qabaq evlənmiş xoşbəxt gənclər bir neçə saplaq dağ çiyələyi, bir dəstə aralgülü, bir də gülüş, sevgi ümid dolu xoşbəxtliklə evə gəldilər. Gənc xanım yenə də mənim önümdə dayandı, adəti üzrə baharın bənövşə qoxulu xəfif küləkləri kimi təmiz nəfəsi ilə xəfifcə üfürüb üzümü buxarlandırdı, sonra da üzük barmağı ilə mənim üzümdə öz adının və ürəyinin sahibinin-həmişə onu belə çağırırdı- baş hərflərini yazıb, ortasında üstəgəl işarəsi çəkdi.
Ürəyinin sahibi də onun boynunu qucaqlayıb saçlarının ətrini içinə çəkdi… Sonra da o bəxtəvər və xoşbəxt
illərdən qayıdıb uçuq komanın qabağında dayandığını bir daha hiss etdi. Bu yaşlı və mərhəmətli qadın bütün var gücü ilə dərindən nəfəs aldı və bütün gücü ilə nəfəsini üzümə yaydı. Sağ kənarımda qalın cod barmağı ilə yuxarıdan aşağıya doğru əyri-üyrü hərflərlə bir söz yazdı:OLUN!

Yazıya 65 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.